İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbin mina susqunluğu – Gözləyirlər ki, qurbanlar 500-ə çatsın?

2020-ci il Vətən müharibəsindən bəri Ermənistanın əraziləri mina ilə çirkləndirməsi nəticəsində 433 nəfər mina qurbanı olub. Bu barədə Xarici İşlər Nazirliyinin “X” səhifəsində bildirilib. Son hadisədə daha iki Azərbaycan vətəndaşının minaya düşərək ağır xəsarət aldığını diqqətə çəkən XİN beynəlxalq ictimaiyyəti Azərbaycana minalardan təmizləmə işlərinə daha güclü dəstək verməyə çağırıb.

“Bu faciə minaların insan həyatı üçün yaratdığı davamlı təhlükəni və günahsız insanların hər gün üzləşdiyi riskləri bir daha nümayiş etdirir. Minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün beynəlxalq ictimaiyyətin daha güclü dəstəyinə təcili ehtiyac var. Minalardan azad gələcək dayanıqlı sülhün, inkişafın və insan təhlükəsizliyinin əsas şərtlərindən biridir”, - XİN-in məlumatında deyilir.

Qeyd edək ki, avqustun 3-də Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb. Görəsən beynəlxalq ictimaiyyət bu çağırışlara niyə biganədir? Gecə-gündüz "artsax", ermənilərinin qayıdışı” deyib yaxasını cıran Qərb təşkilatları, qətnamələr qəbul edən təsisatlar bu terrora niyə susur? Mina xəritələri problemini necə həll edə bilərik?

Polkovnik Rövşən Məhərrəmov: “Vəziyyət durmadan gərginləşməyə doğru gedir”

Hərbi ekspert Rövşən Məhərrəmov Musavta.com-a deyib ki, Ermənistanın Azərbaycan ərazilərində basdırdığı minalar artıq müharibənin bitməsinə baxmayaraq davam edən təhlükənin ən ağır elementidir: “Burada söhbət təkcə hərbi problemdən deyil, humanitar, hüquqi və siyasi məsuliyyətdən gedir. 2020-ci ildən bəri 433 nəfərin mina qurbanına çevrilməsi göstərir ki, müharibə faktiki olaraq insanlar üçün hələ də başa çatmayıb. Beynəlxalq təşkilatların bu məsələyə münasibətində açıq “ikili standart” müşahidə olunur. Qərb institutları uzun illər Qarabağ mövzusunda insan hüquqları, humanitar vəziyyət və təhlükəsizlik barədə ardıcıl bəyanatlar verirdilər. Lakin bu gün hər gün insanların həyatına son qoyan minalarla bağlı eyni həssaslığı nümayiş etdirmirlər. Halbuki mina siyasi baxış seçmir, hərbçi ilə mülki şəxsi ayırmır, uşaq, qadın, yaşlı demədən qarşısına çıxan hər kəs üçün ölüm təhlükəsi yaradır”.

Hərbi ekspert deyib ki, mina problemi artıq Azərbaycanın daxili məsələsi deyil: “Bu, beynəlxalq humanitar hüququn predmetidir. Əgər beynəlxalq ictimaiyyət doğrudan da regionda davamlı sülh istəyirsə, ilk növbədə insanların təhlükəsiz yaşayış hüququnun təmin edilməsinə töhfə verməlidir. Məcburi köçkünlərin öz yurdlarına qayıdışından danışılırsa, həmin ərazilərin mina təhlükəsindən tam təmizlənməsi əsas şərtdir.

Əsas problemlərdən biri Ermənistanın təqdim etdiyi mina xəritələrinin etibarsız olmasıdır. İndiyədək Azərbaycana verilmiş xəritələrin dəqiqlik səviyyəsinin çox aşağı olduğu dəfələrlə sübuta yetirilib. Bu isə minatəmizləmə əməliyyatlarını həm uzadır, həm də istehkamçıların həyatını riskə atır. Yanlış koordinatlar yeni partlayışlar və əlavə insan itkiləri deməkdir”.

Hərbi ekspert hesab edir ki, mina xəritələrinin tam şəkildə təqdim edilməsi yalnız texniki yox, həm də siyasi iradə məsələsidir: “Ermənistan beynəlxalq vasitəçilərin, xüsusilə də bu ölkəyə təsir imkanları olan dövlətlərin təzyiqi altında bütün arxiv materiallarını təqdim etməlidir. Əgər doğrudan da regionda etimad mühiti yaradılması hədəflənirsə, bu addım qaçılmazdır”.

Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə diplomatik fəaliyyəti daha da genişləndirilməlidir: “Hər mina partlayışı beynəlxalq təşkilatların gündəliyinə çıxarılmalı, BMT, ATƏT, Avropa İttifaqı və digər platformalarda məsələ davamlı şəkildə qaldırılmalıdır. Təkcə statistik rəqəmlər deyil, hər bir qurbanın taleyi beynəlxalq auditoriyaya çatdırılmalıdır. Çünki mina problemi yalnız rəqəmlərdən ibarət deyil, dağılan ailələr, yarımçıq qalan həyat hekayələri deməkdir”.

Hərbi ekspert vurğulayıb ki, beynəlxalq maliyyə dəstəyi də mövcud ehtiyaclarla müqayisədə kifayət deyil: “Azərbaycan öz resursları hesabına genişmiqyaslı minatəmizləmə əməliyyatları aparır. Lakin yüz minlərlə hektar ərazinin qısa müddətdə təmizlənməsi üçün daha müasir texnologiyalar, xüsusi texnika, pilotsuz sistemlər və əlavə maliyyə lazımdır. Bu isə beynəlxalq donorların daha fəal iştirakını tələb edir. Qərbin bəzi dairələrinin Ermənistanın humanitar problemlərini ön plana çıxarıb mina terroruna lazımi diqqət ayırmaması regionda etimadın formalaşmasına da mənfi təsir göstərir. Humanitar məsələlərə yanaşmada selektivlik yolverilməzdir. Əgər insan həyatı universal dəyər hesab edilirsə, Ağdərədə, Füzulidə, Ağdamda və ya Kəlbəcərdə minaya düşən Azərbaycan vətəndaşının həyatı da eyni həssaslıqla qiymətləndirilməlidir”.

Hərbi ekspert mina xəritələri probleminin həlli üçün 3 əsas istiqaməti vacib sayır:

“Ermənistan üzərində beynəlxalq siyasi təzyiqin artırılması, xəritələrin tam və dəqiq şəkildə təqdim edilməsinə nail olunması və Azərbaycanın minatəmizləmə imkanlarının beynəlxalq maliyyə və texnoloji dəstəklə gücləndirilməsi. Əks halda, hər yeni mina partlayışı bölgədə sülhün nə qədər kövrək olduğunu bir daha xatırladacaq. Mina təhlükəsi aradan qalxmadan Qarabağın tam bərpasından, insanların təhlükəsiz qayıdışından və uzunmüddətli sülhdən danışmaq çətindir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin susqunluğu təkcə siyasi passivlik deyil, həm də humanitar məsuliyyətin bölüşdürülməməsi kimi qiymətləndirilməlidir. 433 qurbanın olduğu şəraitdə səssiz qalmaq, faktiki olaraq, yeni faciələrin baş verməsini gözləmək anlamına gəlir”.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR