İnsanlara hürriyət, millətlərə istiqlal!

Valideyn büdcəsinə yeni yük - Məktəb xərcləri artdı

Yeni tədris ilinin başlamasına az vaxt qaldıqca valideynləri uşaqların məktəbə hazırlığı üçün tələb olunan xərclər düşündürür. Dəftər, qələm, çanta və məktəbli formasından tutmuş ayaqqabı, idman geyimi və digər ləvazimatlara qədər alış-veriş siyahısı kifayət qədər genişdir. Bir neçə məktəbli uşağı olan ailələr üçün isə bu xərclər ailə büdcəsində daha ciddi pay tutur.

Bu fikirləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) KONKRET.az-a açıqlamasında səsləndirib.

Ekspert bildirib ki, məktəbə hazırlıq zamanı ən böyük xərclər əsasən geyim və ayaqqabı ilə bağlı olur:

“Məktəbli forması, bir neçə köynək, şalvar və ya ətək, jaket, gündəlik və idman ayaqqabısının alınması birlikdə əhəmiyyətli məbləğ təşkil edə bilər. Uşaqlar böyüdükcə geyim və ayaqqabıların ölçüsünü yeniləmək lazım gəldiyindən bu xərclər, demək olar ki, hər il təkrarlanır”.

R.Abdullayeva qeyd edib ki, məktəb çantası da valideynlərin büdcəsində nəzərəçarpan yer tutur. Onun sözlərinə görə, çanta seçərkən yalnız görünüşə deyil, məhsulun keyfiyyətinə, uşağın belinə uyğunluğuna və davamlılığına diqqət yetirmək vacibdir:

“Ucuz çanta ilk baxışda daha sərfəli seçim kimi görünsə də, keyfiyyətsiz məhsulun qısa müddətdə sıradan çıxması əlavə xərc yarada bilər”.

Ekspertin sözlərinə görə, digər mühüm xərc qrupu dəftərxana ləvazimatlarıdır. Dəftər, qələm, karandaş, pozan, xətkeş, rəngli qələmlər, flomasterlər, plastilin, albom və digər məktəb ləvazimatlarının hər biri ayrıca böyük xərc yaratmasa da, onların ümumi məbləği ailə büdcəsinə ciddi təsir göstərə bilər. Xüsusilə ibtidai sinif şagirdləri üçün tələb olunan ləvazimatların sayı daha çox olur.

Bundan başqa, bəzi ailələr üçün əlavə dərs vəsaitləri, iş dəftərləri və digər hazırlıq materiallarının alınması da məktəb xərclərinə əlavə yük gətirir. Bu xərclərin həcmi uşağın oxuduğu sinifdən və məktəbin tələblərindən asılı olaraq dəyişir.

Ekspert bildirib ki, bir uşağın məktəbə hazırlığı üçün təqribən 200-250 manat vəsait tələb olunur. Onun sözlərinə görə, ailənin seçimindən və alınan məhsulların keyfiyyətindən asılı olaraq bu məbləğ 500 manata qədər yüksələ bilər.

“200-250 manatlıq xərc 400 manatlıq minimum əməkhaqqının 50-62,5 faizinə, 2026-cı ilin yanvar-may aylarında 1 175 manat təşkil edən orta aylıq nominal əməkhaqqının isə təxminən 17-21 faizinə bərabərdir.

Bir ailədə iki və ya daha çox məktəbli olduqda məktəbə hazırlıq xərcləri ailə büdcəsinə daha ciddi maliyyə yükü yaradır. Bu səbəbdən alış-verişin son günlərə saxlanılmaması və xərclərin əvvəlcədən planlaşdırılması daha məqsədəuyğundur”.

R.Abdullayeva qeyd edib ki, zəruri və ikinci dərəcəli xərcləri əvvəlcədən müəyyənləşdirmək, qiymətləri müqayisə etmək və mövcud büdcəyə uyğun alış-veriş etmək ailələrin maliyyə yükünü müəyyən qədər azaltmağa imkan verə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR