Onlayn ictimai-siyasi qəzet
“Zelenski və komandasının hazırladığı 20 maddəlik sülh təklifinin Rusiya tərəfindən qəbul olunması mümkün deyil. Ona görə ki, bu layihədə Putinin məlum müharibəni başladarkən irəli sürdüyü tələblərin heç biri yer almayıb”.
Bu sözləri Musavat.com-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz bildirib.
Siyasi şərhçi qeyd edib ki, Putinin həmin tələblərinin heç biri müstəqil və suveren dövlətlər üçün qətiyyən qəbul ediləcək tərzdə deyildi:
“Xatırladım ki, 2021-ci ilin dekabr ayında Putin geniş mətbuat konfransı keçirərək öz şərtlərini sadalamışdı. Şərtlərdən ən önəmliləri bunlar idi:
1) NATO dövlətləri Rusiyaya yaxın ərazilərdə yayılma siyasətini dayandırmalıdır. Ukrayna savaşı başlayandan sonra NATO nəinki bu tələbi yerinə yetirmədi, əksinə, Finlandiya və İsveç kimi kritik ölkələri də öz tərkibinə aldı.
2) Denazifikasiya siyasəti: Rusiyanın iddialarına görə, Ukraynada hazırda faziştlər hakimiyyətdədirlər və onlar dərhal hakimiyyətdən uzaqlaşdırılmalı, postları “rusqafalı” məmurlara ötürülməlidir. Yəqin razılaşarsınız ki, sülh təklifində bu tələb də öz əksini tapmayıb.
3) Demilitarizasiya siyasəti: Putinin bir başqa tələbi Ukrayna ordusununun böyük hissəsi buraxılmalı idi. Sənəddə isə Ukrayna ordusunun sayı 800 minlə məhdudlaşdırılır. Halbuki, müharibə başlayanda bu say 240 min civarında idi. Başqa sözlə, Ukrayna nəinki öz hərbi qüvvələrini ixtisara salır, əksinə hardasa 4 dəfə artırır. Bundan əlavə, o, NATO standartlarına uyğun silahlanır və bir sıra hərbi zavodlar açaraq ən müasir silahların istehsalına başlayıb. Ukrayna bu xüsusiyyəti ilə NATO-nun əksər üzvlərindən daha güclü hala gəlib. NATO-ya qəbul iddialarından vaz keçməlidir. Sənəddə bildirilir ki, Ukraynaya NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər ABŞ, NATO və Avropanın təhlükəsizlik zəmanətləri verilir. Bu isə təbii ki, NATO üzvlüyünə qəbul deməkdir.
4) Putinin tələbləri arasında rus dilinə xüsusi imtiyazın verilməsi də nəzərdə tutulurdu. Sənəddə ilk baxışdan bu tələbin yerinə yetirildiyi təəssüratı yaranır, “müxtəlif mədəniyyətlərin anlaşmasını və tolerantlığını təşviq edən, irqçilik və qərəzliyi aradan qaldıran” təhsil proqramlarını həyata keçirməyi öhdəliyindən danışılır. Amma bu hüququn konkret olaraq rus dilinə verilməsi göstərilmir. Hazırda Ukraynada müxtəlif mədəniyyətlərə bənzər hüquqların verildiyini nəzərə alsaq, sülh təklifinə bu maddənin salınması o qədər də böyük məna daşımır.
5) Sənəddə həmçini “Zaporojye Atom Elektrik Stansiyasının statusu ilə bağlı maddə də var. Maddədə bildirilir ki, bu AES Ukrayna ilə Rusiyanın ortaq istismarına veriləcək və ABŞ da buna nəzarət edəcək. Açığı, maddənin bu şəkildə tərtibatının Rusiyanı qane edəcəyini düşünmürəm.
6) Sənəddə hər iki tərəfin sülh sazişinin şərtlərinə əməl edib-etməməsinə ABŞ prezidenti Donald Trampın sədrliyi ilə qurulan Sülh Şurasının nəzarət edəcəyi vurğulanır. Bu isə Rusiyanın “arxa bağçası” hesab etdiyi ərazilərdə ABŞ-ın dominantlığı deməkdir və Putinin bununla razılaşması mümkün deyil.
7) Sülh təklifində Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrində mövcud təmas xətti boyunca sərhədin fiksasiyası nəzərdə tutulur. Çox güman ki, Moskva bunu da müzakirə etməyəcək, çünki onun fikrincə, həmin vilayətlərdə 2022-ci ildə referendum keçirilib və “xalq” Rusiyaya birləşməyə səs verib. “Xalqın qərarının” müzakirəyə çıxarılması qanunən də doğru deyil”.
Heydər Oğuzun fikrincə, Putinin müharibədən əvvəl səsləndirdiyi və Ukraynaya hücumun rəsmi tezisi olan bu müddəaların yer almaması istər-istəməz Moskvanın sözügedən sülh təklifi ilə razılaşmasının qarşısını alır:
“Hesab edirəm ki, Zelenskinin və Avropa müttəfiqlərinin bu sülh təklifi Rusiya tərəfindən qəbul olunmaması üçün hazırlanıb. Ukraynanın bu məsələdə mövqeyi aydındır. Həqiqətən də ondan öz milli və dövlətçilik maraqlarından imtina etməsini gözləmək olmazdı. Putinin irəli sürdüyü bu ultimatumu istənilən özünə hörmət edən dövlət geri çevirərdi. Avropanın dərdi isə başqadır. Qərb ölkələri Ukrayna savaşı ilə Rusiyanı bitirmək istəyirlər. Nə yazıq ki, Putinin maksimalist mövqeyi və inadcıllığı NATO dövlətlərinin də işinə yarıyır. Məhz bu səbəbdən də mən sülh danışıqlarının hansısa nəticə verəcəyinə inanmıram. Müharibə Rusiya tükənənə qədər davam edəcək. Bir gün Ukrayna tükənsə belə, Qərb dövlətləri öz aralarından birini tapıb onun qarşısına çıxaracaqlar”.
Xatırladaq ki, Prezident Volodimir Zelenski Ukrayna müharibəsinin dayandırılması və müharibədən sonrakı dövr üçün 20 bəndlik sülh planı təqdim edib. Plan Ukraynanın suverenliyinin tanınması, tam atəşkəs, Rusiya ilə qarşılıqlı hücum etməmək öhdəliyi və təmas xəttinə beynəlxalq nəzarəti nəzərdə tutur.
Sənəddə ABŞ, NATO və Avropanın Ukraynaya güclü təhlükəsizlik zəmanətləri verməsi əsas yer tutur. Ukrayna sülh dövründə də böyük ordu saxlayacaq, nüvəsiz statusunu qoruyacaq və Aİ-yə üzvlük perspektivini rəsmiləşdirməyə çalışacaq.
Planın ən çətin hissəsi ərazi məsələsidir. Müxtəlif kompromis variantları - bəzi bölgələrdən Rusiyanın çıxması, digər ərazilərdə status-kvonun saxlanması və ya referendum yolu ilə azad iqtisadi zona yaradılması müzakirə olunur. Bundan başqa, əsirlərin tam mübadiləsi, Qara dəniz və Dneprdən sərbəst istifadə, Ukraynanın bərpası üçün iri maliyyə paketləri planlaşdırılır.
Razılaşma hüquqi baxımdan məcburi olmalı, icrasına beynəlxalq nəzarət mexanizmi tətbiq edilməli və tərəflərin razılığı ilə tam atəşkəs dərhal qüvvəyə minməlidir.
Xalidə Gəray
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ