Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə Sünik(Zəngəzur) vilayətinin qubernatoru Robert Qukasyan arasında görüş keçirilib.
Musavat.com news.am istinadən xəbərt verir ki, görüş zamanı tərəflər regionlararası əməkdaşlığın inkişafı və Sünikdə Rusiya investisiyalarının cəlb edilməsi məsələlərini müzakirə ediblər.Sünikdə keçirilən görüşdə tərəflər vilayətin sənaye və sosial-iqtisadi inkişafına yönəlmiş birgə təşəbbüslərin hazırlanması barədə razılığa gəliblər. Görüşdə konkret təkliflər də səsləndirilib. Bunlar monoşəhərlərin inkişafı, qarşılıqlı faydalı layihələrin maliyyələşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi və turizmin inkişafı sahələrini əhatə edib.
Rusiya üçün Zəngəzurun əhəmiyyəti təkcə Azərbaycanla Naxçıvan arasında nəqliyyat bağlantısının açılması məsələsindən ibarət deyil. Sünik Cənubi Qafqazın elə bir nöqtəsidir ki, burada Rusiya, Azərbaycan, Türkiyə, İran və ABŞ-ın nəqliyyat, iqtisadiyyat və təhlükəsizlik maraqları bir-birinə toxunur. Bu görüşün Trampın elçiləri ilə Rusiya prezidenti arasında danışıqlarda Zəngəzur dəhlizi ilə bağlı razılaşma olması iddialarından dərhal sonraya təsadüf etməsi diqqət çəkir. İddiaya görə, Rusiyanın Zəngəzur dəhlizinə necə qoşulması məsələsi barədə danışılıb. Ekspertlərin ehtimallarına görə, Putin Zəngəzur dəhlizində Rusiyanın da olması barədə Trampın elçiləri ilə razılaşıb. Bu da Ermənistanın xoşuna gəlməyib.
Sünik iki səbəbə görə həssas ərazidir. Birincisi, Rusiya burada Cənubi Qafqazın əsas nəqliyyat xəritəsinin formalaşmasına təsir imkanını qorumaq istəyir. İkincisi, ABŞ-ın dəstəklədiyi TRIPP layihəsinin reallaşması Moskvanın əvvəlki dövrdə malik olduğu vasitələrdən birinin – regional kommunikasiyalarda vasitəçi və təhlükəsizlik aktoru rolunun – zəifləməsi anlamına gələ bilər. Carnegie təhlilində də TRIPP-in əsas bağlantı layihəsini ABŞ-ın dəstəklədiyi çərçivəyə keçirməsinin Moskvanın regiondakı əvvəlki təsir imkanlarını məhdudlaşdırdığı qeyd olunur.

İndiki məqamda Sergey Kopırkinin məhz Sünik qubernatoru ilə görüşərək Rusiya investisiyalarını müzakirə etməsi də bu baxımdan diqqət çəkir. Moskva üçün mühüm məsələ Zəngəzur üzərindən keçəcək gələcək marşrutun
hansı geosiyasi və iqtisadi çərçivədə formalaşacağıdır. Rusiya rəsmiləri dəfələrlə yeni nəqliyyat bağlantısında öz rolunun saxlanılmasını istəyiblər. Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin TRIPP layihəsində Moskvanın iştirakının vacibliyini vurğulamışdı. Moskvanın arqumentinə görə, Ermənistanın Türkiyə və İranla sərhədlərində uzun müddətdir Rusiya sərhədçiləri xidmət göstərir və bu səbəbdən Rusiyanın mövqeyi nəzərə alınmalıdır.
Musavat.com
15 Oktyabr 2026
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ