Onlayn ictimai-siyasi qəzet
“Ən əsası odur ki, yalnız qalibləri dinləyirlər. Qalibləri mühakimə etmirlər. Məğlubları isə mühakimə edirlər. Çünki məğlublar hər zaman haqsızdırlar. Əgər qalib gəlməsək, qurbanlarımıza və əzablarımıza görə bizdən hesab soracaqlar”.
Bunu “Rus dünyası”nın ideoloqlarından biri və “Vladimir Putinin filosofu” kimi tanınan Aleksandr Duqin “Sputnik” radiosuna müsahibəsində deyib.
Onun dediyinə görə, Rusiya “Ukrayna nasizminin dərin zəhərli xərçəng şişini rus bədənindən çıxarmaq üçün” bütün Ukraynanı işğal etməlidir:
“Hər evə ayrılıqda hücum etmək lazım deyil. Onları sadəcə, yer üzündən silmək lazımdır”.
Bunu isə Kremlin baş təbliğatçısı sayılan Vladimir Solovyov son efirində Donbasın hələ işğal edilməyən ərazisi, xüsusilə də etnik rusların üstünlük təşkil etdiyi Slavyansk şəhəri barədə deyib. Solovyov açıq şəkildə yerli əhaliyə qarşı terror çağırışı edərək, rus ordusunun mülki əhaliyə fikir vermədən, şəhərləri yer üzündən silməyə çağırıb. Hətta baxmayaraq ki, həmin şəhərlərdə əsasən rusəsilli Ukrayna vətəndaşları yaşayır və bu şəhərlər Rusiyanın yeni Konstituisiyasına görə guya Rusiya ərazisidir.
Solovyov deyib ki, bu ərazilərdə yaşayan insanlar artıq Rusiyaya lazım deyillər: “Bizə onların sevgisi, dərk etmələri, günahlarını etiraf etməsi lazım deyil. Bizə lazımdır ki, onlar gəbərsinlər!”
Göründüyü kimi, Kremlin propoqanda maşını isterika içindədir. Dünənə qədər Kiyevi tutmaqdan danışanlar indi faşist şüarlarla çağırışlar edirlər.
Moskva Ukrayna rəzalətindən necə çıxa bilər?
Bu arada Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliff Moskvaya gizli səfəri zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq məqsədilə ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə üçtərəfli görüş keçirilməsini təklif edib.
Bu barədə “Axios” iki mənbəyə istinadən məlumat yayıb.
Bu, Con Retkliffin Rusiya ilə Ukrayna arasında diplomatik səylər çərçivəsində irəliləyiş əldə edilməsinə vasitəçilik etmək təşəbbüsünə şəxsən cəlb olunduğu ilk hal olub. Mənbə bildirib ki, Con Retkliffin səfərinin məqsədlərindən biri Rusiyanın kəşfiyyat xidmətlərinin rəhbərlərinin Putini ABŞ-ın vasitəçiliyi ilə Ukrayna ilə danışıqların bərpasına doğru addım atmağa inandıra bilib-bilməyəcəyini müəyyənləşdirmək olub.

Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, hər dəfə Rusiya Ukrayna cəbhəsində çətin vəziyyətə düşəndə “qeyzlənir”, Ukraynanı yer üzündən silməklə hədələyir:
“Amma daha sonra bunların boş bir blefdən başqa bir şey olmadığı ortaya çıxır. Açığı, Rusiyanın bu dəfə də öz ənənəvi bleflərindən birinə əl atdığını düşünürəm”.
Ekspert bildirib ki, Solovyovun “bütün Ukraynanı yer üzündək silmək” təklifi açıq şəkildə nüvə təhdidini xatırladır:
“Solovyovun bu absurd fikirlərini bəzi rus analitiklərinin Ukraynaya və tərəfdaşlarına göz dağı vermək üçün taktiki nüvə silahlarından istifadə etmək təklifi ilə eyni vaxta səsləndirməsi də təsadüfi deyil. Zənnimcə, rus ideoloqları nüvə təhdidlərinin təsir gücünü artırmaq üçün bu cür ardıcıl, bir-birini dəstəkləyən ifadələrdən istifadə edirlər. Demək istəyirlər ki, biz sizinlə zarafat etmirik, belə gedərsə, nüvə hücumları qaçılmaz olacaq. Halbuki, nüvə hücumunda yalnız taktiki atom bombası ilə kifayətlənmək kimi bir anlayış yoxdur. Hər şey taktiki nüvə bombası ilə başlaya bilər, amma getdikcə məsələ strateji nüvə silahlarına qədər vara bilər. Ən azı ona görə ki, Rusiyanın bu taktiki nüvə hücumuna Avropa ölkələrinin laqeyd qalacağını düşünmək yalnışdır. Getdikcə, eskalasiyanın böyüməsi isə strateji nüvə silahlarından da istifadə olunmasını şərtləndirə bilər. Üstəlik, nüvə silahlarının qarşı tərəfdə yaratdığı həyəcanın hansı nəticələrə gətirib çıxarması da düzgün proqnozlaşdırmaq mümkün deyil və bu addımlar ortaya gözlənilməz nəticələr çıxa bilər”.
Heydər Oğuzun fikrincə, Rusiyanın nüvə gücünün iddia edildiyi qədər güclü olması da bəlli deyil: “Xüsusilə Ukrayna savaşı Rusiyanın öz imkanlarını şişirdərək təqdim etdiyini göstərdi. Eyni şişirtmələr nüvə arsenalı ilə bağlı da ola bilər və Rusiyanın indiyədək istifadə etdiyi bleflər artıq heç kimə inandırıcı görünmür. Rusiya özünün hərbi imicini tamamilə bitirmədən geri addımlar atmaqdan çəkinməməli və bu müharibədən üzüsulu çəkilməyi bacarmalıdır”.
Siyasi şərhçi hesab edir ki, MKİ direktoru Con Retkliffin Moskvaya səfəri isə gizli olmayıb:
“MKİ direktoru əgər Moskvaya gizli səfər etmək istəsəydi, bundan heç birimiz xəbər tutmazdıq. Əksinə, Con Retkliff Moskvaya Baltikyanı ölkələrdən biri üzərindən gəlib. Onu daşıyan təyyarə uçuşu izləmə kanallarında görünüb və bu faktlar inkar edilməyib. Gələrkən Ukrayna rəsmiləri bundan xəbərdar edilib. Görünür, CIA-nın bu səfəri göstərə-göstərə etməsi Tramp hakimiyyətinə də lazım idi. Bəlkə də o, seçki ərəfəsində öz elektoratına “mən müharibəni bitirmək üçün uğraşıram” mesajını vermək istəyirmiş. Digər tərəfdən, “dünyanı nüvə təhlükəsindən qurtardım” mesajı da Trampa yaxşı təbliğati zəmin yaradır. Mənim fikrimcə, Con Retkliffin Moskvaya səfərinin digər məqsədi İranla bağlı olub. Çünki İranın və digər körfəz ölkələrinin neft tədarükünü kəsmək əslində Rusiyanın da iqtisadi maraqlarına uyğundur. Belə ki, İrandan və körfəzdən neft ala bilməyən Qərb ölkələri Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşür və istər-istəməz Ukraynanı əvvəlki kimi müdafiə etmir, özünün enerji təhlükəsizliyi məsələsini ön plana çıxarır. Görünür, ABŞ da Rusiyanın bu həssasiyyətini düşünüb ondan İranla bağlı maksimum güzəşt qoparmağa çalışır. Yeri gəlmişkən, “Axios”un üçtərəfli görüş təklifi barədə yaydığı məlumatlar da Tramp administrasiyasının Rusiyanı başlıca hədəf kimi görmədiyini təsdiqləyir və onu göstərir ki, ABŞ Rusiyanı tənlikdən kənarda qoyaraq İran və Çinə daha çox fokuslaşmağı planlaşdırır”.
E.Məmmədəliyev,
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ