Onlayn ictimai-siyasi qəzet
İranın "Gooya" xəbər portalı İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın ölkənin hazırkı ali dini lideri Seyid Müctəba Xamenei ilə görüşünə dair eksklüziv təfərrüatlar yayıb.
Musavat.com xəbər verir ki, məlumata görə, Pezeşkian may ayında Müctəba Xamenei ilə naməlum məkanda, avtomobilin arxa oturacağında görüşüb.
May ayının ortalarında həmkarlar ittifaqlarının nümayəndələri ilə görüşündə Pezeşkian Xamenei ilə görüşünün iki saat yarım davam etdiyini və "qeyri-rəsmi şəraitdə" keçdiyini açıqlayıb.
Mənbələrin iddiasına görə, Pezeşkianın dəfələrlə etdiyi müraciətlər və istefa verməklə bağlı xəbərdarlıqlarından sonra Xameneinin dəftərxanası görüşə razılıq verib. Lakin ona bildirilib ki, görüş adi protokoldan fərqli olaraq ali liderin daimi iqamətgahında keçirilməyəcək.
Bununla əlaqədar Məsud Pezeşkianın mühafizəçiləri onu Tehranda gizli bir ünvana aparıblar. Burada Müctəba Xamenei ilə tünd şüşəli kommersiya avtomobilinin arxa oturacağında görüş təşkil olunub.
Mənbələrin sözlərinə görə, görüş cəmi bir neçə dəqiqə davam edib. Bundan sonra Pezeşkiana söhbəti bitirməsi və oranı tərk etməsi bildirilib.
İddialara əsasən, Xameneinin mühafizəçiləri Pezeşkianın onunla əl sıxmasına icazə verməyiblər və tərəflər yalnız bir-birlərinin səsini eşidiblər. Məlumata görə, Pezeşkian bu münasibəti alçaldıcı hesab edib və geri qayıtdıqdan sonra hətta görüşdüyü şəxsin həqiqətən Müctəba Xamenei olub-olmadığına şübhə etdiyini bildirib. Çünki o, yalnız qarşı tərəfin səsini eşidib. Mənbələr qeyd edir ki, bunun qəzəbdən irəli gəldiyi, yoxsa həqiqətən də həmsöhbətinin kimliyinə əmin olmadığı məlum deyil.
![]()
Bildirilir ki, Pezeşkian bu yaxınlarda Müctəba Xamenei ilə onun iqamətgahında daha bir görüş keçirmək üçün müraciət edib. Lakin bu istək rədd olunub.
Artıq Müctəba Xameneinin İran İslam Respublikasının üçüncü ali lideri seçilməsindən təxminən beş ay keçsə də, bu günə qədər onun iştirakı ilə heç bir rəsmi foto və ya səs yazısı yayımlanmayıb.
"Hamshahri" saytında avqustun 1-də yayımlanan videoda xarici kəşfiyyat xidmətlərinin səs fayllarını təhlil etməklə Müctəba Xameneinin olduğu yeri, hətta fiziki vəziyyətini müəyyən edə biləcəyi iddia olunub. Bu açıqlamalar onun vəziyyəti ilə bağlı müxtəlif fərziyyələrin yayılmasına səbəb olub.
Xatırladılır ki, üç həftə əvvəl ABŞ prezidenti Donald Tramp Müctəba Xameneinin öldürülməsi ehtimalını 90 faiz qiymətləndirib. İsrailin baş naziri isə yaxın günlərdə onun sağ olduğunu bəyan edib.
İyulun 8-də İran xarici işlər naziri Abbas Əraqçi bildirib ki, həmin dövr ərzində Müctəba Xamenei ilə görüşməyib və onunla yalnız çox az sayda şəxs görüşə bilib. Bir gün sonra isə Məsud Pezeşkian onunla keçirilən görüşlərin sayının artdığını açıqlayıb.
Eyni zamanda, Məsud Xameneinin kürəkəni Məhəmməd Baqir Xərrəzi avqustun 3-də yayımlanan videoda bildirib ki, Müctəba Xamenei Pezeşkiana xəbərdarlıq edib ki, əgər o, yenidən istefa ərizəsi təqdim etsə, bu dəfə istefası qəbul ediləcək.
Xərrəzi həmçinin İran İslam Respublikasının ali liderinin Milli Təhlükəsizlik Ali Şurasını və danışıqlar qrupunu dəyişmək planlarından danışıb. Onun sözlərinə görə, Möhsün Rzayi hazırkı Milli Təhlükəsizlik Ali Şurasının katibi Məhəmməd Baqir Zolqədri əvəz edəcək, Abbas Əraqçiyə isə danışıqlara müdaxilə etməməsi tapşırılıb.
Bundan başqa, Xərrəzi iddia edib ki, Pezeşkian indiyədək 28 dəfə istefa verib və ya istefa ilə hədələyib. Daha əvvəl isə onun istefa tələbi ilə rəsmi məktub təqdim etdiyi barədə məlumat yayılıb.
Qeyd edək ki, iddialarla bağlı İranın rəsmi qurumları tərəfindən hələlik təsdiqləyici açıqlama verilməyib.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ