İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyana yeni rəqib - Petrosyan onu qabağa “itələdi”

Baş nazirə qarşı ən güclü namizəd kim ola bilər?

Ermənistan Milli Konqres Partiyasının sədr müavini (rəhbəri keçmiş prezident Levon Ter-Petrosyan) Levon Zurabyan 2026-cı il parlament seçkilərində baş nazir vəzifəsinə namizəd göstərilib. Bu barədə erməni mediası yazıb.

Bundan az öncə ölkənin sabiq ombudsmanı, özünə təzəlikcə partiya yaradan Arman Tatoyan qarşıdakı parlament seçkilərində baş nazirliyə iddiasını ortaya qoymuş, həm indiki hakimiyyətə, həm də ənənəvi müxalifətə qarşı olduğunu bəyan etmişdi. 

Rusiyanın ən real namizədi sayılan, hazırda həbsdə yatan və yeni hərəkat yaradan oliqarx-milyarder Samvel Karapetyan isə hələ ki, rəsmən namizəd elan edilməyib.

Bəs qarşıdakı seçkilərdə Nikol Paşinyana və partiyasına ən güclü rəqib kim və hansı qüvvə olacaq? Rusiya seçkilərə nə dərəcədə müdaxilə edə bilər?

Azər Hüseynov 

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan kimi kiçik və geosiyasi baxımdan həssas ölkələrdə siyasi hakimiyyətin dəyişməsi, adətən, daxili ictimai-siyasi proseslərdən daha çox beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, böyük güclərin regiona dair maraqları və bu güclər arasındakı ziddiyyət və yaxınlaşma dərəcəsi ilə birbaşa əlaqəli olur: “Bu tip dövlətlərdə seçkilər formal demokratik mexanizm kimi çıxış etsə də, real nəticə çox zaman beynəlxalq konfiqurasiyanın hansı istiqamətdə formalaşmasından asılıdır”.

Onun fikrincə, hazırkı mərhələdə Ermənistanın atdığı siyasi addımlar da bu reallığı bir daha təsdiqləyir: “Xüsusilə Vaşinqtonun vasitəçiliyi və təşviqi ilə Ermənistan-Azərbaycan sülh müqaviləsi istiqamətində müəyyən addımların atılması göstərir ki, rəsmi İrəvan mövcud beynəlxalq balansı oxumağa çalışır. Bu proses ABŞ-ın Cənubi Qafqazda maraqlarına uyğundur və Ermənistan hakimiyyəti də bu maraqlar çərçivəsində hərəkət edir. Başqa sözlə, Paşinyan hakimiyyəti hazırda Qərbin, xüsusilə ABŞ-ın regional strategiyası ilə ziddiyyət təşkil etmir”.

Ekspert hesab edir ki, eyni zamanda, ABŞ və Rusiya arasında Ukrayna məsələsi ətrafında müəyyən mövzularda açıq qarşıdurma ilə yanaşı, bəzi texniki və strateji səviyyələrdə örtülü razılaşmaların mövcudluğu da diqqətdən qaçmamalıdır: “Bu vəziyyət Ukraynanın manevr imkanlarını daraldaraq onu daha çox İngiltərə və Avropa İttifaqına söykənməyə məcbur edib. Bu fakt bir daha sübut edir ki, böyük güclər arasında münasibətlər dəyişdikcə, kiçik və orta dövlətlərin taleyi də bu dəyişikliklərdən birbaşa təsirlənir. Bu kontekstdə Ermənistan daxilində siyasi hakimiyyətin dəyişməsi məsələsinə baxdıqda, hazırda baş nazir Nikol Paşinyanın mövqelərinin nisbətən sabit olduğunu görürük. Paşinyan bu gün regionda böyük güclərin maraqlarına tam zidd olmayan, əksinə, müəyyən mənada bu maraqlarla uzlaşan fiqur kimi qəbul edilir. Məhz bu səbəbdən qarşıdakı parlament seçkilərində onun hansısa müxalif namizəd tərəfindən məğlub edilməsi ehtimalı real görünmür”.

Ekspertə görə, Ter-Petrosyanın Zurabyanı önə çıxarması daha çox simvolik və taktiki addım kimi dəyərləndirilə bilər: “Ter-Petrosyan xətti Ermənistan cəmiyyətində ciddi mobilizasiya gücünə malik deyil və daha çox keçmişin siyasi reflekslərini təmsil edir. Zurabyanın baş nazirliyə namizəd göstərilməsi real hakimiyyət perspektivindən çox, müxalif düşərgədə mövcudluq göstərmək və Paşinyana alternativ varmış görüntüsü yaratmaq məqsədi daşıyır. Eyni fikirləri Arman Tatoyanın yeni siyasi təşəbbüsü haqqında da demək mümkündür. Tatoyanın həm hakimiyyətə, həm də ənənəvi müxalifətə qarşı çıxması onu üçüncü yol kimi təqdim etsə də, erməni cəmiyyətində bu cür ”neytral müxalifət" layihələrinin geniş elektorat bazası formalaşdırmaq imkanları olduqca məhduddur. Onun real siyasi çəkisi hələlik Paşinyan üçün ciddi təhlükə yarada biləcək səviyyədə deyil".

A.Hüseynov əlavə edib ki, Paşinyanın vəzifədən getməsi və onun yerinə ruspərətin gəlməsi üçün yetərli ictimai-siyasi tələb yoxdur. 

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR