Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevə Ermənistana gedən yüklərin tranzitinə görə ardıcıl şəkildə təşəkkür etməsinin arxasında şəxsi qorxular və qarşıdan gələn parlament seçkiləri fonunda Bakının “loyallığını” nümayiş etdirmək cəhdi dayanır.
Musavat.com xəbər verir ki, bu fikirləri erməni politoloq Ara Poqosyan Sputnik Armenia-ya müsahibəsində səsləndirib.
Politoloqun sözlərinə görə, Paşinyan bu cür açıqlamalarla ölkə daxilində getdikcə dərinləşən legitimlik böhranını kompensasiya etməyə çalışır. Onun əsas məqsədi erməni cəmiyyətinə belə bir mesaj ötürməkdir ki, guya sülhün yeganə real təminatçısı məhz özüdür və ondan başqa heç bir siyasi qüvvə Azərbaycan rəhbərliyi ilə bu səviyyədə münasibətlər qura bilməz. Ara Poqosyan bildirir ki, baş nazir bu yanaşma ilə həm öz mövqeyini möhkəmləndirməyə, həm də siyasi rəqiblərini zəiflətməyə çalışır.
Ekspert vurğulayır ki, Paşinyan alternativ siyasi qüvvələri dolayı yolla “müharibə riski” ilə eyniləşdirərək ictimai rəyə təsir göstərmək niyyətindədir. Onun yaratmaq istədiyi təsəvvürə görə, Paşinyandan kənar istənilən siyasi ssenari guya regionda yeni qarşıdurmaya və gərginliyə yol aça bilər. Politoloqun qənaətincə, bu ritorika Ermənistan daxilində sosial-iqtisadi problemləri, idarəetmə böhranını və hakimiyyətə inamsızlığı arxa plana keçirmək məqsədi daşıyır.

Ara Poqosyan
Eyni zamanda qeyd olunur ki, bu açıqlamanın yayımlandığı platforma da diqqətdən kənarda qalmamalıdır. “Sputnik” agentliyi Kremlin təbliğat alətlərindən biri kimi tanınır və hazırda Paşinyana qarşı açıq tənqidi mövqe sərgiləyir. Bu baxımdan, həmin mediaya danışan erməni politoloqların mövqelərinin də eyni siyasi xətti əks etdirməsi şübhə doğurmur. Ara Poqosyanın səsləndirdiyi fikirlərin daha çox Rusiyadan gələn tezisləri və Moskvanın regionda itirdiyi təsir imkanlarına görə artan narahatlığını ifadə etdiyi bildirilir.
Müşahidəçilərin fikrincə, Ermənistan normallaşma siyasətinə yönəldikcə və Azərbaycanla münasibətlərdə gərginlikdən uzaqlaşdıqca, Kreml bu prosesdən ciddi şəkildə narahat olur. Moskvanın bu narazılığı isə müxtəlif siyasi şərhlər, mediada yayılan tənqidlər və Paşinyana qarşı formalaşdırılan mənfi rəy vasitəsilə açıq şəkildə özünü göstərir.
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ