Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqının Ermənistandakı sammitindən sonra İrəvanla Moskva arasında yenə də soyuq küləklərin əsdiyi müşahidə olunur. Ermənistanın artıq alternativ qaz mənbələri ilə bağlı hərəkətə keçməsi Rusiyanın hər an “ventil”i bağlaya biləcəyi, yaxud qiymətlərə yenidən baxacağı ehtimalını yaradır. Bu arada Baş nazir Nikol Paşinyanın verdiyi qərar gözlənilməz olub.
Musavat.com-un məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu il mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcəyini rəsmən bəyan edib. Hökumət başçısı bu qərarını ölkədə davam edən intensiv seçkiqabağı kampaniya ilə əlaqələndirib. Paşinyan jurnalistlərə açıqlamasında bildirib ki, o, Rusiyaya gedə bilməyəcəyi barədə Rusiya Prezidenti Vladimir Putini hələ aprelin 1-də məlumatlandırıb. Bu addım son vaxtlar Ermənistan və Rusiya arasında hərbi-siyasi müstəvidə yaranan gərginliklər fonunda xüsusilə diqqət çəkir. Erməni liderin Moskvaya səfərdən imtina etməsi diplomatik dairələrdə İrəvanın Kremldən uzaqlaşma siyasətinin növbəti nümayişi kimi qiymətləndirilir. Xüsusilə Ermənistanın KTMT ilə münasibətlərini dondurması və Qərb ölkələri ilə yaxınlaşması fonunda parada getməmək qərarı Moskva üçün arzuolunmaz bir mesaj hesab olunur. Məlumata görə, Ermənistan daxilində də bu qərar birmənalı qarşılanmayıb, müxalifət bunu strateji müttəfiqlə əlaqələrin tamamilə kəsilməsi kimi tənqid edir. Amma hələlik Kremldən reaksiya yoxdur. Aİ sammitindən sonra Paşinyanın bu addımının cavabı nə olacaq? İmtina qərarı seçkiöncəsi hakim komandaya “baha” başa gələ bilərmi? Yoxsa Kremllə anlaşma halında verilən qərardır?
Politoloq Tural İsmayılov Musavat.com-a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın 9 may paradında iştirak etməmək qərarına bir politoloq nəzəri ilə baxdıqda, bu addımı Ermənistanın xarici siyasətində həyata keçirilən “strateji balanslaşdırma” cəhdinin növbəti mərhələsi kimi qiymətləndirmək olar: “Bu qərarı tənqidi deyil, rasional siyasi maraqlar və mövcud geosiyasi konyuktura müstəvisində təhlil etmək mümkündür. İrəvanın bu addımı, hər şeydən əvvəl, ölkənin milli təhlükəsizlik arxitekturasını diversifikasiya etmək istəyindən irəli gəlir. Brüsseldə keçirilən Aİ-ABŞ-Ermənistan sammitindən sonra Paşinyan administrasiyası ölkənin xarici tərəfdaşlıq dairəsini genişləndirməyə çalışır. Bu kontekstdə Moskvadakı paradda iştirak etməmək Ermənistanın Qərb mərkəzləri ilə qurmağa başladığı yeni münasibətlər modelinə uyğun gələn bir siyasi xətt kimi görünür. Paşinyan bu seçimi ilə nümayiş etdirir ki, Ermənistan artıq öz maraqlarını tək bir qütblə məhdudlaşdırmır və müstəqil qərarlar qəbul etmək iradəsini möhkəmləndirməyə çalışır”. T.İsmayılov əlavə etdi ki, eyni zamanda, bu qərarın arxasında Rusiyanın Ermənistanın təhlükəsizlik gözləntilərini tam qarşılamaması barədə İrəvanda formalaşmış siyasi rəy dayanır: “Ermənistan rəhbərliyi KTMT və ikitərəfli müttəfiqlik formatlarının effektivliyini şübhə altına aldığı bir dövrdə, Moskva ilə olan yüksək səviyyəli tədbirlərdə iştirakını minimuma endirməklə öz narazılığını diplomatik bir dillə ifadə edir. Bu, açıq bir qarşıdurmadan çox, Ermənistanın öz strateji muxtariyyətini bərpa etmək və beynəlxalq arenada manevr imkanlarını artırmaq məqsədi daşıyan düşünülmüş bir taktikadır”. Kremllə “anlaşma” ehtimalına gəldikdə isə, ekspert bildirdi ki, bu addımın daha çox Ermənistanın öz suveren qərarı olduğunu, lakin regional reallıqlar nəzərə alınaraq atıldığını demək olar: “Paşinyan daxili siyasi vəziyyəti bəhanə gətirməklə həm də mümkün diplomatik böhranın kəskinliyini azaltmağa çalışır. Bu yanaşma Ermənistanın, eyni zamanda həm Rusiyanın iqtisadi orbitində qalmağa davam etmək, həm də siyasi-təhlükəsizlik sahəsində Qərbə inteqrasiya olunmaq kimi mürəkkəb bir “ikili track” (ikiistiqamətli) siyasəti yürütmək cəhdidir. Nəticə etibarilə, bu qərar Ermənistanın regionda dəyişən geosiyasi reallıqlara uyğunlaşma və öz dövlət maraqlarını fərqli platformalarda daha effektiv müdafiə etmə səylərinin bir hissəsidir”.
E.Paşasoy,
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ