Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda yağ bazarında diqqətçəkən mənzərə yaranıb. Kərə yağı və digər südmənşəli yağların idxalı və yerli istehsalı azalır, bitki və heyvan mənşəli piy və yağların, o cümlədən palma yağının ölkəyə gətirilməsi isə kəskin artır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə və süddən hazırlanan digər yağların həcmi 9,3 faiz və ya 1 548 ton azalaraq aşağı düşüb. Həmin dövrdə ölkədə kərə yağı istehsalında da artım qeydə alınmayıb. Əksinə, istehsal təxminən 10 faiz azalıb.
Eyni dövrdə ölkəyə gətirilən bitki və heyvan mənşəli piy və yağların həcmi isə 17,8 faiz və ya 15 769 ton artıb. Belə yağların idxal həcmi kərə yağı idxalından təxminən yeddi dəfə çox olub.
Palma yağı və onun bərk fraksiyaları da bu mal qrupuna daxildir. Təkcə 2026-cı ilin ilk yarısında ölkəyə 14 592,7 ton palma yağı və onun bərk fraksiyaları idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 dəfə çoxdur.
İqtisadçı Eyyub Kərimli bildirir ki, bu tendensiya bazarda daha bahalı südmənşəli yağlardan daha ucuz bitki mənşəli yağlara doğru müəyyən struktur dəyişikliyinin baş verdiyini göstərir. Onun sözlərinə görə, bu, bitki yağlarının müəyyən seqmentlərdə südmənşəli yağları sıxışdırması ehtimalını gücləndirir.
Ekspert qeyd edib ki, söhbət kərə yağı və digər südmənşəli məhsulların palma yağı ilə tam əvəzlənməsindən getmir. Qida sənayesində, xüsusilə şirniyyat istehsalında maya dəyərinin aşağı salınması məqsədilə südmənşəli yağların əvəzinə bitki yağlarından istifadə oluna bilər. Bu da öz növbəsində palma yağına tələbatın artmasına səbəb olur.
Digər tərəfdən, 2026-cı ildə kərə yağı idxalında bahalaşma da müşahidə olunmayıb. Əksinə, qiymət aşağı düşüb. Belə ki, yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə yağının bir kiloqramının orta qiyməti 6,3 ABŞ dolları təşkil edib. Bu da illik müqayisədə 7,3 faiz azdır.
Bəs palma yağının idxalının kəskin artması nə ilə izah olunur? Bu yağdan Azərbaycanda hansı məhsulların hazırlanmasında istifadə edilir və istehlakçı süfrəsində hansı formada qarşımıza çıxır?
Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, palma yağının Azərbaycana idxalının artması ölkədə bu məhsuldan qida sənayesində geniş istifadə olunması ilə bağlıdır:

“Ötən il statistikada göstərilirdi ki, 2025-ci ildə ölkəyə 1 kiloqram belə palma yağı daxil olmayıb. Halbuki Azərbaycanda çox nadir yağ tapa bilərsiniz ki, onun tərkibində palma yağı olmasın. Hətta məndə olan məlumata görə, Azərbaycana idxal edilən yağların yenidən qablaşdırılmasının da səbəbi onun tərkibinə palma yağının qarışdırılmasıdır. Palma yağından Azərbaycanda qida məhsulu kimi çox geniş istifadə edilir. BMT-nin Ərzaq Təşkilatının bu yağdan istifadəyə qadağa qoyması ilə bağlı qərarı da yoxdur. Amma Avropada palma yağından ərzaq məhsulu kimi istifadə edən, eləcə də istifadəsinə məhdudiyyət və ya qadağa qoyan kifayət qədər ölkə var. Avropa ölkələri və Amerika bu məsələdə ciddi nəzarət həyata keçirir”.
Akif Nəsirlinin sözlərinə görə, palma yağının istifadəsi ilə bağlı müzakirələrdə onun hansı xammaldan əldə edildiyini də nəzərə almaq lazımdır: “Palma yağının əslində qida məhsulu kimi istifadəsinin arzuolunan olmamasının səbəbi var. Belə ki, palma yağının iki forması var. Biri palmanın lətindən hazırlanan yağdır. Bu, ərzaq məhsulu kimi çox dəyərlidir. Özü də dünya bazarında baha qiymətə satılır. Amma Meksika, İndoneziya və digər bu kimi ölkələrdə kütləvi şəkildə istifadə edilən palma yağı palmanın çəyirdəyindən hazırlanır. Palmanın çəyirdəyindən hazırlanan yağın molekullarının insan həzm sistemində sorulması mümkün olmur. Davamlı şəkildə qəbul edəndə isə artıq orqanizmdə yağ artıqları yaranır. Başqa yağ olmadığına görə bağırsaqdakı süzgəclər, filtrlər aralanıb qalxır və palma yağı qana keçir.
Çünki onun həm də ərimə temperaturu orqanizmin daxili temperaturundan yüksəkdir. Yəni orqanizmin daxili temperaturu 30 dərəcəyə yaxındırsa, palma yağı 43-45 dərəcədə əriyir. Yəni çətin əriyir, molekulları böyük olduğuna görə həzm sistemi onu qəbul edə bilmir. Nəticədə orqanizmin müxtəlif hissələrində o yağlar depolanır, beləliklə, insanlar kökəlməyə başlayır. Bu kökəlmək də mühüm xəstəliklərin səbəbi olur. Yəni alimlərin əldə etdikləri şübhə olunan zərərlər budur".
Ekspert bildirir ki, palma çəyirdəyindən hazırlanan yağ dünya bazarında ucuzluğu ilə seçilir: “Palmanın çəyirdəyindən hazırlanan yağ dünya bazarında 1-2 dollar arasındadır. Bu səbəbdən də Azərbaycan sahibkarları həmin yağı ölkəyə idxal edirlər və bütün ərzaq məhsullarının, marketlərdə satılan bütün ağartı məhsullarının tərkibində həmin yağdan istifadə edilir. Məsələn, dondurmaların hazırlanmasında”.
Akif Nəsirli sosial şəbəkələrdə yayılan bir videoya da diqqət çəkib. Onun sözlərinə görə, bəzi sahibkarlar süd məhsullarının istehsalında palma yağından istifadə etməklə məhsulun yağlılığını artırırlar: “Bu günlərdə sosial şəbəkələrdə bir video görmüşdüm. Sahibkar deyir ki, südün 3 litrini 45 qəpiyə alırlar və südü yerə tökür ki, satmayacaq. Əslində o fermerin tökdüyü südü ondan alıb, yağlılığını palma yağı vasitəsilə artırırlar. Yəni həmin südün tərkibinə palma yağı qarışdırıb 70 dərəcəyə qədər qızdırırlar və sentrifuqa aparatında qarışdırıb bircinsli maddə əmələ gətirirlər. Əslində buna süd demək olmaz. Həmin maddənin tərkibində də, sözsüz ki, süd turşuları var və ondan qatıq, xama , dondurma hazırlayırlar. Bu da, məlum olduğu kimi, zərərli bir maddədir”.
İqtisadçının sözlərinə görə, palma yağından xüsusilə şirniyyat sənayesində geniş istifadə olunmasının əsas səbəblərindən biri onun məhsula forma verməsi və daha uzun müddət saxlanmasına imkan yaratmasıdır.
"Azərbaycanda bu yağdan şirniyyatların hamısında ona görə istifadə olunur ki, o, xəmirə, şirniyyata forma verir. Həmin yağlar məhsulun uzun müddət bütöv qalmasını təmin edir. Bu da insanların sağlamlığına ciddi şəkildə zərər vurur. Qiyməti 7-8, 10 manat olan və kərə yağı adı altında satılan yağların 99 faizi palma yağı tərkiblidir", - deyə o bildirib.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ