İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl almaq istəyənlərin DİQQƏTİNƏ!

Qızılın qiyməti mayın 11-dən bəri ilk dəfə bir troya unsiyası üçün 4 750 dollar həddini keçib. Bunu “Comex” birjasının ticarət məlumatları göstərir. Bildirilir ki, dekabrda çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 1,51 faiz artaraq bir troya unsiyası üçün 4 751,5 dollara yüksəlib. Daha sonra bahalaşma sürətlənib və qızılın qiyməti 1,56 faiz artımla 4 753,7 dollara çatıb.

Qızılın qiymətinin son günlərdə bahalaşmasının səbəbi ABŞ ilə bağlıdır. Çünki dollarla ifadə olunduğu üçün ABŞ-dən gələn xəbərlər qızılın qiymətinə təsir göstərir. Hörmüz boğazı ətrafında baş verənlər də qiymətə həm birbaşa, həm də dolayı təsir edir.

Bəs Azərbaycan üçün qızıl bazarındakı vəziyyət nə vəd edir? Qızılın bahalaşması yalnız yuxarıda sadalanan amillərlə bağlıdırmı?

Dünya bazarındakı bahalaşma Azərbaycanda qızılın qiymətinə də təsirsiz ötüşmür. 26 avqust tarixinə olan göstəricilərə görə, bir qram 999 əyar, yəni, demək olar, xalis qızılın qiyməti təxminən 253,55 manatdır. 750 əyar qızılın bir qramı təxminən 190,16 manat, 585 əyar qızılın bir qramı isə 148,33 manat təşkil edir.

Başqa sözlə, zərgərlikdə Azərbaycanda daha çox rast gəlinən 750 və 585 əyar qızılın da qiyməti dünya bazarındakı dəyişikliklərdən birbaşa asılıdır. 750 əyar qızıl 18 karata, 585 əyar qızıl isə 14 karata uyğun gəlir. 999 əyar isə 24 karatlıq, yüksək saflıqlı qızılı ifadə edir.

Qeyd edək ki, bunlar dünya bazarındakı qızılın əyar üzrə hesablanmış qiymətləridir. Zərgərlik mağazalarında üzük, sırğa, bilərzik və digər məmulatların satış qiyməti bundan fərqlənə bilər. Çünki hazır məhsulun qiymətinə qızılın öz dəyəri ilə yanaşı, işçilik, dizayn və digər mağaza xərcləri də əlavə olunur.

Qızılın qiymətinin bundan sonra hansı istiqamətdə dəyişəcəyi isə əsasən ABŞ iqtisadiyyatından gələcək xəbərlər, dolların məzənnəsi, faiz dərəcələri və qlobal geosiyasi vəziyyətlə bağlı olacaq.

Taxıl ticarəti: Rusiyadan Azərbaycana böyük güzəşt... - Akif Nəsirli

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Qızılın 4 750 dolları keçməsi Azərbaycan üçün də əhəmiyyətlidir, çünki dünya bazarında qiymətin yüksəlməsi daxili bazarda qızılın və qızıl məmulatlarının bahalaşmasına təsir göstərə bilər. Xüsusilə idxal olunan qızılın maya dəyəri artır və bu, zinət əşyalarının qiymətində də özünü göstərir.

Bahalaşmanı yalnız ABŞ-dən gələn xəbərlər və Hörmüz boğazındakı vəziyyətlə izah etmək düzgün olmaz. Geosiyasi risklərin artması investorları daha təhlükəsiz aktivlərə yönəldir, mərkəzi bankların qızıl alışları, faiz dərəcələri ilə bağlı gözləntilər, dolların məzənnəsi və qlobal inflyasiya narahatlıqları da qiymətə təsir edir”.

İqtisadçıya görə, Azərbaycan üçün digər mühüm məqam odur ki, qızılın bahalaşması həm istehlakçıların, həm də qızıl ehtiyatı saxlayan investorların davranışına təsir edə bilər: “Qiymətlər yüksəldikcə əhalinin qızıla investisiya marağı arta bilər, eyni zamanda, zinət əşyalarına tələbin azalması mümkündür. Buna görə dünya bazarındakı bahalaşmanın Azərbaycanda həm qiymət artımı, həm də tələbin strukturunda dəyişiklik yaratması gözlənilir”.

Qızılın qiyməti dünya bazarında rekord səviyyədə artdığı vaxtda bir çox insan üçün sual yaranır: qızıla yatırım etmək həqiqətən sərfəlidirmi, yoxsa qiymətlərin yüksək olduğu bir dövrdə qızıl almaq risklidir?

Ekspertlərə görə, qızıl uzun illərdir inflyasiya və iqtisadi-siyasi qeyri-müəyyənliklər zamanı sərvəti qoruma vasitələrindən biri hesab olunur. Xüsusilə dolların zəifləməsi, faiz dərəcələri ilə bağlı gözləntilər və geosiyasi gərginlik qızıla tələbi artıra bilər. Lakin qızılı investisiya aləti kimi qiymətləndirərkən onun yalnız bahalaşma potensialına deyil, alış və satış arasındakı fərqə də diqqət etmək lazımdır. Qızılın qiyməti yüksəldikdən sonra müəyyən müddətdə geri çəkilmə də mümkündür. Bu səbəbdən qısa müddətdə qazanc əldə etmək məqsədilə bütün vəsaiti qızıla yönəltmək riskli yanaşmadır.

İnvestisiya məqsədilə qızıl almaq istəyənlər üçün zinət əşyaları da ən ideal seçim sayılmır. Üzük, sırğa, bilərzik və digər məmulatların qiymətinə qızılın dəyəri ilə yanaşı, işçilik, dizayn və mağaza əlavəsi də daxil edilir. Satış zamanı isə bu əlavə xərclərin hamısını geri almaq mümkün olmaya bilər.

Bu baxımdan məqsəd sırf yatırım və uzunmüddətli dəyər qorumaqdırsa, daha yüksək əyarlı qızıl külçə və ya investisiya sikkələri daha uyğun variant hesab oluna bilər. Məsələn, 999 əyar qızılın tərkibində qiymətli metalın payı çox yüksəkdir. Digər tərəfdən, qızıl faiz və dividend gətirən aktiv deyil. İnvestorun qazancı əsasən qızılın alış qiymətindən sonra nə qədər bahalaşmasından asılıdır. Buna görə də qızıl daha çox portfeli diversifikasiya etmək və vəsaitin bir hissəsini qorumaq üçün istifadə olunan aktiv kimi nəzərdən keçirilir.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR