Onlayn ictimai-siyasi qəzet
Rusiyada hakimiyyətin təbliğat sistemində çalışan media rəhbərləri, televiziya aparıcıları, hərbi müxbirlər və Z-bloqerlərin gəlirlərinin miqyası açıqlanıb. Araşdırmaya daxil edilən 63 nəfərin bir il ərzində ümumilikdə təxminən 3 milyard rubl qazandığı bildirilir.
Musavat.com xəbər verir ki, bu barədə “Vyorstka” nəşri Rusiya məlumat bazalarından sızdırılmış informasiyaları əsasında apardığı araşdırmada bildirib.
Ən böyük gəlirlərin hərbi müxbirlər və Z-bloqerlərə deyil, media rəhbərlərinə çatdığı üzə çıxıb. Onların orta illik gəliri 92 milyon rubldan çoxdur.
Siyahının lideri milyarder Yuri Kovalçukun qardaşı oğlu, “National Media Group”un prezidenti Kirill Kovalçukdur. Onun illik gəlirinin 628 milyon rubl olduğu bildirilir. “Qazprom-Media Holdinq”in rəhbəri Aleksandr Jarov təxminən 470 milyon, NMG-nin baş direktoru Svetlana Balanova isə 400 milyon rubldan çox qazanıb.
Televiziya aparıcılarının payına araşdırmada müəyyən edilən ümumi gəlirin təxminən dörddə biri düşür. Ən yüksək gəlir əldə edənlər sırasında rejissor və “Besogon” verilişinin aparıcısı Nikita Mixalkov da var – onun illik qazancı təxminən 270 milyon rubl göstərilir. Dmitri Sayms və Artyom Şeynin də ən çox qazanan ilk onluğa daxil olublar.
Maraqlıdır ki, müharibəni birbaşa işıqlandıran hərbi müxbirlər və Z-bloqerlərin payına bütün məbləğin cəmi 6 faizi düşür. Onların arasında ən yüksək gəlir “Colonelcassad” Telegram kanalının müəllifi Boris Rojinə məxsusdur – təxminən 29 milyon rubl.
“Vyorstka”nın hesablamasına görə, televiziya aparıcılarının orta illik qazancı hərbi təbliğatla məşğul olanların gəlirindən təxminən üç dəfə yüksəkdir.
Beləliklə, araşdırmanın ortaya çıxardığı rəqəmlər Rusiyanın təbliğat maşınının yalnız siyasi deyil, həm də milyardlarla rublluq nəhəng maliyyə sistemi olduğunu göstərir.
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ