Onlayn ictimai-siyasi qəzet
Avropada əvvəllər əsasən iribuynuzlu mal-qara və atlarda rast gəlinən nadir bakterial dəri infeksiyasının insanlar arasında yayılması diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə The Telegraph yazıb.
Söhbət Dermatophilus congolensis bakteriyasının törətdiyi dermatofiloz xəstəliyindən gedir. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, 2025-ci ilin sonlarından etibarən Avropanın bir sıra ölkələrində xəstəliyin insanlar arasında qruplaşmış halları qeydə alınıb.
İlkin olaraq Fransa, Almaniya, İspaniya və İsveçdə ümumilikdə 70 yoluxma halı qeydə alınıb. Yoluxanların böyük hissəsini homoseksual, biseksual və kişilərlə cinsi əlaqədə olan digər kişilər təşkil edib. Bir çox xəstənin yaxın fiziki və cinsi təmasın baş verdiyi sauna və digər məkanlara getdiyi müəyyənləşdirilib.
Mütəxəssislərin diqqətini çəkən əsas məqam bakteriyanın əvvəllər insanlarda son dərəcə nadir aşkarlanmasıdır. Dermatophilus congolensis daha çox iribuynuzlu mal-qara, at və digər heyvanlarda dəri xəstəliyinə səbəb olan zoonoz bakteriya kimi tanınırdı. Yeni hallarda isə xəstələrin bir hissəsinin heyvanlarla təmasının olmadığı müəyyən edilib.
ECDC hesab edir ki, hazırkı məlumatlar bakteriyanın insandan insana, xüsusilə yaxın dəri təması zamanı ötürülməsinin mümkün olduğunu göstərir. Çirklənmiş səthlər vasitəsilə dolayı yoluxma ehtimalı da hələ istisna edilmir.
Xəstəlik əsasən dəridə qaşınan papulalar, irinli səpkilər, qabıqlı və pulcuqlanan yaralarla özünü göstərir. Zədələnmələr daha çox genital nahiyədə və üzdə müşahidə olunub. İndiyədək qeydə alınan halların böyük əksəriyyəti yüngül keçib və xəstələr antibiotik müalicəsinə yaxşı cavab veriblər.
Musavat.com
28 Avqust 2026
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ