Onlayn ictimai-siyasi qəzet
Ötən il nikahları rəsmi qeydə alınmış 18 yaşadək oğlan və qızların sayı 117 olub. Qeyd edilib ki, nikahı qeydə alınan qızların sayı 116, oğlanların sayı isə 1 olub. Bu rəqəmlər 2024-cü ildə isə 185-in 0-a nisbətdə olub. Bildiyimiz kimi, Azərbaycanda nikah yaşı 18 yaş müəyyən olunur.
Azərbaycanda nikah yaşının 18 müəyyən edildiyi halda bu cür halların hüquqi tərəfi maraq doğurur.
Vəkil Vüsalə Müradxanlı Demokrat.az-a açıqlamasında təqdim olunan rəsmi statistikanın cəmiyyətimizdə haqlı suallar və narahatlıq doğurduğunu deyib:
“Lakin bu rəqəmlərə şərh verməzdən əvvəl ölkəmizdə erkən nikahlara qarşı hüquqi müstəvidə baş vermiş tarixi və köklü dəyişikliyi bəyan etmək mütləqdir. Azərbaycan dövləti uşaq hüquqlarının qorunması məqsədilə qanunvericiliyi maksimum dərəcədə sərtləşdirib və əvvəlki illərdə mövcud olan boşluqları tamamilə qapadıb. Əvvəllər qüvvədə olan qanunvericiliyə görə, müəyyən “üzrlü səbəblər” (hamiləlik, uşağın doğulması və s.) olduqda yerli icra hakimiyyətlərinin sərəncamı ilə nikah yaşı 1 il azaldıla (17 yaşa endirilə) bilərdi. Lakin qanunvericiliyə edilən son fundamental dəyişikliklərlə Ailə Məcəlləsinin nikah yaşının azaldılmasını nəzərdə tutan 10.2-ci maddəsi tamamilə ləğv edilib.
Bu o deməkdir ki, artıq Azərbaycanda rəsmi nikah üçün istisnasız olaraq yalnız 18 yaş həddi tələb olunur. Heç bir dövlət orqanı, heç bir üzrlü səbəb əsas gətirilərək 18 yaşından kiçik şəxsin rəsmi nikahının bağlanmasına icazə verə bilməz. Statistikada görünən ötən illərə aid rəqəmlər məhz həmin ləğv edilmiş köhnə maddənin qüvvədə olduğu dövrlərdə qeydə alınan yekun sərəncamların nəticəsidir. Yeni qanunla bu qapı birdəfəlik bağlanıb”.
Vəkil erkən evliliklərin qarşısını almaq üçün təkcə rəsmi nikah yox, həm də qeyri-rəsmi (faktiki) birgəyaşayış ittifaqlarının hədəfə alındığını vurğulayıb:
“Cinayət Məcəlləsinə edilən dəyişikliklərə əsasən: Maddə 176-1 yenidən adlandırılıb: Əvvəlki “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi artıq “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilib və nikah yaşına çatmayan şəxsi buna məcbur edənlər üçün 4 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Yeni maddə 176-2 (On altı yaşına çatmayan şəxsin erkən evliliyinin təşkili): Qanun artıq 16 yaşına çatmayan şəxslərin “toy”, “nişan” və ya digər adlar altında faktiki evləndirilməsini birbaşa cinayət məsuliyyəti hesab edir. Bu cinayəti törədən valideynlər, uşağı tərbiyə etməyə borclu olan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs (əgər aralarındakı yaş fərqi 5 ildən çoxdursa) böyük məbləğdə cərimə və ya 2 ilədək müddətə həbs cəzası ilə cəzalandırılır. Dəyişikliklər inzibati məsuliyyət mexanizmini də hərəkətə gətirib. İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 189-1-ci maddəyə əsasən, on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma, bununla bağlı mərasimlərin (məsələn, elçilik, nişan, toy) keçirilməsi qadağandır. Ən əsası, yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbin kəsilməsinə (molla kəbini) görə fiziki şəxslər birbaşa 1000 manat məbləğində cərimə edilir. Əgər bu xəta bir il ərzində təkrar törədilərsə, cərimə 2000 manata qaldırılır və ya işin hallarına görə həmin şəxs 15 gündən 1 ayadək müddətə inzibati həbs edilir. Təqdim etdiyiniz 2024-cü ildəki rəqəmlərin (185-in 0-a nisbəti) yalnız qızlardan ibarət olması və oğlanların ümumiyyətlə olmaması cəmiyyətdə hələ də qız uşaqlarının erkən ərə verilməsi stereotipinin qalmasından xəbər verir. Oğlanların yetkinlik yaşına çatmadan evləndirilməsi təcrübəsi ölkəmizdə demək olar ki, yoxdur. Lakin yeni qanunvericilik islahatları birmənalı şəkildə mesaj verir: Azərbaycanda uşaq nikahı və ya yetkinlik yaşına çatmayanların evləndirilməsi qətiyyən qəbul edilmir. Dövlət bu məsələdə “üzrlü səbəb” anlayışını sıradan çıxararaq uşaqların təhsil, sağlamlıq və azad inkişaf hüququnu hər şeydən üstün tutduğunu nümayiş etdirdi. Qanundan kənar atılan hər bir addım istər valideyn, istər toyu təşkil edən şəxs, istərsə də kəbin kəsən din xadimi üçün ağır hüquqi nəticələr və həbs təhlükəsi yaradır”.
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ