İnsanlara hürriyət, millətlərə istiqlal!

Əbədiliyin mədəniyyət kodu

(Nizamidən Nəvaiyə… Füzulidə Uluqbəyə… – Azərbaycan–Özbəkistan dostluğunun dünəni, bugünü və sabahı üzərinə bir neçə söz)

“Əbədi” sözü zamanın içində yaranır, ancaq zamana sığmır. Zamana sığmamaq bizim ədəbi-fəlsəfi idrakımızda ən gözəl ifadəsini Nəsimidə tapıb:
“Məndə sığar iki cahan,
Mən bu cahana sığmazam!”
Nəsimidən öncə Nizami, Nizamidən öncə Yəsəvi, Yəsəvidən öncə Fərabi vardı… Nəsimidən sonra Nəvai, ondan sonra Füzuli, daha sonra Vaqif gələcəkdi…
Bəli, zamana sığmamaqdan danışırıq; onun ədəbiyyatda, fəlsəfədə yeri-göyü bir başqadı; dövlətlərarası münasibətlərdə isə bu sözün məsuliyyəti daha böyükdür – daha praktik, daha əllətutulan, gözlə görüləndir. Diplomatiya adətən gələcək haqqında danışarkən ölçülü-biçili anlayışlara üstünlük verir: uzunmüddətli işbirliyi, strateji tərəfdaşlıq, müttəfiqlik, qarşılıqlı maraq… “Əbədi” isə başqa sözdür. O, müqavilə müddətini ötərək, münasibətin mahiyyətini ifadə edir…
2026-cı il avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin imzaladığı “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” də məhz bu baxımdan tarixi hadisədir.
Ancaq biz bu sənədə yalnız siyasi münasibətlər müstəvisindən baxmırıq. Çün dövlətlər əbədi olmaları haqqında müqavilə bağlaya bilər, lakin əbədiliyin mədəni bazisi yoxdursa, söz (iraq olsun) kağız üzərində qala bilər.
23 avqust 2026-cı ildə imzalanan sənəd iki xalq arasında dostluğu yaratmadı – yüzillər boyu mövcud olmuş dostluğa dövlətçilik möhürü vurdu. – Azərbaycanla Özbəkistanın üstünlüyü bax, bundadır!
Sanki, prezidentlərin imzası Nizami, Nəvai sözünün ruhi gücüylə zənginlənmişdi.
Sanki Əbədi dostluq haqqında Müqavilənin görünməyən ilk səhifəsi yüzillər öncə yazılmışdı…
Nizami Gəncəvi ilə Əlişir Nəvai heç vaxt eyni zamanın adamları olmayıbl.
Nizami XII yüzildə yaşayıb, Nəvai XV yüzildə. Aralarında təxminən üç yüz il var. Lakin mədəniyyətin qəribə bir zaman ölçüsü mövcuddur: ruh üçün üç yüz il bəzən üç addımdır…
Nəvai Nizamini görmədi, amma onunla danışdı. Nizami Nəvainin dünyaya gələcəyini bilmədi, amma ona yol açdı.
Gəncəli Nizaminin “Xəmsə”si Şərq ədəbi-fəlsəfi düşüncəsində elə böyük mənəvi orbit yaratdı, yüzillər sonra Əlişir Nəvai həmin orbitə daxil olaraq öz “Xəmsə”sini yaratdı. Məgər bu, sadəcə ədəbi təsirlənməydimi? – Əlbəttə, yox! – Söhbət, bir böyük sənətkarın başqa böyük sənətkara cavabı, yüzillərarası mədəni dialoq idi.
Təsadüfi deyil, Prezident Şavkat Mirziyoyev Azərbaycanla Özbəkistanın mədəni bağlarından danışarkən Nəvainin Nizami yaradıcılığından ilham aldığını, böyük Gəncəlini “şairlərin şahı” adlandırdığını ayrıca vurğulayıb. Özbəkistanın Şərqşünaslıq İnstitutunda Nizami, Xaqani, Nəsirəddin Tusi, Füzuli, Xətai və başqa Azərbaycan klassiklərinin nadir əlyazmalarının qorunduğunu da məhz Özbəkistan Prezidenti diqqətə çatdırıb.
Bəli, bizim ədəbi əlaqələrimiz diplomatik münasibətlərimizdən çox qədimdir.
Azərbaycanla Özbəkistan arasında səfirliklər yaranmamışdan yüzillər öncə sözün səfirlikləri vardı…
Kitab səfir idi… Şeir, əlyazma səfir idi.
Nizami, Nəvai irsi səfir idi.
Və bu səfirlərin diplomatik pasporta qətiyyən ehtiyacı yoxdu…
Mədəniyyətin üst qatı tədbirlərdir: konsert, sərgi, kitab tanıtımı, yubiley, festival və s… Bir az aşağıda ədəbiyyat, musiqi, teatr, memarlıq, dil dayanır. Daha dərində isə mədəni kodlar yerləşir. Bəs “dərin mədəniyyət” deyərkən nəzərdə tutduğumuz əsas məqamlar nədir? – Biri budur: ulusların yaxınlığı yalnız bir-birinin mahnısını sevməsi ilə ölçülmür. Əsl yaxınlıq onların zaman, insan, ailə, dövlət, ədalət, gözəllik, söz, yaddaş və gələcək haqqında təsəvvürlərinin bir-birinə hansı dərəcədə yaxın olmasıdır.
Azərbaycanlı Nizamini oxuyanda Nəvaiyə yad qalmır.
Özbək Nəvaini oxuyanda Füzulini qərib saymır. – Niyə? – Çün sözlər fərqlənsə də, sözün arxasındakı mənəvi kainat doğmadır. Ürəyimizə doğan, Ürəyimizdə doğan Günəş var axı…
Nizaminin insanı kamilləşdirmək istəyi, Nəvainin insan ləyaqətinə verdiyi dəyər, Füzulinin eşqi ilahi-fəlsəfi qata yüksəltməsi eyni böyük Şərq və türk-islam mədəniyyət hövzəsinin müxtəlif ucalıqlarıdır.
Ona görə Azərbaycan–Özbəkistan münasibətlərini yalnız “ikitərəfli əlaqələr” termini ilə anlatmaq mənə həmişə yetərsiz görünür.
Burada iki dövlət var, amma bir-birinə yad iki mədəniyyət yoxdur…
Deyir, tarixin gözəl qafiyələri olur.
Azərbaycan Prezidentinin budəfəki dövlət səfərinin ən təsirli hadisələrindən biri Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni korpusunun açılışı oldu.
Bax, bu artıq yalnız abidə, küçə adı, yubiley tədbiri sayıla bilməz.
Nizami burada dərin instituta çevrilir.
Onun adı müəllim yetişdirən universitetin üzərində yaşayır.
Daha maraqlısı budur ki, həmin universitet Azərbaycan universitetləri ilə birgə elmi-təhsil proqramları həyata keçirir; “Yeni Daşkənd”də qurulan 40 hektarlıq yeni kampusda 20 min nəfərlik tədris infrastrukturu, 5 min nəfərlik tələbə yataqxanası və Nizami Gəncəvi Muzeyi nəzərdə tutulur.
Bəs Azərbaycanda?
Füzulidə Mirzə Uluqbəy adına məktəbdən daha öncələr bir neçə dəfə söz açmışıq.
Buyurun, indi bu iki faktı yanaşı qoyaq:
Daşkənddə Nizami…
Füzulidə Uluqbəy…
Biri şair-mütəfəkkir, biri hökmdar-astronom.
Biri sözün göyüzünü ölçürdü, biri ulduzların…
İndi onların adları iki qardaş ölkənin uşaqlarının, tələbələrinin, müəllimlərinin həyatına daxil olur.
Biz Füzulidə Uluqbəy məktəbinin yaradılmasını öncədən yalnız tikinti hadisəsi saymamaqda haqlıyıq.
Füzuli Qarabağ Zəfərinin, qayıdışın, dirçəlişin coğrafiyasıdır. Uluqbəy isə Türk-İslam intibahının, elmin, zəkanın, göyüzünün adıdır.
İndi həmin məktəbin ilk məzunlarının Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetdə qrantla təhsil hüququ qazanması isə rəmzi gerçək münasibətə çevirir. Rəsmi bilgiyə görə, məktəb məzunlarının 20 faizi artıq həmin universitetə qəbul olunub. Möhtəşəmdir!
Beləcə qəribə, amma gözəl bir mədəni dövran yaranır:
Özbəkistan Füzulidə məktəb qurur,
Füzulidə yetişən gənc Daşkəndə gedir,
Daşkənddə Nizaminin adını daşıyan universitetdə oxuyur…
Bax, bax, bu, diplomatiyanın mədəniyyətə, mədəniyyətin təhsilə, təhsilin insan taleyinə çevrilməsi faktıdır.
Dərin mədəniyyət yaxud mədəniyyətin dərinliyi məhz bu deyilmi?
İndi isə gəlin abidədən adama doğru yol alaq…
Bakıda Əlişir Nəvainin, Daşkənddə Nizami Gəncəvinin abidəsi var. Bakı küçələrindən biri Mirzə Uluqbəyin adını daşıyır. Dövlətlərarası münasibətlərin öncəki mərhələlərində də iki xalqın klassiklərinə qarşılıqlı sayğı göstərilib.
İndi isə münasibətlər başqa mərhələyə keçir.
Abidədən məktəbə… Məktəbdən universitetə… Universitetdən tələbəyə… Parkdan şəhərə… Şəhərdən insana…
Məncə, Azərbaycan–Özbəkistan münasibətlərinin indiki mərhələsinin kulturoloji yeniliyi elə buradadır.
Mədəniyyət artıq keçmişi yad etmək vasitəsindən daha çox gələcəyi layihələndirmək texnologiyasına çevrilir.
Nizaminin heykəlini ucaltmaq yaddaşdır; Nizaminin adına müəllim hazırlayan universitet yaratmaq isə gələcəkdir.
Uluqbəy haqqında konfrans keçirmək sayğıdır; Uluqbəyin adına Qarabağda uşaqların oxuduğu məktəb yaratmaq isə mədəniyyətin həyatlaşmasıdır.
Bu fərq çox önəmlidir.
Yenidən qayıdaq, Əbədi dostluğa.
“Əbədi” sözünün türk dövlətçilik yaddaşında ayrıca çəkisi var.
Orxon abidələrinin bəngü/məngü daş düşüncəsini yada salaq.
Daşa söz nə üçün yazılırdı? – Daş danışsın deyəmi? Yox. – Zaman danışsın deyə!
“Türk bəyləri, türk ulusu, eşidin!” çağırışı daşın üzərinə həmin gün üçün həkk edilməmişdi. Söz gələcəyə göndərilmişdi.
Bu baxımdan mən 2026-cı ildə Azərbaycanla Özbəkistan arasında imzalanmış Əbədi dostluq haqqında Müqavilədə qədim bəngü düşüncəsinin çağdaş dövlətçilik dilində qəribə bir əks-sədasını görürəm.
XXI yüzilin müqaviləsi Orxon kitabəsi olmasa da, ancaq mahiyyətin dərin qatında oxşar bir iradə var:
bugünün qərarını sabaha ötürmək…
Dövlət başçıları “əbədi” deyərkən yalnız öz siyasi zamanları haqqında danışmır. Onlar hələ doğulmamış nəsillərimizə münasibətin yönünü göstərir.
Bu səbəbdən həmin müqavilənin ən böyük təminatlarından biri onun mədəni yaddaşdır.
Nizami ilə Nəvai arasındakı ruhi bağ, Füzuli ilə özbək oxucusu arasındakı bağ, Uluqbəy ilə Qarabağ məktəblisi arasındakı bağ da təminatdır.
Bəlli olduğu kimi, mədəni yaxınlığın çox incə bir ölçüsü vardır: başqa xalqın böyük şəxsiyyətinə nə qədər “başqası” kimi baxırsan?
Əgər Nizami Daşkənddə yalnız “Azərbaycan şairi” kimi yad edilirsə, bu, sayğıdır.
Əgər özbək tələbəsi onu öz mənəvi dünyasının müəllimlərindən biri kimi qəbul edirsə – bu artıq ortaq mədəniyyət hadisəsidir.
Eyni söz Nəvai haqqında Bakıda deyilə bilər.
Nəvai özbək xalqının böyük oğludur. Bununla yanaşı, onun türk dilinin bədii-fəlsəfi imkanlarını yüksəltdiyi mərtəbə bütün türk xalqlarının mədəni sərvətidir. “Mühakimətül-lüğəteyn” – “İki dilin mübahisəsi” kimi…
Nizami Gəncədən dünyaya baxırdı, Nəvai öz yurdundan bəşəriyyətə səslənirdi.
Böyük ustadlar bir torpaqda doğulur, amma bir torpağa sığmırlar. – Onların
qəribə özəlliyi budur.
Elə buna görə də biz “Gəncəli Nizami Daşkənddədirsə, Əlişir Nəvai Bakıda olacaq, əlbət!” deyəndə bunu sadəcə poetik paralel kimi düşünmürük.
Bu, ortaq mədəni məkanın təbii qanunudur.
Beləliklə, Azərbaycan–Özbəkistan mədəni bağlarının dünəni zəngin, bugünü daha sistemlidir. Sabahı isə bundan da böyük ola bilər. Niyə də olmasın?
Dünənin modeli əsasən ustadların qarşılıqlı tanıdılması, çevrilər, ədəbi təsirlər, əlyazmalar, şəxsi yaradıcılıq bağları idi.
Bugün bunlara dövlət siyasəti, universitetlərarası işbirliyi, qarşılıqlı Mədəniyyət Günləri, məktəblər, şəhər qardaşlaşmaları, parklar, elmi proqramlar əlavə olunur. Prezident İlham Əliyev səfər öncəsi Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA-ya) müsahibəsində də mədəni-humanitar və təhsil işbirliyini münasibətlərin aparıcı sahələrindən biri kimi səciyyələndirib.
Sabah isə üçüncü mərhələyə keçmək lazımdır: ortaq mədəni istehsal mərhələsinə… Yəni yalnız bir-birimizin keçmişini tərcümə etməyək – gələcəyimizi da birgə yazaq.
Azərbaycan və özbək alimlərinin ortaq türkoloji araşdırmaları;
Nizami–Nəvai müqayisəli araşdırmalarının daimi elmi platformu;
ortaq rəqəmsal əlyazmalar kitabxanası;
gənc yazıçı və çevriçilərin qarşılıqlı rezidensiyaları;
ortaq kino, animasiya, sənədli film layihələri;
uşaqlar üçün Azərbaycan–Özbəkistan ortaq ədəbiyyat seriyası;
süni intellekt dönəmi üçün Azərbaycan və özbək dillərinin qarşılıqlı rəqəmsal resursları və s…
XXI yüzildə mədəniyyət yalnız muzeydə qorunmur; o, həm də rəqəmsal dünyada yaradılan və gələcəyə ötürülən yaddaşdır.
Əbədi dostluğun sabahkı dili bir az da belə olacaq.
Bakı–Daşkənd xətti gücləndikcə Gəncə ilə Səmərqənd, Şuşa ilə Xivə, Füzuli ilə Daşkənd, Nizami ilə Nəvai arasında yüzillərdir mövcud olan görünməz bağlar yeni institusional məzmun qazanır.
Burada siyasət mədəniyyəti yaratmır.
Siyasət mədəniyyətin yüzillər boyu yaratdığı yaxınlığa yol açır.
Fərq bundadır.
Deyir, dövlətlərin də mədəni özkeçmişi vardır. İnsan özkeçmişini yalnız imzaladığı sənədlərlə yazmır.
Dövlət də elədir. Bir dövlətin özkeçmişində müqavilələrlə yanaşı tikdiyi məktəb, qoruduğu əlyazma, başqa xalqın şairinə ucaltdığı abidə, tələbəyə verdiyi təqaüd, başqa ölkədə saldığı park da yaşayır.
Ona görə Azərbaycan–Özbəkistan münasibətlərinin indiki yüksəlişinə yalnız geosiyasət pəncərəsindən baxsaq, mənzərəni yarımçıq görərik.
Onun geokulturoloji ölçüsü də var.
Bəlkə, daha dərini məhz odur.
Çün siyasi maraqlar dəyişə bilər.
İqtisadi konyunktura, yükdaşıma marşrutları dəyişə bilər; amma Nizaminin Nəvaiyə təsir etmiş olması dəyişməyəcək.
Daşkənddə qorunan Azərbaycan əlyazmalarının yaddaşı dəyişməyəcək.
Füzulidə Uluqbəy adına məktəbin ilk zənginin səsi tarixdən silinməyəcək.
Mədəniyyətin siyasətdən daha uzunömürlü olmasının sirri də budur.
Mədəniyyət bayrağımız da, dövlət bayrağımız da daim uca olsun!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR