İnsanlara hürriyət, millətlərə istiqlal!

Babası sovet casusu idi, özü Saakaşvilinin məsləhətçisi...-indi isə Fransa prezidenti olmaq istəyir-O KİMDİR?

 

Fransada 2027-ci il prezident seçkisi yaxınlaşdıqca ölkənin siyasi mənzərəsində yeni və diqqətçəkən fiqurlar ön plana çıxır. Onlardan biri, bəlkə də son illərdə ən sürətlə yüksələn siyasətçilərdən biri olan Rafael Qluksmandır. 46 yaşlı siyasətçi 23 avqust 2026-cı ildə Fransa prezidentliyinə namizədliyini rəsmən elan edib. Onun bu qərarı gözlənilməz sayılmırdı. Çünki, artıq bir müddətdir ki, özünü Fransanın parçalanmış mərkəz-sol düşərgəsini birləşdirə biləcək yeni siyasi lider kimi təqdim edirdi. İndi isə qarşısında daha böyük və daha çətin hədəf dayanır, Yelisey sarayına gedən yolu açmaq...

Lakin Rafael Qluksmanı yalnız “Fransa prezidentliyinə namizəd olan sosial-demokrat siyasətçi” kimi təqdim etmək onun siyasi portretini olduqca sadələşdirmək olardı. Çünki bu şəxsin keçmişində Fransa daxili siyasətindən daha çox Gürcüstan, Ukrayna, Rusiya, postsovet məkanı, Saakaşvili hakimiyyəti, Avropa inteqrasiyası və beynəlxalq təhlükəsizlik kimi mövzular dayanır. Onun bugünkü siyasi dünyagörüşünün əhəmiyyətli hissəsi də məhz həmin illərdə formalaşıb.

O, 15 oktyabr 1979-cu ildə Parisin yaxınlığındakı Bulon-Biyankurda dünyaya gəlib. Rafael Qluksman sıradan siyasi ailədən çıxmayıb. Atası Andre Qlyuksman Fransanın tanınmış filosoflarından biri, XX əsrin sonlarında kommunizmin və sovet totalitarizminin ən sərt fransız tənqidçilərindən olub. Bu ailə irsi Rafaelin siyasi dünyagörüşünə ciddi təsir göstərib.

Lakin Rafael Qluksman ailə tarixində bundan da daha sensasion məqam var. Son illərdə üzə çıxan məlumatlara görə, onun babası sovet kəşfiyyatı ilə əlaqəli olub. Bu fakt Rafaelin bugünkü siyasi xətti ilə xüsusilə ironik səslənir. Çünki o, hazırda Fransada Kremlin və Vladimir Putinin ən sərt tənqidçilərindən biridir. Beləliklə, bir ailə daxilində üç fərqli siyasi mərhələ görünür: sovet kəşfiyyatı ilə əlaqələndirilən baba, kommunizmdən antikommunizmə keçmiş ata və Rusiyanın ekspansionist siyasətinə qarşı çıxan oğul.

Rafael Qluksman siyasətə birbaşa deputat və ya partiya funksioneri kimi daxil olmayıb. Əvvəlcə jurnalistika, sənədli film və publisistika ilə məşğul olub. Onun ilk fəaliyyət istiqamətlərindən biri postsovet məkanı, Ukrayna və Gürcüstandakı siyasi dəyişikliklər olub. Hətta Ruandadakı soyqırımı və Fransanın bu prosesdəki məsuliyyətini araşdıran sənədli film üzərində işləyib. Daha sonra postsovet məkanında baş verən “rəngli inqilablar” və siyasi transformasiyalar onun diqqət mərkəzinə keçib.

Məhz bu fəaliyyət onu Gürcüstana gətirdi. Və burada Rafael Qluksmanın siyasi bioqrafiyasının ən mühüm səhifələrindən biri başlayır.

O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin siyasi komandasında məsləhətçi kimi çalışıb. 2009-cu ildən etibarən Saakaşvili ilə yaxın əməkdaşlıq edən Rafael Qluksman Gürcüstanın siyasi strategiyası, kommunikasiya və Avropa ilə münasibətləri üzrə fəaliyyət göstərib. Onun Gürcüstandakı fəaliyyəti təsadüfi epizod deyildi. O dövrdə Gürcüstan Rusiyanın təsirinə qarşı Qərbə inteqrasiyanı sürətləndirməyə çalışırdı. Saakaşvili isə Moskva ilə münasibətlərdə son dərəcə sərt mövqedə dayanırdı. O, postsovet məkanında Rusiyanın təsir mexanizmlərini, siyasi təzyiq vasitələrini və informasiya müharibəsini yaxından müşahidə etmiş siyasətçidir. Buna görə də Ukrayna müharibəsi başlayandan sonra onun mövqeyi digər fransız siyasətçilərinin bir hissəsindən daha sərt oldu.

Rafael Qluksman Ukraynanı sadəcə Rusiyanın təcavüzünə məruz qalmış ölkə kimi görmür. Onun siyasi fəlsəfəsində Ukrayna Avropanın təhlükəsizlik xəttinin bir hissəsidir. O hesab edir ki, Ukraynanın Rusiyaya qarşı mübarizəsi əslində Avropanın öz gələcəyi uğrunda mübarizəsidir. Buna görə də Kiyevə hərbi, siyasi və maliyyə dəstəyinin davam etdirilməsini, Avropanın öz müdafiə imkanlarını artırmasını və ABŞ-dan təhlükəsizlik baxımından daha az asılı olmasını müdafiə edir.

Rafael Qluksmanın siyasi yüksəlişinin ikinci mühüm mərhələsi 2018-ci ildə “Place publique” siyasi hərəkatının yaradılması oldu. Bundan bir il sonra “Place publique” ilə Sosialist Partiyası Avropa Parlamentinə seçkilərdə birgə siyahı ilə iştirak etdi və Rafael Qluksman siyahıya rəhbərlik etdi. Həmin seçkidə nəticə təxminən 6,2 faiz oldu və altı deputat mandatı qazanıldı. Beş il sonra isə vəziyyət tamamilə dəyişdi. 2024-cü il Avropa Parlamentinə seçkilərdə onun rəhbərlik etdiyi “PS–Place publique” siyahısı təxminən 14 faiz səs topladı və üçüncü yerə çıxdı. Bu nəticə onu Fransanın milli siyasətində artıq ciddi faktor kimi təqdim etdi.

Məhz 2024-cü ildən sonra Fransada “Qlyuksman fenomeni” adlandırılan siyasi yüksəlişdən danışılmağa başladı. O, xüsusilə şəhərli, gənc, təhsilli, Avropayönlü və sosial-demokrat seçicilər arasında populyarlıq qazandı. Lakin burada onun əsas problemi də üzə çıxdı: bu seçici bazası prezident seçkisinin ikinci turuna çıxmaq üçün kifayət qədər geniş deyil.

2027-ci il prezident seçkisində Rafael Qluksmanın qarşısında əsas məsələ məhz budur. O, hazırda Fransanın bütün solunun namizədi deyil. Əksinə, sol düşərgədə ciddi parçalanma var. Bir tərəfdə Jan-Lük Melenşonun radikal solu, digər tərəfdə Sosialist Partiyası, “Place publique” və müxtəlif ekoloji qüvvələr dayanır. Üstəlik, Fransanın keçmiş prezidenti Fransua Olland kimi siyasətçilərin yenidən prezidentlik yarışına qoşulmaq ehtimalı onun işini daha da çətinləşdirir.

Левоцентрист Рафаэль Глюксман объявил о своей кандидатуре на президентских  выборах 2027 года - RFI

Buna baxmayaraq, Rafael Qluksmanın öz siyasi modeli kifayət qədər aydındır. O, Fransada sosial ədaləti gücləndirmək, ən varlı təbəqələrin vergi yükünü artırmaq, əməkhaqqı alan insanların üzərinə düşən yükü azaltmaq, dövlət məktəblərinə daha çox investisiya qoymaq və ekologiyanı sənaye siyasəti ilə birləşdirmək istəyir. Onun ekologiya anlayışı klassik “yaşıl siyasət”dən bir qədər fərqlənir.

Rafael Qluksmanın sosial siyasəti də klassik radikal sol xəttindən fərqlənir. O böyük sərvətlərin və yüksək mirasların daha çox vergiyə cəlb edilməsini müdafiə edir, lakin biznes və sahibkarlıq dünyasına qarşı düşmən ritorikadan qaçır. O, dövlətin sosial rolunun gücləndirilməsini istəyir, amma bazar iqtisadiyyatını ləğv etmək niyyətində deyil. Bu baxımdan onun modeli daha çox Avropanın klassik sosial-demokrat siyasətinə yaxındır.

Təhsil məsələsi də onun proqramında xüsusi yer tutur. Müəllimlərin maaşlarının artırılması, siniflərin yüklənməsinin azaldılması, məktəblərin təmir edilməsi və təhsil sisteminə daha çox dövlət sərmayəsinin yönəldilməsi onun əsas prioritetlərindəndir. Pensiya məsələsində isə o, sadəcə mövcud islahatın ləğvini deyil, işin ağırlığı və əmək şəraitini nəzərə alan daha çevik sistem təklif edir.

Miqrasiya məsələsində də Rafael Qluksman Fransanın solunda özünəməxsus mövqe tutur. O, ifrat sağın “sıfır miqrasiya” xəttini qəbul etmir. Eyni zamanda miqrasiya probleminin ümumiyyətlə müzakirə edilməməsini də düzgün hesab etmir. Onun yanaşması qanuni miqrasiya kanallarının, inteqrasiyanın və əmək bazarının ehtiyaclarının nəzərə alınması ilə yanaşı, qeyri-qanuni miqrasiya ilə mübarizəni də ehtiva edir. Beləliklə, o, həm də digər prezidentliyə namizəd Le Penin sərt anti-miqrasiya xəttindən, həm də radikal solun daha açıq mövqeyindən fərqlənməyə çalışır.

Rafael Qluksmanın bütün bu daxili siyasət məsələlərindən daha güclü olduğu sahə isə xarici siyasətdir. O, ilk növbədə Avropa siyasətçisidir. Onun fikrincə, Fransa XXI əsrdə qlobal güc olaraq qalmaq istəyirsə, bunu yalnız Avropa İttifaqının daxilində edə bilər. Buna görə də Aİ-nin müdafiə, enerji, sənaye, rəqəmsal texnologiya və xarici siyasət sahələrində daha güclü olmasını istəyir.

Onun Çinlə bağlı mövqeyi də diqqət çəkir. Rafael Qluksman Çin hakimiyyətinin insan hüquqları siyasətini, xüsusilə uyğurlar məsələsini sərt şəkildə tənqid edən Avropa siyasətçilərindən biridir. Çin 2021-ci ildə onun da daxil olduğu bir qrup Avropa Parlament deputatına sanksiya tətbiq etmişdi. O, eyni zamanda Tayvan məsələsində Pekinin təzyiq siyasətinə qarşı çıxan Avropa siyasətçiləri sırasında yer alıb. Bu da onun xarici siyasət portretini tamamlayır: Rusiya qarşısında sərtlik, Çin qarşısında ehtiyat və insan hüquqları vurğusu, Ukraynaya maksimum dəstək və Avropanın strateji müstəqilliyi.

Onun Avropa siyasətində daha bir mühüm mövzu rəqəmsal suverenlikdir. Rafael Qluksman TikTok və X kimi platformaların Avropa qaydalarına daha ciddi tabe edilməsini istəyir. Onun fikrincə, ABŞ və Çin texnologiya şirkətlərinin Avropa informasiya məkanına həddindən artıq təsiri demokratiya üçün risk yaradır. Bu yanaşma onun xarici müdaxilə və dezinformasiya ilə mübarizəyə verdiyi əhəmiyyətlə də bağlıdır.

Təsadüfi deyil ki, Avropa Parlamentində Rafael uzun müddət xarici müdaxilələr və demokratik proseslərin qorunması ilə bağlı fəaliyyət göstərib. Bu məsələyə onun şəxsi marağının səbəblərindən biri də Rusiyanın Avropadakı informasiya əməliyyatlarına dair mövqeyidir.

Elə 2026-cı ilin avqustunda onun özünün də Rusiyaya bağlı olduğu bildirilən informasiya kampaniyasının hədəfinə çevrildiyi açıqlanıb. Fransız təhlükəsizlik mənbələri ona qarşı yayılan saxta məlumatların Storm-1516 adlı prorusiya şəbəkəsi ilə əlaqəli olduğunu bildiriblər. Rafael Qluksman isə Rusiya təhlükəsizlik strukturlarının 2027-ci il seçki kampaniyasını destabilizasiya etməyə çalışdığını açıqlayıb.

Bu fakt xüsusilə diqqətçəkəndir. Çünki Rafael Qluksmanın siyasi kimliyinin əsas sütunlarından biri artıq “Kremlə qarşı mübarizə”dir. Onun Rusiya siyasəti Fransa daxilində də ciddi mübahisələr doğurur. Tənqidçiləri onu həddindən artıq anti-Rusiya hesab edir, tərəfdarları isə əksinə, onun postsovet məkanını və Kremlin siyasətini digər fransız siyasətçilərindən daha yaxşı tanıdığını bildirirlər.

Cənubi Qafqaz məsələsində isə onun mövqeyi xüsusi diqqət tələb edir. Onun regiona münasibətini başa düşmək üçün ilk növbədə Gürcüstan və Saakaşvili təcrübəsini nəzərə almaq lazımdır. Azərbaycan-Ermənistan məsələsində onun Avropa Parlamentindəki fəaliyyətində Ermənistan-Aİ əlaqələrinin gücləndirilməsi və Azərbaycan-Ermənistan arasında sülh sazişinin vacibliyi ilə bağlı çıxış və müzakirələrə rast gəlinir. Avropa Parlamentinin rəsmi profilində də onun iştirak etdiyi fəaliyyətlər arasında “Aİ-Ermənistan əlaqələrinin yaxınlaşdırılması və Azərbaycan-Ermənistan arasında sülh sazişinə ehtiyac” mövzusu qeyd olunur.

Burada mühüm məqam ondan ibarətdir ki, Rafael Qluksmanın Cənubi Qafqaz siyasətini indidən açıq şəkildə “anti-Azərbaycan” adlandırmaq üçün kifayət qədər əsas yoxdur. Lakin onun siyasi dünyagörüşü Azərbaycan üçün diqqətdən kənarda qala bilməz. Çünki o, Rusiyanın regiondakı təsirinin məhdudlaşdırılmasını, Aİ-nin Şərq Tərəfdaşlığının gücləndirilməsini və Ermənistanla Avropa əlaqələrinin genişləndirilməsini dəstəkləyən siyasətçidir. Əgər gələcəkdə Yelisey sarayına gəlsə, onun Cənubi Qafqaz siyasəti böyük ehtimalla məhz bu geosiyasi çərçivədən formalaşacaq.

Bu baxımdan Bakı üçün əsas məsələ Rafael Qluksmanın şəxsən Azərbaycana münasibətindən daha genişdir. Sual ondan ibarətdir ki, onun rəhbərliyi altında Fransa Aİ-nin Cənubi Qafqaz siyasətində hansı rolu oynayacaq, Ermənistanla münasibətləri hansı səviyyəyə qaldıracaq, Azərbaycanla enerji və təhlükəsizlik əməkdaşlığını necə qiymətləndirəcək və regionda Türkiyə və Rusiyanın roluna necə yanaşacaq.

Onun şəxsi həyatı da Fransada diqqətdən kənarda qalmır. O, əvvəllər Gürcüstan və Ukrayna siyasi səhnəsində fəaliyyət göstərmiş Eka Zquladze ilə evli olub. Daha sonra Fransanın məşhur jurnalisti və televiziya aparıcısı Lea Salame ilə münasibət qurub. Cütlüyün övladı var. Salame Fransanın ən tanınmış televiziya simalarından biri olduğuna görə bu münasibət onun prezidentlik kampaniyası fonunda əlavə media marağı doğurur. Rafael Qluksmanın namizədliyini elan etməsindən sonra Salame maraqlar toqquşmasının qarşısını almaq üçün efir fəaliyyətindən geri çəkiləcəyini açıqlayıb.

Rafael Qluksmanın özünün siyasətçi kimi təqdim etdiyi obraz isə bundan fərqlidir. O, özünü “ənənəvi siyasi sistemin məhsulu” kimi təqdim etməkdən qaçır. Onun jurnalist, sənədli film müəllifi, xaricdə siyasi məsləhətçi və daha sonra Avropa Parlamentinin deputatı olması ona klassik Fransa siyasi elitasından fərqli imic qazandırır. Lakin rəqibləri bunun əksini iddia edir və onu Parisin intellektual-siyasi elitasının nümayəndəsi hesab edirlər.

Bu ziddiyyət 2027-ci il kampaniyasının ən maraqlı tərəflərindən biri olacaq.

Hazırda onun əsas siyasi problemi seçicilərdən çox, öz siyasi düşərgəsidir. Fransa solu parçalanıb. Melenşon öz namizədliyini irəli sürüb, Sosialist Partiyası daxilində müxtəlif adlar meydana çıxıb, ekoloqlar ayrıca strategiya axtarırlar, keçmiş prezident Fransua Olland da yarışa qoşulmaq ehtimalı müzakirə olunur. Belə vəziyyətdə onun qarşısında son dərəcə çətin vəzifə dayanır: özünü sadəcə Sosialist Partiyasının namizədi deyil, Fransanın demokratik solunun vahid namizədi kimi təqdim etmək.

Avqust 2026-cı ilin sonuna olan mənzərədə Rafael Qluksmanın dəstəyi təxminən 10 faiz ətrafında qiymətləndirilir. Bu göstərici onu ciddi namizəd edir, amma ikinci tur üçün hələ kifayət deyil. Marina Le Pen daha güclü mövqedədir, Melenşon isə radikal solun əsas namizədi kimi görünür. Deməli, Rafael Qluksmanın əsas problemi seçici qazanmaqdan əvvəl solun digər hissələrindən seçici oğurlamaqdır.

Məhz burada onun bütün siyasi gələcəyi müəyyənləşəcək. Əgər Rafael Qluksmansosialistləri, ekoloqların bir hissəsini, Makronizmə məyus olmuş mərkəz-sol seçiciləri və radikal soldan uzaq duran gənc elektoratı bir araya gətirə bilsə, onun göstəricisi sürətlə yüksələ bilər. Əks halda, parçalanmış solun hər biri 5–12 faiz arasında səs toplaması nəticəsində birinci turda ikinci mərhələyə keçə bilməməsi ehtimalı yüksək olaraq qalacaq. Bu mənada Rafael Qluksmanın prezidentlik iddiasının əsas məqsədi təkcə Yelisey sarayına getmək deyil. O, eyni zamanda Fransız solunun gələcək siyasi modelini dəyişdirməyə çalışır.

Onun qarşısında iki yol var. Birinci yol Melenşonun rəhbərlik etdiyi radikal sol ilə yarışaraq sosial-demokrat, avropapərəst və Ukrayna tərəfdarı yeni sol yaratmaqdır. İkinci yol isə Sosialist Partiyasının ənənəvi siyasi aparatına çevrilməkdir.

Əgər bu strategiya uğurlu alınsa, o, 2027-ci ildə Fransanın siyasi sistemində Emmanuel Makronun 2017-ci ildə yaratdığı sürprizə bənzər bir hadisənin müəllifinə çevrilə bilər. Makron kimi o da ənənəvi partiya sərhədlərindən kənara çıxaraq yeni siyasi koalisiya yaratmağa çalışır. Lakin fərq ondadır ki, Makron mərkəzdən çıxış etmişdi, Rafael Qluksman isə parçalanmış mərkəz-solun içindən yüksəlir.

Buna görə Rafael Qluksmanın siyasi portretini bir cümlə ilə ifadə etmək lazım gəlsə, onu belə xarakterizə etmək olar:

O, Fransanın sosial-demokrat, pro-Avropa və sərt anti-Kreml xəttini birləşdirən, postsovet məkanında formalaşmış yeni nəsil siyasətçidir və 2027-ci ildə Fransanın radikal sağ ilə radikal sol arasında sıxışmış siyasi sisteminə üçüncü alternativ yaratmağa çalışır.

Onun siyasi keçmişində Saakaşvili və Gürcüstan, bu günündə Ukrayna və Rusiya, gələcəyində isə Avropa və Fransa dayanır. Və ən maraqlısı budur ki, Rafael Qluksmanın Fransa prezidentliyinə gedən yolu yalnız Parisdə həll olunmayacaq. Onun keçmiş fəaliyyətinin mühüm hissəsi Tiflis, Kiyev və postsovet məkanında keçib. Buna görə də onun prezidentliyə yüksəlməsi təkcə Fransa üçün deyil, Avropanın Şərq siyasəti, Rusiya-Ukrayna müharibəsi və Cənubi Qafqaz üçün də diqqətlə izlənilməli prosesdir.

Bir sözlə Rafael Qluksman Fransa siyasətində artıq ikinci dərəcəli fiqur deyil. O, prezidentlik yarışının nəticəsinə təsir edə biləcək əsas siyasi oyunçulardan birinə çevrilib.

Cavanşir Abbaslı

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR