Onlayn ictimai-siyasi qəzet
Rusiyada yaşayan Azərbaycan vətəndaşı Tural Əliyev həyatına təhlükə ilə üzləşib.
Minval Politika yazır ki, o, hərbi xidmətdən azad olunması barədə əmrin olmasına və hərbi hissəni özbaşına tərk etmə işi üzrə araşdırmanın davam etməsinə baxmayaraq, zorla Ukraynaya döyüş əməliyyatları zonasına göndərilib.
Onun sözlərinə görə, hərbi komandanlıq sənədləri saxtalaşdırıb, onu qanunsuz olaraq istintaq təcridxanasında saxlayıb. Söhbət 20 oktyabr 1994-cü il təvəllüdlü Tural Həqiqət oğlu Əliyevdən gedir.
O, daha əvvəl dəfələrlə hərbi komandanlıq tərəfindən qanun pozuntularına yol verildiyini açıq şəkildə bəyan edib və bildirib ki, hərbi xidmətdən buraxılması barədə rəsmi əmr artıq mövcud olduğu halda, onu qanunsuz olaraq hərbi hissəni özbaşına tərk etmiş şəxs kimi qeydiyyata alıblar.
Əliyevin sözlərinə görə, o, 2023-cü ildə hərbi xidmət keçmək üçün müqavilə imzalayıb və sonradan dəfələrlə hücum əməliyyatlarında iştirak edib. İndi isə, özünün iddiasına əsasən, iradəsinin əksinə olaraq “Ştorm V” hücum dəstəsinin tərkibində ön cəbhəyə göndərilib. Hərbçi həmçinin komandanlığı sistemli qanun pozuntularında, sənədlərin saxtalaşdırılmasında və qanunsuz olaraq həbsdə saxlanılmasında ittiham edir. O iddia edir ki, uzun müddət ərzində prokuror hərbi hissənin rəhbərliyinə təzyiq göstərərək, ya onun ön cəbhəyə göndərilməsini, ya da yenidən istintaq təcridxanasına yerləşdirilməsini tələb edib. Qeyd edib ki, bu, müdafiə nazirinin onun hərbi xidmətdən azad olunması barədə əmrinin və hərbi hissəni özbaşına tərk etmə ittihamı ilə bağlı cinayət işinin dayandırılması barədə məhkəmə qərarının mövcudluğuna baxmayaraq baş verib.
Əliyev həmçinin bildirib ki, onun işi üzrə təxminən 40 məhkəmə iclası keçirilib, lakin təqdim etdiyi sübutlar və hüquqlarının pozulması ilə bağlı müraciətləri nəzərə alınmayıb, bəzi sənədlər isə saxtalaşdırılıb. Onun dediyinə görə, araşdırmaya valideynləri də qoşulmağa çalışıblar. Onlar FSB-nin kuratoruna, Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa və Rusiya Prezident Administrasiyasına müraciət ediblər. Soydaşımız Rusiya İstintaq Komitəsinə, Baş Prokurorluğa, Müdafiə Nazirliyinə və Rusiya prezidentinə müraciət edərək vəziyyətə müdaxilə etmələrini xahiş edir. O, vəzifəli şəxslərin hərəkətlərinin araşdırılmasını, “özbaşınalığa” son qoyulmasını və onun hərbi xidmətdən azad olunması məsələsinin nəhayət, həll edilməsini tələb edir.
Onun versiyasına görə, hazırda o, daha əvvəl qəbul edilmiş hərbi xidmətdən azad olunması barədə qərara baxmayaraq, saxta sənədlər əsasında zorla döyüş əməliyyatları zonasına göndərilib...
Təəssüf ki, bu ilk belə hal deyil. Bəs soydaşımıza hansı hüquqi köməyi göstərmək olar? Rusiyadakı səfirliyimiz işə qarışa bilərmi? Maraqlıdır, Azərbaycan vətəndaşı necə olub Rusiya ordusunda xidmətdə olub, döyüşlərdə iştirak edib? Bəlkə ikili vətəndaşlığı var? Dediyinə hörə, 2023-cü ildə Rusiyada hərbi xidmət keçmək üçün müqavilə imzalayıb. Bizim qanunvericiliyə görə buna görə o, məsuliyyət daşıyırmı?

Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, əgər şəxs barəsində hərbi xidmətdən azad olunma haqqında müvafiq əmr və cinayət işinin dayandırılmasına dair məhkəmə qərarı varsa, bu sənədlər qüvvədə olduğu müddətcə hər hansı başqa icraedici və ya hərbi orqanın əks addım atması hüquqaziddir: “Şəxsin iradəsinə zidd olaraq, xüsusən də saxtalaşdırılmış sənədlər əsasında döyüş zonasında və ya riskli xüsusi dəstələrdə saxlanılması faktı təsdiqini taparsa, bu, birbaşa azadlıqdan qanunsuz məhrumetmə və vəzifə səlahiyyətlərini aşma tərkibi yaradır.
İddia olunan 40-a yaxın məhkəmə iclası və müraciətlər göstərir ki, tərəf bütün daxili hüquqi müdafiə vasitələrini tükəndirməyə çalışıb. Bu halda işin Prokurorluq və İstintaq Komitəsinin yuxarı instansiyaları tərəfindən xüsusi nəzarətə götürülməsi üçün kifayət qədər hüquqi əsas yaranır. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə və "Konsulluq nizamnaməsi"nə əsasən, xarici ölkədə hüquqları pozulan hər bir Azərbaycan vətəndaşı diplomatik müdafiə hüququna malikdir. Səfirlik və ya Konsulluq tərəfindən Rusiya Federasiyasının aidiyyəti qurumlarına (Xarici İşlər Nazirliyi, Hərbi Prokurorluq) rəsmi sorğu göndərilməli, vətəndaşın hansı əsasla və hansı hüquqi statusla saxlanıldığına dair rəsmi açıqlama tələb olunmalıdır. Məhkəmə qərarlarının və tərxis əmrinin mövcudluğu diplomatik nümayəndəliyin hüquqi mövqeyini dəfələrlə gücləndirir”.
Cavad Cavadov deyib ki, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən, xarici ölkə vətəndaşları da Rusiya Müdafiə Nazirliyi ilə hərbi xidmət haqqında müqavilə bağlaya bilərlər: “Lakin şəxs eyni zamanda Rusiya vətəndaşlığını qəbul edibsə, yerli hüquq-mühafizə orqanları ona yalnız öz vətəndaşları kimi yanaşır. Buna baxmayaraq, şəxs Azərbaycan dövlətinin də hüquqi müdafiə müstəvisində qalır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114-cü (Müzdluq) və 279-cu maddələri xarici ölkələrin ərazisindəki silahlı münaqişələrdə qanunsuz və ya müqavilə əsasında iştiraka görə cinayət məsuliyyəti nəzərdə tutur. Lakin bu məsələ şəxsin Azərbaycan ərazisinə qayıtmasından sonra müvafiq hüquq-mühafizə organları tərəfindən araşdırıla bilər.
Hazırkı mərhələdə prioriteti şəxsin həyat və sağlamlıq təhlükəsizliyi təşkil edir. Məsələnin həlli üçün təcili olaraq peşəkar vəkillər vasitəsilə Rusiya Federasiyasının Baş Hərbi Prokurorluğuna, Müdafiə Nazirliyinin Baş İnspeksiyasına müraciət edilməli, paralel olaraq Azərbaycan Respublikasının Diplomatik Nümayəndəliyi vasitəsilə rəsmi hüquqi prosedurlar işə salınmalıdır. Sənədlərin saxtalaşdırılması iddiaları müstəqil mülki və hərbi məhkəmə nəzarəti qaydasında yenidən araşdırmanın mövzusu olmalıdır”.
E.Məmmədəliyev,
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ