İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan turizminin ağrılı problemi: "Məmur müdaxilələri..."

Azərbaycan turizm potensialı baxımından regionun diqqətçəkən ölkələrindən biri olsa da, xarici turist axınında son dövrlər arzuolunmaz dinamika müşahidə edilir. Xüsusilə Körfəz ölkələrindən gələn turistlərin sayındakı kəskin azalma turizm sektorunda vəziyyətin yenidən müzakirəyə çıxarılmasını zəruri edir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 342,6 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azdır. Körfəz ölkələrindən gələnlərin sayında isə azalma 32,8 faiz təşkil edib.

Maraqlıdır ki, ümumi turist axını azalsa da, Avropa İttifaqı və MDB ölkələrindən Azərbaycana gələnlərin sayında artım qeydə alınıb. Bəs turistlərin bir qisminin Azərbaycana marağının azalmasının səbəbi nədir? Ölkədə xidmətlərin baha olması və keyfiyyətin gözləntiləri qarşılamaması turist seçimlərinə nə dərəcədə təsir edir? Turizm sektorunda rəqabət mühitinin vəziyyəti necədir və xarici turist axınını artırmaq üçün hansı addımlar atılmalıdır?

Fikrət Yusifov: “Putinin işğal etdiyi torpaqları geri verməkdən başqa yolu  qalmadı” - VİDEO - Primeinfo.az

Sabiq maliyyə naziri, professor Fikrət Yusifov Musavat.com-a açıqlamasında turizm sektorunda mövcud problemlərin səbəblərini və çıxış yollarını dəyərləndirib. O qeyd edib ki, Azərbaycanda son illər ərzində turizmin inkişafını təmin edə biləcək bir sıra mühüm qərarlar və dövlət proqramları qəbul olunub: “Təbii ki, bu qərarların və proqramların icrası nəticəsində turizm sahəsində müəyyən müsbət nəticələr əldə edilib. Ancaq sual olunur, əldə olunmuş bu nəticələr turizmin yüksək səviyyədə inkişaf etdirilməsi üçün hər cür potensialı olan bir ölkə üçün yetərlidirmi? Cavab birdir – bu nəticələr yetərli deyil! Bəs nədən turizm sektorunda istədiyimiz nəticələri əldə edə bilmirik? Turizmi düşündüyümüz səviyyədə inkişaf etməsi üçün ilk növbədə ölkədə bu sahədə normal sayıla biləcək rəqabət mühitinin yaradılması vacibdir. Rəqabət olmayan yerdə inkişaf olmaz. Rəqabət olmayan yerdə xidmətin keyfiyyəti aşağı, qiymətləri isə yüksək olmalıdır. Bax, bizdə bu gün vəziyyət dediyim kimidir – normal rəqabətin olmaması səbəbindən xidmətin keyfiyyəti aşağı, qiymətlər isə yüksəkdir. Normal rəqabət mühitinin olmaması, turizm sektorunda xidmət yerləri açmaq üçün iş adamlarının maliyyə əlçatanlığının təmin edilməməsi, iş görmək istəyənlərin fəaliyyətinə kobud məmur müdaxilələri – bütün bunlar turizmin inkişafı qarşısında real əngəllərdir. Digər bir ağrılı məsələ isə istər yerli, istərsə də xarici investorların ölkənin məhkəmə sisteminə güvəninin aşağı olmasıdır. Bütün bunların fonunda turizm sektorunun sürətli inkişafı mümkün deyil”.

Professor qeyd edib ki, bu durumu dəyərləndirən dövlət başçısı İlham Əliyev avqustun 20-də “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq etdi: “Proqramın əsas hədəfi Azərbaycanı daha rəqabətqabiliyyətli və cəlbedici turizm ölkəsinə çevirməkdir. Dövlət başçısının təsdiq etdiyi sənədlə nəzərdə tutulan tədbirlər məmurlar tərəfindən vaxtında və keyfiyyətlə icra olunarsa, o halda biz 2030-cu ildə ölkədə turizmin inkişafını xarakterizə edəcək göstəricilər üzrə qonşu ölkələrlə bir sırada dayan bilərik. Bu gün isə çox təəssüflər olsun ki, turizm sahəsində biz qonşularımızdan çox geri qalırıq. O ki, qaldı Fars körfəzi ölkələrindən gələn turistlərin sayının azalmasına, bu da təbii bir haldır. ABŞ-İran müharibəsi bu və ya digər formada körfəz ölkələrini də əhatə etməkdədir. Belə olan halda müharibə həmin ölkələrin insanlarının həyatına da təsirsiz ötüşmür. Keçən illə müqaisədə bu ölkələrdən gələn turistlərin sayının azalmasının əsas səbəbini mən bunda görürəm”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR