Onlayn ictimai-siyasi qəzet
“Rusiya Ermənistanın dəmir yollarına güzəşt hüquqlarını təxminən 400 milyon dollara sata bilər”.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki son çıxışı zamanı bəyan edib.
“Biz Rusiya ilə açıq danışırıq, heç nəyi gizlətmirik və dəmir yolu məsələsində anlaşma əldə etmək istəyirik. Mənim qiymətləndirməm budur ki, bu gün bu güzəşt hüququnu təxminən 400 milyon dollara satmaq imkanı var. Düşünürəm ki, bu, yaxşı fürsətdir", - Paşinyan Rusiyaya səslənib.
Onun sözlərinə görə, İrəvan Moskvanın maraqlarına böyük hörmətlə yanaşır, lakin başqa bir ölkənin maraqlarını öz maraqlarından üstün tutmağı məntiqsiz hesab edir. “Sizdən xahiş edirik və bu yolu seçməyinizi tövsiyə edirik”, - deyə baş nazir bildirib.
Belə bir tələb-təklifi ən optimal həll yolu saymaq olarmı? Moskvanın cavabı nə olacaq? Məsələ beynəlxalq məhkəməyədək gedib çıxa bilərmi? Zaman kimə işləyir?
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, sabiq maliyyə nazir Fikrət Yusifov Musavat.com-a bildirib ki, Paşinyanın Rusiyanın Ermənistan dəmir yollarının idarəçiliyinə dair təklifi hüquqlarını təxminən 400 milyon dollara satmaq təklifi ilk baxışdan kommersiya xarakterli görünsə də, əslində məsələnin arxasında ciddi geosiyasi hesablamalar dayanır: “İrəvan bununla həm Rusiyanın maraqlarını nəzərə almağa, həm də dəmir yolu sistemində yeni idarəetmə modelinə keçməyə çalışır.
Bu, hazırkı mərhələdə ən optimal kompromis variantlarından biri sayıla bilər. Çünki Ermənistan konsessiyanın birtərəfli ləğvindən deyil, Rusiyanın hüquqlarının maliyyə kompensasiyası əsasında dəyişdirilməsindən danışır. Bununla belə, Moskvanın 400 milyon dollar təklifini dərhal qəbul edəcəyini gözləmək düzgün olmaz. Rusiya üçün məsələ təkcə maliyyə deyil, Ermənistanın nəqliyyat sistemində strateji təsir imkanlarının qorunmasıdır”.
Ekspert hesab edir ki, Rusiya Ermənistandan verilən anlaşma təkliflərini qəbul etməyəcəyi halda İrəvanın məsələni beynəlxalq məhkəməyə və ya arbitraja çıxarması da istisna deyil: “Tərəflər konsessiyanın vaxtından əvvəl dəyişdirilməsi, investisiyalar və kompensasiya məsələsində razılığa gələ bilməsə, hüquqi müstəviyə keçid mümkündür. Lakin hazırda əsas ssenari danışıqlar yolu ilə kompromis əldə edilməsidir.
Burada əsas amil isə zamandır. Ermənistan TRIPP və digər regional nəqliyyat layihələri fonunda dəmir yolu infrastrukturunun yeni tranzit sisteminə inteqrasiyasını sürətləndirmək istəyir. Rusiya isə mövcud hüquqlarını qorumaq üçün danışıqlarda vaxt amilindən istifadə edə bilər. Paşinyanın təklif etdiyi kimi razılaşma baş tutarsa, Ermənistanın Rusiyanın infrastruktur təsirindən mərhələli şəkildə uzaqlaşması və regional tranzit layihələrinə daha fəal qoşulması sürətlənə bilər”.
Etibar Seyidağa,
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ