Onlayn ictimai-siyasi qəzet
Ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətin rəqəmsal mühitə inteqrasiyası istiqamətində tətbiq olunan alətlər sırasında “Müəllim” mobil tətbiqi xüsusi yer tutur.
Musavat.com bildirir ki, bu barədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsilin rəqəmsallaşması” mövzusunda keçirilən media brifinqində məlumat verib.
Bildirilib ki, müəllimlər sözügedən mobil tətbiq vasitəsilə gündəlik tədris fəaliyyətlərini operativ şəkildə planlaşdıra bilirlər. Platforma üzərindən dərs planlarının hazırlanması, dərs cədvəlinə baxış, eləcə də əməkhaqqı məlumatlarının izlənməsi mümkündür.
Qeyd olunub ki, mobil tətbiq – smartfon və ya planşet kimi portativ qurğular üzərindən işləyən proqram təminatıdır və istifadəçilərə istənilən məkandan sistemə çıxış imkanı yaradır.
“Müəllim” tətbiqi də bu prinsiplə fəaliyyət göstərərək pedaqoqlara tədris prosesini daha çevik və effektiv şəkildə idarə etməyə şərait yaradır.
Brifinqdə vurğulanıb ki, tətbiqin funksional imkanları müəllimlərin fərdi tədris yanaşmasını təkmilləşdirməsinə xidmət edir. Belə ki, platforma həm planlaşdırma, həm də monitorinq aləti kimi çıxış edərək təhsil prosesində rəqəmsal resurslardan istifadənin genişlənməsinə töhfə verir.
İdarə rəisinin sözlərinə görə, bu cür rəqəmsal həllər müəllimlərin iş yükünün optimallaşdırılması və inzibati proseslərin avtomatlaşdırılması baxımından faydalı resurs hesab olunur.
Şahanə Rəhimli
Musavat.com
05 Iyun 2026
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ