Onlayn ictimai-siyasi qəzet
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İsrailin prezident Donald Trampa qarşı İran təhdidi barədə verdiyi məlumata şübhə ilə yanaşıb.
Musavat.com xəbər verir ki, məlumatı The Washington Post qəzeti keçmiş və hazırkı ABŞ kəşfiyyat rəsmilərinə istinadən yayıb. Qəzet xatırladır ki, İsrail kəşfiyyatının bu məlumatı iyulun əvvəlində Trampın Türkiyəni gizli şəkildə öz təyyarəsindən fərqli bir təyyarə ilə tərk etməsinə səbəb olub.
Mənbələrin sözlərinə görə, MKİ "İranın prezident Donald Trampa qarşı sui-qəsd cəhdi təhlükəsinə şübhə ilə yanaşıb". Nəşrin məlumatına görə, agentliyin analitikləri "bu kəşfiyyat məlumatlarını etibarlı hesab etməyiblər" və bunu Vaşinqton administrasiyasının rəsmilərinə bildiriblər. Məqalədə qeyd edilir ki, buna baxmayaraq, Ağ Ev və ABŞ Gizli Xidməti heç bir risk götürməmək qərarına gəlib və əlavə təhlükəsizlik tədbirləri görüblər.
"The Washington Post" qəzetinin 10 avqustda yazdığına görə, Tramp 7-8 iyul tarixlərində Ankarada keçirilən NATO sammitindən sonra prezident təyyarəsinə minib, lakin "bir neçə dəqiqə sonra o, gizli şəkildə ABŞ Hərbi Hava Qüvvələrinin C-32A təyyarəsinə köçürülüb". Amerika lideri Türkiyəni tərk etmək üçün bu təyyarədən istifadə edib, baxmayaraq ki, Vaşinqton administrasiyası onun öz təyyarəsində olduğunu iddia edib. Məqalədə qeyd edildiyi kimi, potensial hücumçulara qarşı bu "aldatma əməliyyatı" "Tramp üçün İranla bağlı etibarlı təhdid səbəbindən" həyata keçirilib.
Musavat.com
20 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ