Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Avropa İttifaqına üzvlük prosesi növbəti dəfə ciddi maneə ilə üzləşib. Macarıstan rəsmi Kiyevlə aparılan üzvlük danışıqlarının növbəti mərhələsinə razılıq verməyərək yeni danışıq fəsillərinin açılmasını bloklayıb. Bununla da Ukraynanın Aİ-yə inteqrasiya prosesində daha bir qeyri-müəyyənlik yaranıb.
Məlumata görə, Budapeştin bu mövqeyi Ukraynaya digər namizəd ölkələrdən, xüsusilə də Qərbi Balkan dövlətlərindən daha sürətli üzvlük perspektivi verilməsi ilə bağlı narahatlığından irəli gəlir. Macarıstan hesab edir ki, Avropa İttifaqının genişlənmə siyasətində bütün namizəd ölkələrə eyni yanaşma tətbiq edilməli və heç bir dövlətə xüsusi üstünlük verilməməlidir.
Avropa İttifaqındakı diplomatik mənbələr isə yaranmış çıxılmaz vəziyyətin adi texniki danışıqlarla aradan qaldırılmasının çətin olduğunu bildirirlər. Onların fikrincə, Macarıstanın etirazının aradan qaldırılması üçün artıq ən yüksək siyasi səviyyədə müdaxilə və üzv dövlətlər arasında əlavə danışıqların aparılması zəruridir.
Macarıstanın növbəti vetosu Ukraynanın Aİ-yə üzvlük prosesini nə qədər gecikdirəcək? Brüssel Budapeşti geri addım atmağa razı sala biləcəkmi? Bu böhran Avropa İttifaqının genişlənmə siyasətinə və Ukraynanın Avropa perspektivinə necə təsir göstərəcək?

Politoloq Elşən Mustafayev Ukraynanın ittifaq üzvü olmaq şanslarını az dəyərləndirir: "Ukraynanın Avropa İttifaqına üzvlük məsələsi və keçiləcək prosedurlar bir neçə ildir ki, daha da sürətlənib. Amma bu o demək deyil ki, tezliklə bu iş yekunlaşacaq. Ukraynanın hazırkı durumu, müharibənin davam etməsi, iqtisadi vəziyyət, miqrasiya və digər mühüm problemlər Aİ üzvü olma şanslarını ciddi şəkildə azaldır. Bu həm də Aİ nin özünün qaydalarına ziddir. Amma göründüyü kimi prosedurların addım addım həyata keçirməsi ilə bağlı işlər görməyə çalışırlar. Aİ-nin əsas dövlətləri çox yaxşı bilirlər ki, indiki vəziyyətdə üzvlük məsələsi mümkünsüzdür. Amma işlərin davam etməsi görüntüsünün yaradılması ilk növbədə Ukrayna xalqına stimul vermək üçün lazımdır, digər tərəfdən Rusiyaya bir mesajdır ki, biz Ukraynanın arxasındayıq və sonuna qədər onun ittifaqa üzv olmasına çalışacağıq. Əslində Aİ- üzvü olan ölkələrin bir çoxu mövcud durumda bu üzvlüyün əleyhinədirlər. Amma bunu rəsmi iclaslarda, müzakirələrdə, səsvermələrdə büruzə vermirlər. Çünki o zaman Ukraynanın və xalqının Aİ-yə olan münasibətində dəyişiklik əmələ gələ bilər. Bu da Rusiyanın xeyrinə işləyər. Onsuz da bütün qərarlar konsensusla qəbul olunur. Yəni bu işin əleyhinə 10 dövlət olsa da, 1 dövlət də olsa fərqi yoxdur. Düşünürəm ki, o səbəbdən yalnız Macarıstan bu məsələnin həllinin hələ vaxtı çatmadığını bildirməklə etiraz edir. Bu isə təsadüfü deyil. Ukraynanın Aİ üzvlüyü məsələsində əlavə şərtlər irəli sürən və birliyə qoşulmasını təxirə salmağa çalışan həmişə Macarıstan olub. Bu Viktor Orbanın baş nazirliyi dövründə də belə idi. Baxışlarına görə Orbandan ciddi fərqlənməyən hətta uzun müddət onun partiyasında olan, nazir vəzifəsi daşımış hazırda isə başqa partiya yardadıb baş nazir olan Peter Magyarın zamanında da eynidir. Yəni Macarıstanın bu məsələyə mövqeyi uzun zamandır ki, bəlli olduğundan hazırkı vəziyyətdə bloklanmanı demək olar ki, hamı gözləyirdi, eyni zamanda Aİ rəhbərliyi də bunu ciddi problem kimi qəbul etmir. Yəni məsələnin bu gün üçün həllinə daha çox dövlət etirazı olsa da yalnız bir dövlətin etirazının rəsmi şəkildə ortada olması onu deməyə əsas verir ki, lazım olan zamanda həmin 1 dövlət fikrini dəyişməklə hər şeyi rahatlıqla həll edəcəklər".
Cavanşir Abbaslı
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ