Onlayn ictimai-siyasi qəzet
Rusiyada hərbi hospitallar üçün tibbi avadanlıq tədarükü ilə bağlı milyardlarla rublluq mümkün mənimsəmə sxemi barədə yeni iddialar ortaya çıxıb.
Musavat.com xəbər verir ki, 2026-cı ilin mayında “Moskovski Komsomolets” qəzetinin yerləşdiyi binada keçirilən səs-küylü axtarışın arxasında duran detalları açıqlayıb.
Məlumata görə, həmin vaxt xüsusi təyinatlıların iştirakı ilə binada ofis icarəyə götürən “Konsorsium medtexniki” (KMT) təşkilatında axtarış aparılıb. Eyni zamanda KMT-nin baş direktoru Kirill Litvitskinin, təşkilatın idarə heyətinin sədri Sergey Oqarkovun və KMT ilə əlaqəli fondun həmtəsisçisi Denis Parmuxinin evlərində də axtarış keçirilib.
Hər üç şəxsin dindirilmək üçün aparıldığı, lakin dindirmə başlamadan “yuxarıdan” onların azad edilməsi barədə göstəriş gəldiyi iddia olunur.
Nəşrin mənbələri bunu KMT və onun rəhbərlərinin Rusiya Dövlət Şurasının katibi, vaxtilə Vladimir Putinin mühafizəçisi olmuş Aleksey Dyuminin atası Gennadi Dyuminlə əlaqələri ilə izah edirlər. Gennadi Dyumin əvvəllər Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi-Tibbi İdarəsinin 4-cü idarəsinə rəhbərlik edib və hazırda əczaçılıq sektorunda fəaliyyət göstərir.
Araşdırmada bildirilir ki, hərbi hospitallar üçün tibbi məhsulların əsas tədarükçüləri arasında “IRVIN” və onunla əlaqəli “LEKNA” şirkətləri olub. Mənbənin iddiasına görə, bəzi tədarüklərdə qiymətlər 70–80 faizədək şişirdilib.
VÇK-OGPU iddia edir ki, sonradan tikilməkdə olan hərbi hospitalların tibbi təchizatının KMT üzərindən keçirildiyi sistem yaradılıb. Mənbələrin məlumatına görə, sxemin miqyası o həddə çatıb ki, cəmi dörd ay ərzində 2 milyard rubldan çox vəsait çıxarılıb.
Araşdırma müəlliflərinin mənbələri “IRVIN” və “LEKNA”nın arxasında Gennadi Dyuminin dayandığını iddia edirlər.
Məlumata görə, hüquq-mühafizə orqanları saxlanılan şəxslərin dindirilməsi zamanı mühüm məlumatlar əldə edə biləcəklərini gözləyirmiş. Lakin onların sərbəst buraxılmasından bir neçə gün sonra Sergey Oqarkov vəkillərlə birlikdə özü istintaqa gəlib və müəyyən pozuntulara görə məsuliyyəti üzərinə götürüb.
Nəticədə Oqarkov barəsində yalnız ölkədən çıxmamaq haqqında iltizam tədbirinin seçildiyi və onun əvvəlki fəaliyyətini davam etdirdiyi bildirilir.
Musavat.com
31 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ