İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail Yunanıstanda “Axilles qalxanı” qurur

Avqustun 31-də, bazar ertəsi, Təl-Əvivdə Yunanıstanda təxminən 3,1 milyard avro dəyərində çoxsəviyyəli hava hücumundan və raket əleyhinə müdafiə sistemi olan “Axilles qalxanı”nın yaradılması ilə bağlı sazişlərin imzalanması planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

Sazişlər Yunanıstan Müdafiə Nazirliyinin Müdafiə İnvestisiyaları və Silahlanma Baş İdarəsinin, həmçinin İsrail Müdafiə Nazirliyinin Beynəlxalq Müdafiə Əməkdaşlığı İdarəsinin nümayəndələri tərəfindən imzalanacaq. Sənədlər imzalandıqdan sonra layihənin icrasına başlanacaq. Layihənin təxminən 35 ay ərzində tamamlanması nəzərdə tutulur.

“Axilles qalxanı” Yunanıstanın artıq malik olduğu hava hücumundan müdafiə vasitələrini, o cümlədən Patriot komplekslərini, İsrailin Rafael şirkətinin istehsalı olan Spyder, Israel Aerospace Industries şirkətinin Barak MX sistemləri və “Davidin sapandı” ilə birləşdirməlidir.

Vahid idarəetmə sistemi radarlar və digər sensorlardan məlumat alacaq, təhdidləri təsnifləndirəcək və süni intellekt texnologiyalarından istifadə etməklə pilotsuz uçuş aparatlarından tutmuş ballistik raketlərə qədər müxtəlif hədəflərin məhv edilməsi üçün optimal vasitəni müəyyənləşdirməyi təklif edəcək.

Layihəyə 12 Yunanıstan şirkətinin cəlb edilməsi planlaşdırılır. Bu şirkətlərə ümumi dəyəri 700 milyon avrodan çox olan sifarişlər veriləcək ki, bu da proqramın ümumi dəyərinin təxminən 25 faizini təşkil edir.

Yunanıstanın Kathimerini qəzetinin məlumatına görə, danışıqlar zamanı tərəflər kompleksin elektron alt sistemlərini idarə edən proqram təminatının mənbə kodunun Yunanıstana verilməsi məsələsini də razılaşdırıblar. Bu, Yunanıstan hərbçilərinə sistemi müstəqil şəkildə texniki xidmətdən keçirmək, uyğunlaşdırmaq və modernləşdirmək imkanı verməlidir.

İyul ayında Yunanıstan hökuməti “Axilles qalxanı”nın yaradılması proqramını təsdiqləyib. Bu proqram Afinanın ümumi dəyəri 4,2 milyard avro olan müdafiə satınalmaları paketinin ən böyük hissəsinə çevrilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR