Onlayn ictimai-siyasi qəzet
ABŞ-la İran arasında gərginliyin davam etdiyi bir vaxtda tərəflər arasında pərdəarxası təmasların qurulduğu bildirilir.
Musavat.com xəbər verir ki, Financial Times nəşrinin yaydığı məlumata görə, bu prosesdə əsas vasitəçi rolunu Pakistan oynayır.
Məlumata əsasən, Pakistan ordusunun baş komandanı Asim Munir bazar günü ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu təmasın İran məsələsi ətrafında həyata keçirildiyi ehtimal olunur.
Bununla yanaşı, yüksək vəzifəli pakistanlı rəsmilərin Tehranla Tramp komandasının əsas fiqurları – Cared Kuşner və Stiv Uitkoff arasında “gizli əlaqələri” koordinasiya etdiyi bildirilir. Mənbələr bu təmasların rəsmi kanallardan kənar, qapalı diplomatik formatda aparıldığını vurğulayır.
Nəşr qeyd edir ki, Pakistanın həm ABŞ, həm də İranla işlək münasibətlərə malik olması onu bu böhranlı mərhələdə “körpü roluna” çıxarır. İslamabadın bu vasitəçilik missiyası regionda dəyişən geosiyasi balans fonunda daha da önəm qazanır.
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ