Onlayn ictimai-siyasi qəzet
“Haaretz” qəzeti iki ölkə arasında əvvəllər Azərbaycan üzərindən mühüm əlaqə kanalının son aylarda zəiflədiyini yazıb
İsrail və Türkiyə arasında Suriyadakı qarşıdurma fonunda gərginlik yeni mərhələyə keçib. İsrailin nüfuzlu “Haaretz” qəzeti iki ölkə arasında əvvəllər Azərbaycan üzərindən fəaliyyət göstərən mühüm əlaqə kanalının son aylarda faktiki olaraq zəiflədiyini yazıb.
“Haaretz”in məlumatına görə, ötən il İsrail və Türkiyənin yüksək səviyyəli təhlükəsizlik nümayəndələri Bakıda görüşüblər. Həmin görüşdə Suriyada iki ölkənin hərbi qüvvələri arasında birbaşa toqquşmaların qarşısını almaq üçün informasiya mübadiləsi kanalı yaradılması barədə razılıq əldə olunub. Bu mexanizm uzun müddət İsrail-Türkiyə münasibətlərində artan gərginliyin nəzarətdən çıxmasının qarşısını alan vasitələrdən biri olub.
Azərbaycanın bu prosesdə rolunun xüsusilə diqqətçəkən olması isə Bakının regionda tərəflər arasında kommunikasiya və təhlükəsizlik baxımından etibarlı platformaya çevrildiyini göstərirdi.
Lakin “Haaretz” yazır ki, son aylarda həmin kanal vasitəsilə məlumat mübadiləsi əhəmiyyətli dərəcədə azalıb. Qəzetin məlumatına görə, İsrailin Suriyanın şimalında, Türkiyə sərhədinə yaxın yerləşən aviabazaya endirdiyi son zərbə Ankara ilə Təl-Əviv arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
Beləliklə, əvvəllər mümkün hərbi insidentlərin qarşısını almaq üçün yaradılmış kommunikasiya mexanizminin effektivliyi də sual altına düşüb. Amma kanalın zəifləməsi Bakının diplomatik imkanlarının itdiyi anlamına gəlmir. Əksinə, Azərbaycan həm İsraillə strateji münasibətlərə, həm də Türkiyə ilə müttəfiqlik əlaqələrinə malik ölkə kimi gələcəkdə tərəflər arasında kommunikasiya üçün yenidən əlverişli platforma rolunu oynaya bilər.
Politoloq Züriyə Qarayeva “Yeni Müsavat”da qeyd etdi ki, Bakı üzərindən yaradılmış əlaqə kanalında məlumat mübadiləsinin azalması mexanizmin tamamilə aradan qalxması deyil, İsrail-Türkiyə münasibətlərindəki siyasi və hərbi gərginliyin həmin kanala da təsir etməsidir: “Suriyada tərəflərin maraq dairələrinin bir-birinə yaxınlaşması, İsrailin Türkiyə sərhədi yaxınlığındakı hərbi obyektlərə zərbələri və Ankaranın buna sərt reaksiyası əvvəlki texniki koordinasiyanı çətinləşdirir. Lakin birbaşa toqquşma riskinin artması belə bir informasiya mübadiləsi mexanizminə ehtiyacı azaltmır. Əksinə, onu daha zəruri edir. Kanalın zəifləməsi təsadüfi hərbi insidentlərin və yanlış hesablamaların qarşısını almağı çətinləşdirə bilər. Bu vəziyyət Azərbaycanın vasitəçilik imkanlarının tükəndiyi mənasına gəlmir. Bakı həm Türkiyə ilə müttəfiqlik münasibətlərinə, həm də İsraillə strateji tərəfdaşlığa malik olmaqla tərəflərin etibar edə biləcəyi nadir platformalardan biridir. Azərbaycan bu prosesdə klassik vasitəçidən daha çox təhlükəsiz kommunikasiya mühiti yaradan və qarşıdurmanın idarəolunmasına kömək edən tərəf kimi çıxış edə bilər. Siyasi iradə yarandığı halda Bakı kanalının yenidən fəallaşdırılması mümkündür və Suriyada toqquşma riskinin yüksəlməsi tərəfləri gec-tez belə bir mexanizmə qayıtmağa məcbur edə bilər”.

AMİP liderinin köməkçisi, siyasi şərhçi Əli Orucov hesab edir ki, Türkiyə-İsrail arasında münasibətlərin gərginləşməsi Azərbaycan üçün də arzuolunan deyil: “Bakı hər iki dövlətlə strateji müttəfiq və dostdur. Türkiyə ilə Azərbaycanı həm də tarixi, milli, mədəni, dini və ortaq dəyərlər bir-birinə qırılmaz tellərlə bağlayır. Ancaq Türkiyənin dövlət olaraq təhlükəsizliyini və geostrateji maraqlarını təmin etmək istaqamətində fəaliyyəti Azərbaycan pəncərəsindən əhəmiyyətli görünsə də, bəzi məqamlarda fərqli yanaşmaları zəruriləşdirir. Bakının Yaxın Şərqdə marağı sülhün və təhlüksizliyin əldə olunması, qarşıdurmaların və qeyri-sabitliyin bitməsi, problemlərin masa üzərində diplomatik yolla çözülməsidir. Bu, humanist, ədalətli və hüquqi yanaşmadır. Təəssüflər olsun ki, Netanyahu iqtidarının davakar siyasəti və təhlükəsizlik bəhanəsi ilə qonşuları ilə güc dilində danışması, xüsusən də regionda vahid hegemon dövlət olması iddiaları təkcə Yaxın Şərqdə deyil, Şimali Afrika, Ön Asiya, Aralıq dənizi bölgəsində gərginliyi artırmaqdadır. ABŞ-nin dəstəyini alan və BMT-nin yararsız və lazımsız quruma düşdüyünü fürsət bilən İsrail maksimum dərəcədə daha böyük ərazilərə nüfuz etməyə çalışır. Təbii ki, bu da Türkiyə üçün də ciddi risklər yaradır. Ankara İsrailin Ağ dənizdə, Kiprdə, Suriyada təhrik və təxribatlarına baxmayaraq hələ ki, öz təmkinini saxlayır və hədəflərinə addım-addım yaxınlaşır. İsrailin qonşuları barədə strategiyası ondan ibarətdir ki, vahid dövlətçilik və mərkəzi hakimiyyəti möhkəm olan dövlət, stabil rejimlər olmasın. Türkiyə isə bunun əksini düşünür. Regionda davamlı və uzun müddətli sülhə və təhlükəsizliyə, inkişafa gedən yolu regionda istiqrarın və dövlətçiliyin güclənməsində görür. Bu baxımdan da Suriyada da, İraqda da dövlətçiliyin möhkəmlənməsinə və onun strukturlarının təkmilləşdirilməsinə diqqət yetirir. İsrailin Suriyada Türkiyə ilə çox yaxın sərhəddə yerləşən hərbi hava üstünə hava zərbələri endirməsi BMT-nin nizamnaməsini kobud sürətdə pozulması, suveren bir dövlətə açıq təcavüz aktıdır. Bu həm də Türkiyənin maraqlarına endirilən zərbə idi. Ona görə də Bakıda İsrail-Türkiyə danışıqları əvvəl olduğu kimi aktuallaşmadı. Baxmayaraq ki, Bakıda bundan qabaq Türkiyə-İsrail təmaslara keçərək, narazılıqları müəyyən qədər yoluna qoya bildilər və diplomatik kanallar açıq saxlanıldı. Hazırda həmin diplomatik təşəbbüslərin zəifləməsinin səbəbi, məncə, tərəflər arasında ritorikanın sərtləşməsi və İsrailin son dövrlər atdığı destruktiv addımlardır. Ankara güzəşt limitini sonsuz hesab etmir və bunun da ümumi dil tapılmasına aparacağını görmür. İsraildə hətta dövlət rəsmilərinin Türkiyəyə qarşı hədələyici və təhdid tonu hər keçən gün artır. Digər tərəfdən, seçkilərə gedən Netanyahu özünü barışmaz və Yəhudi dövlətinin, xalqının yeganə xilaskarı kimi təqdim etməklə daha çox radikallıq nümayiş etdirir. Hətta seçki və təbliğat vasitələrində Ərdoğanı düşmən və təhlükə kimi göstərir. Belə bir ortamda İsrailin də danışıqlar masası ətrafında oturmağa çətin ki həvəsi olsun. Lakin seçkilərdən sonra fikrimcə Bakı masası İsrail-Türkiyə diplomatları üçün aktuallaşacaq. Ankaranın və Təl-Əvivin toqquşmaya getmələri nə planlarda, nə də niyyətlərdə yoxdur”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
09 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ