Onlayn ictimai-siyasi qəzet
Trampı İranın düşməni Turan lideri Əfrasiyaba , özlərini Rüstəmə bənzədirlər, amma hamısı bu da deyil...
“Vzqlyad” nəşrində ABŞ-ın İrana qarşı müharibəsinin altı ayını təhlil edən yazı dərc edib. Musavat.com nəşrə istinadən xəbər verir ki, politoloq Andrey Mançuk məqaləsində Qərbin İran cəmiyyətini və ölkənin daxili siyasi reallıqlarını düzgün qiymətləndirmədiyini iddia edir.
Məqalənin giriçində bildirilir ki, iranlılar ABŞ-la müharibəni Firdovsinin “Şahnamə”si ilə müqayisə edir, ABŞ prezidenti Donald Trampı isə Turanın əfsanəvi hökmdarı Əfrosiyabla eyniləşdirirlər. Mançukun yazdığına görə, dastanda Əfrosiyab böyük ordu ilə İrana hücum edir, lakin ölkəsini işğalçılardan qoruyan Rüstam və onun döyüşçüləri tərəfindən məğlub edilir.
Xüsusi qeyd: “Şahnamə”də İran–Turan qarşıdurması mərkəzi süjetlərindən biridir. Əfrasiyab İrana hücum edən Turan hökmdarı, Rüstəm isə İranın ən qüdrətli müdafiəçisi kimi göstərilir. Əfrasiyab (Afrāsīāb) İran milli dastan ənənəsində Turan hökmdarı və İranın başlıca düşməni kimi təqdim olunur. Sonrakı fars mənbələrində ad müxtəlif formalarda dəyişib və Firdovsinin “Şahnamə”sində Əfrasiyab formasını alıb.Burada çox mühüm məqam var: Əfrasiyabın tamamilə uydurma obraz olduğunu da demək olmaz. İranşünas alimlər hesab edirlər ki, onun haqqında rəvayətlər İranın şərq və şimal-şərqdən gələn köçəri hücumları ilə bağlı çox qədim xatirələri özündə əks etdirə bilər.Türk mənbələrində Alp Ər Tonqa, fars mənbələrində isə Əfrasiyab arasında eyniləşdirmə aparılıb. Azərbaycan araşdırmasında Alp Ər Tonqa ilə Əfrasiyabın yaşadığı dövrlərin arasında çox böyük zaman fərqi olduğu vurğulanır. Rüstəm də Firdovsinin uydurduğu adi bir personaj deyil. O, İran epik ənənəsinin ən böyük qəhrəmanıdır. Firdovsi “Şahnamə”də onun obrazını zirvəyə çatdırıb.
Mançukun fikrincə, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayanda Vaşinqtonda bunun qısa müddətdə başa çatacağına inanılırdı. İlk saatlarda İran rəhbərliyinin yüksək səviyyəli nümayəndələrinin öldürülməsi də bu gözləntiləri daha da gücləndirmişdi. ABŞ prezidenti Donald Tramp İranın məğlub edildiyini bəyan edir, Qərb mediasının bir hissəsi isə müharibənin klassik “blitskriq” ssenarisi üzrə inkişaf edəcəyini düşünürdü. Lakin politoloqun iddiasına görə, bir neçə həftə sonra bu hesablamaların özünü doğrultmadığı məlum oldu. İran təslim olmadı, əksinə müqaviməti davam etdirdi və müharibə gözlənildiyindən daha uzun çəkdi. Hazırda isə münaqişənin altı ayı tamam olub və ABŞ-ın əvvəlcə nəzərdə tutduğu sürətli qələbədən söhbət getmir. Son məlumatlara görə, müharibə artıq daha çox uzunmüddətli qarşıdurma və iqtisadi təzyiq mərhələsinə keçib.
Andrey Mançukun əsas tezislərindən biri budur ki, Qərb İran cəmiyyətinin mürəkkəbliyini lazımi səviyyədə nəzərə almayıb. Politoloq iddia edir ki, ABŞ-da İranın qəfil hücumdan sonra daxildən parçalanacağı, əhalinin hakimiyyətə qarşı çıxacağı və Qərbin dəstəklədiyi monarxiyanın bərpasını qəbul edəcəyi düşünülürdü. Mançukun fikrincə, bu hesablamalar İran cəmiyyətinin real siyasi mənzərəsindən uzaq olub.
Onun yazdığına görə, İranı yalnız “mühafizəkar mollalar”la Qərb demokratiyasının tərəfdarları arasında qarşıdurma məkanı kimi təqdim etmək düzgün deyil. Ölkədə müxtəlif siyasi baxışlar mövcuddur, lakin xarici hərbi müdaxilə məsələsində cəmiyyətin müxtəlif təbəqələri arasında müəyyən ümumi mövqe formalaşa bilər. Mançuk hesab edir ki, iranlılar ölkələrinin ABŞ bombaları vasitəsilə “azad edilməsini” istəmirlər. Politoloqun fikrincə, İranın Qərb tərəfindən dəstəklənən keçmiş şah rejiminə qayıtması ideyası da cəmiyyətin böyük hissəsi üçün cəlbedici deyil.
“Vzqlyad”dakı yazıda İranda sürgündə yaşayan Rza Pəhləvinin Qərbdə təqdim edilən obrazına da toxunulur. Mançuk iddia edir ki, İran cəmiyyətinin əhəmiyyətli hissəsi onu ölkənin gələcəyi üçün alternativ siyasi lider kimi qəbul etmir. Politoloqun fikrincə, iranlıların bir hissəsi şah dövrünü Qərbin təsiri və siyasi repressiyalarla əlaqələndirir. Bu səbəbdən ABŞ-ın hərbi müdaxiləsi ilə monarxiyanın bərpası ideyasının cəmiyyətdə avtomatik dəstək qazanacağı barədə hesablamalar özünü doğrultmayıb.
Mançuk həmçinin İranın tarixi və mədəni irsinə dəyən zərərin cəmiyyətin münasibətinə təsir etdiyini iddia edir.
Andrey Mançukun gəldiyi əsas nəticə bundan ibarətdir ki, Qərb İranı yalnız hərbi imkanları və iqtisadi vəziyyəti ilə qiymətləndirib, cəmiyyətin müqavimət potensialını isə lazımi qədər nəzərə almayıb.Onun fikrincə, süni intellekt və müxtəlif analitik modellər üzərində qurulan hesablamalar real sosial-siyasi amilləri tam əvəz edə bilməz. İranın xarici təzyiq qarşısında necə davranacağını yalnız hərbi və iqtisadi göstəricilərlə proqnozlaşdırmaq mümkün deyil. Bu baxımdan politoloq hesab edir ki, müharibənin ilk günlərində Vaşinqtonda yaranan “sürətli qələbə” gözləntisi İran cəmiyyətinin xarakteri barədə yanlış təsəvvürlərə əsaslanıb.
Altı ay sonra isə mənzərə daha mürəkkəbdir: İran ciddi iqtisadi və hərbi zərbələr almasına baxmayaraq, hakimiyyət dəyişməyib və Tehran müqaviməti davam etdirir. Digər mənbələrin son təhlilləri də müharibənin sürətli qələbə ilə başa çatmadığını, qarşıdurmanın uzandığını və İranın iqtisadi cəhətdən ağır zərbə alsa da siyasi baxımdan tab gətirdiyini göstərir. Mançukun fikrincə, İran müharibəsi bir daha göstərir ki, hərbi üstünlük avtomatik olaraq siyasi qələbə demək deyil. ABŞ böyük hərbi və iqtisadi imkanlara malik olsa da, İran cəmiyyətinin xarici müdaxiləyə reaksiyasını düzgün hesablamadığı halda münaqişəni qısa müddətdə öz şərtləri ilə başa çatdırmaq çətinləşir.
Musavat.com
29 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ