İnsanlara hürriyət, millətlərə istiqlal!

İran nüvə müqaviləsindən çıxır - Bakıya təhlükə

Tehran nüvə kartını yenidən işə salır; DNNO qərarı Cənubi Qafqazda yeni gərginlik yarada bilər

İran parlamentində ölkənin Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (DNNO) çıxması ilə bağlı qanun layihələrinin hazırlanması regionda təhlükəsizlik gündəmini yenidən dəyişə biləcək mühüm siqnal kimi qəbul olunmaqdadır.  İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əbrahim Əzizi DNNO-dan çıxış imkanının hələ də gündəmdə olduğunu açıqlayıb.

Onun sözlərinə görə, parlamentdə artıq “DNNO-dan çıxış planı” adlı qanun layihələri hazırlanıb. Layihələrin deputatların əhəmiyyətli hissəsinin imzaları ilə parlamentin Milli təhlükəsizlik və xarici siyasət komissiyasına, eləcə də qanunvericilik idarəsinə göndərildiyi bildirilir. Əzizi bununla belə, çıxışın avtomatik baş verəcək proses olmadığını, bunun üçün dövlət institutları arasında koordinasiya və İran rəhbərliyinin vahid qərarının lazım olduğunu vurğulayıb.

Azərbaycan baxımından da  məsələ xüsusilə həssasdır. İranın nüvə proqramı ətrafında yeni böhran yaranması ölkənin şimal sərhədlərində yerləşən Azərbaycan üçün də təhlükəsizlik risklərini artıra bilər. Tehran-Vaşinqton qarşıdurmasının genişlənməsi İranın xarici siyasətində daha sərt xəttin güclənməsi, regiondakı hərbi-siyasi gərginliyin yüksəlməsi və nəqliyyat-kommunikasiya layihələrinə mümkün təzyiqlər deməkdir.

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, İranın nüvə müqaviləsindən çıxmasının mümkünlüyü məsələsi son dövrlər bir neçə dəfə gündəmə gəlib: “Bu məsələnin yenidən aktuallaşması, yəni İran parlamentində ölkənin nüvə müqaviləsindən  çıxması ilə bağlı qanun layihələrinin hazırlanması barədə rəsmi şəxslərin açıqlaması haqlı olaraq regionda təhlükəsizlik gündəmini yenidən dəyişə biləcək mühüm siqnaldır”.

Siyasi şərhçinin fikrincə, Azərbaycan üçün bu məsələ xüsusilə həssas olan bir problemdir: “Ona görə ki, İran bizim ən yaxın qonşumuzdur. Azərbaycanın perimetr boyunca ən uzun sərhədləri Azərbaycanladır və İranda 40 milyondan çox Azərbaycan türkü yaşayır. Problemin həssaslığı həm də onunla əlaqədardır ki, Azərbaycan eyni vaxtda, bir tərəfdən milli təhlükəsizliyini təmin etməli, digər tərəfdən isə həm də yaxın qonşu ilə münasibətlərin nəzarətdən çıxmasına imkan verməməlidir. Son dövrdə, xüsusən də Pezeşkian prezident seçildikdən sonra Azərbaycan-İran münasibətlərində praqmatik bir yaxınlaşma müşahidə olunurdu. Araz çayı üzərində Ağbənd-Kəlalə avtomobil körpüsünün inşası, Şimal-Cənub dəhlizinin inkişafı, enerji və ticarət əlaqələri, eləcə də İran ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yeni kommunikasiya xəttinin yaradılması bu praqmatizmin əsas elementləri idi. Azərbaycan və İran prezidentlərinin danışıqlarında Şimal-Cənub dəhlizi və Asiyanı Avropa, Fars körfəzini isə Aralıq dənizi ilə birləşdirə biləcək nəqliyyat bağlantıları xüsusi vurğulanmışdı. Lakin İranın nüvə proqramı ətrafındakı böhranın yeni mərhələsi bu əməkdaşlıq gündəliyi üçün təhlükəsizlik baxımından müəyyən risklər yarada bilər. İlk növbədə Azərbaycan-İran münasibətlərinin təhlükəsizlik prizmasından yenidən qiymətləndirilməsi mümkündür. İran nüvə proqramına görə daha güclü hərbi və siyasi təzyiqlə üzləşdikcə Tehran qonşu dövlətlərin xarici əlaqələrinə daha həssas yanaşır. İran rejiminin hərbi qanadı uzun müddətdir ki, Azərbaycanın İsraillə strateji tərəfdaşlığını potensial təhlükəsizlik amili kimi təqdim edir və Azərbaycanı hədələyir. Bu məsələnin yenidən fəal şəkildə gündəmə gətirilməsi baş verə bilər.

Azərbaycan İranla bağlı məsələdə öz prinsipial mövqeyini dəfələrlə bəyan edib: Azərbaycan ərazisi üçüncü dövlətə, o cümlədən İrana qarşı hərbi əməliyyat meydanına çevrilməməlidir. Ancaq nüvə qarşıdurması genişləndikcə təkcə real hərbi fəaliyyət deyil, onunla bağlı şübhələr və dezinformasiyalar da münasibətləri gərginləşdirə bilər. Belə şəraitdə sərhəd yaxınlığında hərbi fəallıq, pilotsuz uçuş aparatlarının hərəkəti və hava məkanının pozulması riski əvvəlkindən daha təhlükəli məna kəsb edir.

Bu səbəbdən Bakı ilə Tehran arasında daimi hərbi-sərhəd əlaqələndirmə mexanizminin işləməsi xüsusi əhəmiyyət kəsb edir. Böhran zamanı yanlış qiymətləndirmə bəzən əvvəlcədən planlaşdırılmış düşmənçilikdən daha təhlükəli ola bilər.

Q.Əlibəyli fikirlərinə belə yekun vurdu: “Qeyd etmək lazımdır ki, yeni nüvə böhranının Azərbaycan-İran münasibətlərinə təsiri  İran daxilində hansı siyasi xəttin üstün gəlməsindən də asılı olacaq. Prezident Pezeşkianın xətti üstünlük qazanarsa, təzyiqlər İranı qonşularla münasibətlərdə daha praqmatik davranmağa sövq edəcək. Xarici iqtisadi əlaqələri daralan İran Azərbaycanla sərhəd ticarətinin, nəqliyyat dəhlizlərinin və enerji əməkdaşlığının qorunmasında maraqlı olacaq. Bu ssenaridə qarşılıqlı iqtisadi asılılıq siyasi gərginliyin qarşısını alan amilə çevrilə bilər. SEPAH-ın xətti üstünlük qazanacağı halda böhran İranın təhlükəsizlik siyasətini sərtləşdirəcək. Xarici təhlükə hissinin güclənməsi Azərbaycanın İsrail, ABŞ və Türkiyə ilə münasibətlərinə qarşı daha şübhəli yanaşmaya, sərt ritorikaya və müxtəlif siyasi təzyiq vasitələrinin fəallaşdırılmasına səbəb ola bilər. Belə şəraitdə iqtisadi əməkdaşlıq davam etsə belə, siyasi etimadsızlıq dərinləşəcək. Hesab edirəm ki, ən ehtimal olunan variant bu iki xəttin paralel şəkildə mövcud olmasıdır: Tehran iqtisadi və tranzit əməkdaşlığı qorumağa çalışmaqla yanaşı, təhlükəsizlik məsələlərində Azərbaycana təzyiqini artıracaq. Başqa sözlə, münasibətlər nə tam qarşıdurmaya, nə də həqiqi strateji tərəfdaşlığa çevriləcək. İdarə olunan, lakin daim risk altında olan qonşuluq modeli davam edəcək. Bir sözlə İranın yeni nüvə böhranı Azərbaycan-İran münasibətlərində mövcud olan kövrək tarazlığı dəyişə bilər, lakin bu dəyişiklik avtomatik olaraq qarşıdurma demək deyil. Böhran Tehranı Azərbaycanla iqtisadi və tranzit əməkdaşlığa daha çox ehtiyac duyan vəziyyətə gətirə, eyni zamanda İranın təhlükəsizlik narahatlıqları və xarici siyasətindəki sərt xətt Bakı üzərində siyasi təzyiqi artıra bilər. Azərbaycanın üstünlüyü ondadır ki, o, İran üçün həm qonşu, həm tranzit tərəfdaşı, həm də şimal istiqamətində mühüm çıxış nöqtəsidir və bu üstünlük qarşıdurma vasitəsinə deyil, sabitləşdirici diplomatik alətə çevrilməlidir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2026

09 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR