Onlayn ictimai-siyasi qəzet
Bura Rusiyadır. Bu, adi yanğın deyil. Müharibə yanğınıdır.
Ukrayna dronları bu gecə Samara vilayətinin Krasnoyarsk rayonunun Novosemeykino kəndindəki “Wildberries” şirkətinin anbarını odlara qalayıb.
Vilayətin qubernatoru Vyaçeslav Fedorişev anbara edilən hücumu "düşmənin daha bir terror aktı" adlandırıb.
Dronu “Wildberries”in anbarına göndərən tərəf isə bunu “hərbi məqsədli diversiya aktı”, “legitim hədəf” sayır.
Deyirlər, ölüm-dirim savaşıdır, daha necə olsun, düşmənin hərbi qüvvələrini ərzaqla təchiz edən şirkət vurulmalıdır ki, ordusı sıxıntı çəksin, hücum etmək hayında olmasın.
Son aylarda Ukrayna tərəfi belə edir, Rusiya qoşunlarını yanacaqla, silah-sursatla, ərzaqla təchiz edən nəhəng şirkətlərin baza və anbarlarını hədəfə götürür.
Bu taktika xeyli dərəcədə effektiv alınır. Neçə vaxtdır ki, neft emalı zavodlarının ardıcıl vurulması o boyda federasiyada yanacaq qıtlığı yaradıb. Özü neft hasil edən, onlarla emal zavodlarına malik olan Rusiyada yanacaq çatışmır və başqa ölkələrdən benzin, kerosin istəyir.
Son həftələrdə isə “Wildberries”in anbarları vurulur. Bu, artıq neçənci belə hadisədir.
Şirkət rəhbərliyi hücumların ardıcıl səciyyə daşıdığını görərək və bunun davam edəcəyini bilərək Qazaxıstandan şirkət üçün anbar istəmişdi. Biznesmenlər düşünürdülər ki, şirkətin anbarı üçüncü ölkədə olsa, Ukrayna həmin ölkəni vuraraq, özünü cəncələ salmaz.
Amma nə bilmək olar? Müasir müharibələrdə belə istisna hallar yoxdur. İran bütün körfəz ölkələrini ABŞ-yə yardım etdikləri üçün vurmurmu? Vurur, hələ “əcəb edirəm” də deyir. Prinsipcə, Ukrayna da elə edə bilər.
Bəs yaranmış bu xoşagəlməz durumdan çıxış yolu nədir? Bircə çıxış yolu var: müharibəni dayandırmaq. O zaman yanan baza və anbarların tüstüsü bu qədər qara və yoğun olmayacaq.
P.S. “Wildberries” sözünün ingiliscədən dilimizə tərcüməsi “yabanı giləmeyvələr” deməkdir.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ