Onlayn ictimai-siyasi qəzet
Bunlar mərakeşli miqrantlardır, rezin qayıqlarla üzərək İspaniya anklavına daxil olublar.
İspaniyanın dövlət televiziyası TVE Seuta şəhərinə təxminən 3000 nəfərin gəldiyini bildirib. Deyirlər, son iki həftə ərzində 1500-dən çox gənc mərakeşli şəhərə daxil olub.
Mərakeş və İspaniya məsafəcə yaxın ölkələrdir, aralıqda yalnız Aralıq dənizi var. Dənizin ən ensiz yeri onların arasına düşür. Ona görə də şişirdilmiş rezin qayıqlarla Mərakeşdən İspaniyaya keçmək tez başa gəlir, amma təhlükəlidir. Bu aralıqda qayıq aşması halları çox olur.
Seuta şəhəri isə Mərakeşə daha yaxındır. Bu ərazi Cəbəllütariq boğazı ilə İspaniyanın materik hissəsindən ayrılır. Uzun müddətdir Avropaya çatmağa çalışan miqrantlar ən çox buradan keçir.
Bəs mərakeşli gənclər nədən öz ölkələrindən çıxmaq, din-məzhəb qardaşlarının yaşadığı digər firavan ölkələrə getmək istəmir, keşməkeşli yollardan keçərək “gavur”lara sığınmaq istəyir, tarixi Əndəlis torpağına qədəm qoyan kimi “İspaniyaya eşq olsun!” şüarı qışqırırlar?
Səbəb sadədir: dolanışıq, güzəran. Bu insanlar öz ölkələrində işsiz-gücsüzdür, ya da qul-kölədirlər, qul haqları yeyilir, ona görə də azadlığa, rifaha can atırlar.
Hələ iyulun əvvəlində İspaniya hökuməti dənizdə tutulan miqrantları dərhal geri qaytarmaq qərarına gəlib. Mərakeşli miqrantların çoxu İspaniyada qalmaq istəməsə də, o biri Avropa ölkələrinin onları qəbul etmək fikirləri yoxdur.
Ancaq Avropa ölkələrinin anti-miqrant mövqeyində olması Mərakeşdən, digər Afrika ölkələrindən can qurtararaq avropalı olmaq istəyənlərin qarşıısnda maneə deyil. Onlar nəyin bahasına olursa-olsun, “deqradasiyaya uğramış cəmiyyət”ə qovuşmaq istəyirlər.
Bu şəkildə görünənlər nisbətən bəxti gətirənlərdir – indilikdə onların sonrakı taleyi qeyri-müəyyən olsa da, sağ-salamatdırlar. Bir də dənizdə boğulanlar var. Dünən sudan doqquz mərakeşli miqrantın cəsədi çıxarılıb. Bununla da son aylarda Seuta şəhərinə çatmağa çalışarkən ölənlərin sayı 60-a çatıb.
İspaniya hökumət Seutaya 200 xüsusi polis məmuru və 60 əsgərin göndərib ki, miqrantların Avropaya getmək arzusunu puç etsinlər.
Pis idarə olunan ölkələrin insanları bu cür bədbəxtdir, nə öz ölkələrində bir gün görürlər, nə də artıq onları əvvəlki kimi qəbul edib yerləşdirən var.
Musavat.com
01 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ