İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransa hicabı qadağan edir - İslamofobiyanın YENİ dalğası

Fransada hicab taxmayan qadınlar TikTok, İnstaqram və X-də müsəlman qadınlarla həmrəyliklərini bildirmək üçün hicablı formada yazdıqları videolar paylaşırlar.

Məlumatlara görə, kişilər də dəstək aksiyasına qoşulublar. Bu da səbəbsiz deyil.Məsələ ondadır ki, 2027-ci il prezident seçkilərinə hazırlıqlar fonunda prezidentliyə namizəd Marin Le Pen hicabın qadağan edilməsi məsələsini referenduma çıxarmaq istədiyini açıqlayıb.

Fransada hicab referendumla yasaqlana bilərmi? O halda bu Avropa üçün pis bir presedent yaratmazmı? Ümumiyyətlə, faşist təmayüllü Le Penin hakimiyyətə gəlməsi mümkünmü?

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Musavat.com-a deyib ki, belə hallar təəssüf doğurur: “Hazırkı dövrdə gözlənilən o idi ki, dünya inkişaf etdikcə daha da mədəniləşəcək və müxtəlif sivilizasiyalar digər mədəniyyətlərə daha böyük hörmətlə yanaşacaq. Vaxtilə belə bir fikir var idi ki, bəşəriyyət o qədər inkişaf edəcək ki, ümumiyyətlə dinlərə ehtiyac qalmayacaq. Lakin zaman göstərdi ki, bu qədər elmlə, tərəqqi, inkişaf və maliyyə imkanları ilə yanaşı, dünyamız mənəvi böhrana doğru sürətlə irəliləyir”.

Ceyhun Məmmədov: “Bu formada şəxsi əşyaların aşkarlanması, şəklinin çəkilib  paylaşılması doğru deyil” Pravda.az

Deputatın sözlərinə görə, dünyada bu qədər qlobal problemlər var ikən, nədənsə bəzi ölkələri, dövlətləri və insanları müsəlmanların hicab geyinməsi narahat edir:

“Ümumiyyətlə, hicab geyinmək və ya geyinməmək hər kəsin öz şəxsi işidir, özünün qəbul etdiyi azad qərardır. Necə ki, bəzi insanlar küçələrdə heç bir etik normaya əməl etmədən istədikləri kimi gəzirlər, müsəlmanlar da öz dinlərinin qaydalarına və normalarına uyğun olaraq hicab taxırlar. Bu da onların şəxsi seçimidir. Çox maraqlıdır ki, bu gün dünyada əxlaqsızlığa, insanların küçədə qeyri-etik geyimdə gəzməsinə heç kim reaksiya vermir. Biz bunu bəzən öz ölkəmizdə də müşahidə edirik. Lakin nədənsə hicab geyinənlər insanlarda narahatlıq yaradır”.

Deputat qeyd edib ki, tarixən dünyada qatı və ağır müharibələr dini zəmində baş verib: “Biz dünyamızın yenidən dini zəmində qarşıdurmalar yaşamasına qətiyyən imkan verməməli və buna şərait yaratmamalıyıq. Bu, çox ciddi bir problemdir. Təəssüf ki, son dövrlər Avropa dövlətlərində, xüsusən də Fransada və digər ölkələrdə müsəlmanlara qarşı islamofob meyllər sürətlə artmaqdadır. Fransada prezidentliyə namizəd Marin Le Pen ilə bağlı da ciddi suallar var. Bu şəxs öz radikallığı ilə seçilir. Ümumiyyətlə, bu gün Avropada islamofob şəxslərə qarşı çıxış edənlərə daha çox rəğbət var. Le Penin hicabın qadağan edilməsi ilə bağlı mövqeyi Fransa cəmiyyəti və dünya üçün yaxşı heç nə vəd etmir. Nəzərə almalıyıq ki, Fransada xeyli sayda müsəlman yaşayır və onların əksəriyyəti hicablıdır. Hicab qadağası Fransanın özündə dini zəmində ədavətin və münaqişələrin güclənməsinə gətirib çıxara bilər”.

Şuşa - Beynəlxalq görüşlərin keçirildiyi unikal məkan - Azər Hüseynov |  Hafta.az

Siyasi şərhçi Azər Hüseynov da Musavat.com-a deyib ki, Fransada və Avropanın bir sıra digər ölkələrində radikal millətçi və ifrat sağçı görüşlərə sahib olan şəxslərin, siyasi partiyaların hazırda hakimiyyətə gəlmək ehtimalı yüksək olmasa da, miqrasiya böhranı, təhlükəsizlik məsələləri və digər sosial problemlər fonunda onların cəmiyyətdəki səslərinin getdikcə artdığını görürük: “Onların parlamentlərdə, yerli siyasi strukturlarda və müxtəlif ictimai-siyasi institutlarda təsir imkanlarının genişlənməsi də diqqətdən kənarda qalmamalıdır. Bu baxımdan, həmin qüvvələrin gələcəkdə siyasi hakimiyyətə gəlməsi ehtimalını tamamilə istisna etmək olmaz. Çünki müasir dünyada siyasi proseslər çox sürətlə dəyişir və bu gün real görünməyən bir ssenari müəyyən müddətdən sonra tamamilə mümkün ola bilər”.

Siyasi şərhçiyə görə, əgər belə siyasi qüvvələr hakimiyyətə gəlsələr, onların xüsusilə ictimai və dini həyatla bağlı hansı addımları atacağını indidən dəqiq proqnozlaşdırmaq çətindir: “Məsələn, Fransanın siyasi və hüquqi modeli digər Avropa ölkələrindən müəyyən qədər fərqlənir. Bu baxımdan, gələcəkdə hicab, niqab və digər dini atributlarla bağlı məhdudiyyətlərin daha da sərtləşdirilməsi ehtimalını tamamilə istisna etmək olmaz. Lakin hazırkı siyasi institutların quruluşu, Avropada mövcud olan hüquqi sistem və liberal-demokratik prinsiplər belə addımların qarşısında ciddi maneələr yaradır. Bu gün Avropa ölkələrində fərdi hüquq və azadlıqların qorunması, o cümlədən insanların dini etiqadlarını sərbəst şəkildə ifadə etmək hüququ hüquqi sistemin mühüm prinsiplərindən biridir. Ona görə də hazırkı şəraitdə belə məhdudiyyətlərin geniş şəkildə tətbiq olunacağını söyləmək çətindir. Ancaq siyasi proseslərin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olaraq gələcəkdə bu məsələnin yenidən ciddi siyasi müzakirə mövzusuna çevrilməsi mümkündür”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR