Onlayn ictimai-siyasi qəzet
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə sakinlərini “əsl ənənələrə” riayət etməyə çağırıb və insanların bir-birini qucaqlayıb öpməsini tənqid edib. Prezident kişilərin bir-birini qucaqlayıb öpməsinin, qadın və kişilərin isə bu formada salamlaşmasının Qazaxıstan ənənələrinə uyğun olmadığını bildirib. Tokayev xüsusilə hərbçilərin, o cümlədən generalların bir-birini qucaqlamasına da iradını ifadə edib.
Maraqlıdır ki, Azərbaycanda da son illər salamlaşarkən kişilərin bir-birini, eləcə də qadın və kişilərin öpüşərək görüşməsinə tez-tez rast gəlinir. Lakin bu davranış heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. Bəzi insanlar qarşı tərəfi narahat etməmək və ya incitməmək üçün istəməsələr belə, bu cür salamlaşmadan imtina edə bilmirlər.
Bəs Azərbaycanda tarixən salamlaşma mədəniyyəti necə olub? Öpüşərək və qucaqlaşaraq salamlaşmaq bizim milli ənənəmiz sayılırmı, yoxsa bu, sonradan formalaşmış bir davranışdır? Milli adət-ənənələr baxımından salamlaşmanın hansı qaydaları mövcud olub?

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Qazaxıstan Prezidentinin ölkə sakinlərini əsl ənənələrə riayət etməyə çağırması, kişilərin və ümumiyyətlə insanların bir-biri ilə qucaqlaşıb öpüşməsini tənqid etməsi tamamilə düzgün addımdır. Bu cür salamlaşma forması nə Qazaxıstanın, nə də bizim milli ənənələrimizə uyğundur.
Səmimi desək, əvvəllər bizdə də belə şey olmayıb. Əhali arasında bu cür vərdişlər geniş yayılmamışdı. Mənim yadımda qalan budur ki, əvvəllər sadəcə, əli sinənin, yəni ürəyin üstünə qoyub “salaməleyküm” deyərdilər, yaxud əl verib salamlaşardılar. Normal və əsl ənənəyə uyğun olan da elə bu idi. Amma sonradan bu təmasların necə yarandığını, haradan gəldiyini demək çətindir.
İndi isə görürük ki, qadınla kişi də, kişi ilə kişi də öpüşüb görüşür. Bizdə ənənələr həqiqətən də çox dəyişib. Yadıma gəlir, təqribən 30 il bundan əvvəl toylarda oynayarkən insanların başına pul səpərdilər. O zamanlar bu lazımsız adəti aradan qaldırmaq üçün müəyyən təşəbbüslər oldu və zamanla həmin vərdiş yoxa çıxdı. İndi toylarda belə şeylərə rast gəlinmir. Məsələ burasındadır ki, dünyamız çox sürətlə dəyişir. Təsəvvür edin, 30 il əvvəl mühasibatlıqda çötkə işlədilirdi, hər şey saatlarla hesablanırdı. İndi isə hər şey saniyələrlə, hətta avtomobillərin yollardakı hərəkəti belə saniyələrlə ölçülür. Dünya bu qədər dəyişdiyi bir vaxtda adət-ənənələrə yenidən baxmaq, onları redaktə etmək, lazımsız vərdişləri tənqid edib aradan qaldırmaq çox əhəmiyyətli və vacib məsələdir”.
Yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov da mövzu ilə bağlı Musavat.com-a fikirlərini bildirib: “İnsanlar bir-biri ilə qarşılaşan və ya görüşən zaman, xüsusən də uzunmüddətli ayrılıqdan sonra bir-birini qucaqlaması və öpüşməsi əvvəllər də rast gəlinən hal olub. Lakin bu, tez-tez təkrarlanmırdı. Uzunmüddətli səfər deyəndə bir aydan çox, hətta illərlə ailəsindən, doğma obasından uzaqda qalan, əzizlərini və tanışlarını görməyən şəxslərin – istər qadın-kişi, istər qadın-qadın, istərsə də kişi-kişi olsun – görüşərkən daha çox yanaqdan öpüşməsi, qucaqlaşması və isti münasibət göstərməsi normal qarşılanırdı.
Ancaq bütövlükdə götürdükdə Azərbaycan mental dəyərlərində insanların, hətta ən yaxın qohum-əqrəbanın belə tez-tez görüşdüyü, bir-birinə yaxın məsafədə yaşadığı halda öpüşməsi, qucaqlaşması və ümumiyyətlə, fiziki təmasda olması məqbul sayılmayıb. Yadıma gəlir, biz uşaq olanda belə, ata-analarımız bizi ayda-ildə bir dəfə qucaqlayıb öpərdilər. Bunun da əsas səbəbi uzun müddət görüşməməyimiz, harasa səfərə gedib-gəlməyimiz olardı.
İndi isə təəssüf ki, məktəblilərdən, tələbələrdən tutmuş, müxtəlif yaş qruplarına qədər insanlar demək olar ki, hər gün, hətta yarım saatdan bir görüşəndə belə qucaqlaşır, çox zaman öpüşür, yanaqlarını bir-birinə toxundururlar. Pandemiya vaxtında xatırlayırsınızsa, böyük bir kampaniya aparılırdı ki, nəinki qucaqlaşmaq və öpüşmək, hətta dodağın yanağa dəyməsi və əl tutuşmaq belə məqbul sayılmır”.
Kulturoloq qeyd edib ki, qədim zamanlardan Azərbaycanda xüsusi salamlaşma və görüşmə, bir-birinə sülh, əmin-amanlıq və sağlamlıq arzulamaq üçün müəyyən ayinlər olub: “Bunlardan ən əsası əli ürəyin üstünə aparıb baş əymək idi. Tanınmış insanları, alimləri, ilahiyyatçıları, din xadimlərini, ağsaqqal və ağbirçəkləri görərkən bu baş əymə daha təmkinli şəkildə həyata keçirilirdi: əllər və ya hər iki çarpaz əl sinəyə qoyulurdu. Həmyaşıdını görəndə isə, sadəcə, əli ürəyin üstünə qoyub başı bir qədər tərpətməklə salamlaşırdılar.
O dövrdə insanların çimmək imkanlarının məhdud olması, hər kəsin evində duş və hamamın olmaması, işdə və isti havada kondisionerli, komfortlu məkanların geniş yayılmaması da nəzərə alınırdı. Tərləmə və digər amillər səbəbindən məsafədən, heç bir fiziki və bədən təması olmadan salamlaşma formaları mövcud idi və bu, məqbul sayılırdı. Ümumiyyətlə, Sovet dövründə Leonid Brejnevin sosialist və dost ölkələrin rəhbərləri ilə dodaq-dodağa öpüşməsindən sonra bu hal təbii olaraq dəbə düşdü. İnsanların dodaq-dodağa, yanaqdan öpüşməsi, qucaqlaşması və fiziki təması geniş yayıldı. Kapitalist ölkələrində isə buna daha fərqli münasibət var. İnsanlar bir-birini qucaqlayıb öpə bilsələr də, ümumilikdə yad insanların belə fiziki təmasla salamlaşmasına daha ehtiyatlı yanaşılırdı.
Son vaxtlar isə hər şey bir-birinə qarışıb. Fikir versəniz, oğlan oğlanla, xüsusən yeniyetmələr, tələbələr və məhəllə uşaqları arasında buna tez-tez şahid oluruq, qız qızla, tanımayan qız oğlanla və ya qohum-əqrəba hər gün görüşsələr belə qucaqlaşır, bir-birinə toxunur, dodaq və yanaqlarından öpürlər. Halbuki mental dəyərlərimizə, etnik və dini baxışlarımıza görə insanların, xüsusən naməhrəm şəxslərin bir-biri ilə bu formada fiziki təmasda olması və salamlaşması yaxşı qarşılanmır.
Bu mənada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fikirləri ilə bəlkə də çoxları razılaşır, o cümlədən mən də razılaşıram. Xüsusən dövlət məmurlarının, dövlət adamlarının bir-biri ilə qucaqlaşması və öpüşməsi kənardan heç də ciddi görünmür və onların insanlara olan nüfuzunda, xarakter və iradəsində zəiflik kimi qəbul edilə bilər”.
Aydın Xan Əbilova görə, əgər doğma insanlardırsa, dodaqdan və ya yanaqdan öpüşmək əvəzinə, sadəcə, yanağı yanağa toxundurmaqla ona olan sevgini, hörməti və sayğını göstərmək, sülh arzulamaq olar: “Bu zaman da əndazəni keçməmək şərtdir. Təəssüf ki, gənclər arasında bu sərhədlər aradan qalxıb. İstənilən fiziki təmas bir insanı digərinin gözündən sala, aradakı münasibəti adiləşdirə bilər. Bu təmaslardan mümkün qədər qaçmaq lazımdır. Azərbaycanda nəinki eyni cinsdən olanların və ya bir-birini tanıyan qohum-tanışların, hətta uşaqların belə qucaqlaşıb öpüşməsi, xüsusən yaşlı nəslin uşaqları dodağından öpməsi ənənə halını alıb. Biz buna hər zaman qəti etirazımızı bildirmişik. Çünki böyüyün uşağı öpməsi xəstəliklərin ötürülməsinə səbəb ola bilər.
Hətta bizimkilər xaricdə uşaqlara isti münasibət və fiziki təmas göstərdikdə, bəzi hallarda buna mənfi reaksiya verilir. Çünki bizim dəyərlərimiz xaricilər üçün fərqli və qəribə görünə bilər. Bu baxımdan belə məsələlərə həmişə diqqət yetirmək lazımdır. İstər pandemiya, istər epidemiya, istərsə də hər hansı xəstəlik olsun, insanların bir-biri ilə yaxın təmasına yalnız müəyyən formatda və müəyyən çərçivədə – ər-arvad, sevgililər və s. – yol verilməsi daha məqsədəuyğundur. Ümumilikdə isə yad və naməhrəm insanların, hətta qohum olsalar belə, kənardan görüşməsi və öpüşməsi məqbul sayılmır və bu cür təmaslar xəstəliklərin yayılmasına şərait yarada bilər. Buna görə də ehtiyatlı olmaq lazımdır”.
Afaq Mirayiq,
Musavat.com
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ