Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ən tanınmış televiziya təbliğatçılarından biri Dmitri Kiselyov 14 ilə yaxın apardığı “Vesti nedeli” proqramından gedir. Bir neçə gün əvvəl yayılan məlumat artıq rəsmən təsdiqlənib.
Musavat.com xəbər verir ki, VGTRK (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti) sentyabrdan etibarən “Rossiya 1” telekanalının əsas həftəlik yekun proqramı olan “Vesti nedeli”nin yeni aparıcısının telejurnalist və “Vahid Rusiya”dan deputat Yevgeni Popov olacağını açıqlayıb.
Beləliklə, ötən həftə “VÇK-OGPU”nun Kiselyovun proqramdan uzaqlaşdırılacağı barədə yaydığı məlumatın əsas hissəsi təsdiqini tapıb.
Kiselyov isə televiziyadan tamamilə getmir. VGTRK onun “Rossiya 1”də “Kiselyov” adlı müəllif proqramına başlayacağını bildirib. Sentyabrın 6-dan bazar günləri saat 22:00-da yayımlanacaq verilişdə Kiselyovun Rusiya və dünyadakı əsas hadisələrə “müəllif baxışı” təqdim edəcəyi bildirilir.
Bununla belə, əvvəlki məlumatlarda Kiselyovun təkcə “Vesti nedeli”dən deyil, həm də “Rossiya seqodnya” media qrupunun baş direktoru vəzifəsindən uzaqlaşdırılacağı iddia edilirdi. Bu hissə hələ rəsmən təsdiqlənməyib.
Kiselyov “Vesti nedeli”nin aparıcısı kimi ilk dəfə 9 sentyabr 2012-ci ildə efirə çıxıb və proqram sonrakı illərdə onun Rusiyanın ən tanınmış təbliğat simalarından birinə çevrilməsində mühüm rol oynayıb.
Onun efirdə səsləndirdiyi ən qalmaqallı fikirlərdən biri 2014-cü ildə Krımın ilhaqı fonunda deyilmişdi. Kiselyov Rusiyanın “ABŞ-ni radioaktiv külə çevirməyə real olaraq qadir olan yeganə ölkə” olduğunu söyləmişdi.
2022-ci ildə isə o, “Poseydon” sualtı aparatının Britaniyaya mümkün zərbəsini nümayiş etdirərək Britaniya adalarının nəhəng radioaktiv dalğa nəticəsində “radioaktiv səhraya” çevrilə biləcəyindən danışmışdı.
Kiselyov Aleksey Navalnıya qarşı da son dərəcə sərt ifadələri ilə seçilib və onu efirdə “kukla”, “diversant” və Rusiyanın daxilindəki “qurd yeri” adlandırıb.
Beləliklə, 2012-ci ildən Rusiya dövlət televiziyasının əsas siyasi simalarından biri olan Kiselyov “Vesti nedeli”ni tərk edir. Ancaq ona ayrıca müəllif proqramının verilməsi göstərir ki, söhbət hələlik dövlət televiziyasından tam uzaqlaşdırılmasından deyil, onun efirdəki rolunun dəyişdirilməsindən gedir.
Musavat.com
25 Avqust 2026
24 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ