İnsanlara hürriyət, millətlərə istiqlal!

Dələduzluqda və oğurluqda təqsirləndirilən iki azərbaycanlı xaricdən ölkəyə gətirilir - TƏFƏRRÜAT

Azərbaycanın hüquq-mühafizə orqanlarının axtarışda olan iki vətəndaşının xaricdən ölkəyə gətirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Baş Prokurorluğun məlumatına görə, dələduzluqda şübhəli bilinən Seymur Salah oğlu Salahzadənin Ukraynadan Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Bildirilib ki, Azərbaycan Baş Prokurorluğunun Ukraynanın Baş Prokurorluğuna müraciəti, beynəlxalq prosedurlara uyğun zəruri sənədlərin təqdim edilməsi və aparılan danışıqlar nəticəsində ekstradisiya məsələsi razılaşdırılıb.

Seymur Salahzadə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində istintaqı aparılan cinayət işi üzrə külli miqdarda dələduzluq törətməkdə şübhəli bilinir. Onun barəsində cinayət təqibinin həyata keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edilib.

İstintaqdan yayınaraq gizləndiyi üçün Seymur Salahzadə İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilib. Keçirilən tədbirlər nəticəsində onun Ukrayna ərazisində olduğu müəyyənləşdirilib və saxlanılması təmin edilib.

Hazırda Salahzadənin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.

Digər halda isə Adil Allahverdi oğlu Dəmirovun Rusiyadan Azərbaycana ekstradisiyası ilə bağlı Baş Prokurorluğun vəsatəti təmin edilib.

Baş Prokurorluğun məlumatına əsasən, Dəmirov barəsində İmişli Rayon Polis Şöbəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə araşdırma həyata keçirilir. Onun Azərbaycan Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi – külli miqdarda ziyan vurmaqla oğurluq törətmə ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Bununla əlaqədar Dəmirovun təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. O, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Azərbaycanın Rusiya Federasiyasının Baş Prokurorluğuna ünvanladığı ekstradisiya vəsatəti «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 7 oktyabr 2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq təmin edilib.

Hazırda Adil Dəmirovun Azərbaycana gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun tədbirlər həyata keçirilir.

Beləliklə, biri Ukraynada, digəri isə Rusiyada saxlanılan iki Azərbaycan vətəndaşının ölkəyə gətirilməsi üçün hüquqi prosedurlar davam etdirilir.

E.Məmmədəliyev,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2026

24 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR