İnsanlara hürriyət, millətlərə istiqlal!

Eyni Audi, 40 min avroya yaxın fərq – Çin Almaniyanı dolaşdırdı, şirkət çaş-baş qaldı

Almaniyanın avtomobil nəhəngi Audi qeyri-adi problemlə üzləşib.

Musavat.com xəbər verir ki, şirkətin Çin üçün hazırladığı elektrikli avtomobillər Almaniyaya gətirilərək Avropadakı Audi modellərinə rəqib olub.

Audi artıq bu avtomobillərin paralel idxalının qarşısını almaq üçün hüquqi addımlar atıb. Almaniyanın Auto China şirkətinin satışa çıxardığı modellər də onun saytından yığışdırılıb.

Söhbət AUDI E5 Sportback və E7X modellərindən gedir. Onlar Audi ilə Çinin SAIC şirkətinin əməkdaşlığı çərçivəsində məhz Çin bazarı üçün hazırlanıb. Bu avtomobillərdə məşhur dörd halqalı Audi loqosu yoxdur, onun əvəzinə böyük hərflərlə “AUDI” yazılıb. Audi özü də yeni markanın xüsusi olaraq Çin bazarı üçün yaradıldığını bildirir.

Lakin Almaniyadakı müstəqil idxalçı Auto China avtomobilləri Çindən alaraq Almaniyaya gətirib və yerli bazarda satışa çıxarıb. E5 Sportback təxminən 59 980 avroya, E7X isə 72 900 avroya təklif olunub.

Ən maraqlı məqam qiymət fərqidir. E5 Sportback Çində təxminən 26 min avrodan başlayan qiymətlə satıldığı halda, Almaniyaya gətirildikdən sonra qiyməti təxminən 60 min avroya çatırdı. Buna baxmayaraq, avtomobil yenə də Almaniya bazarındakı oxşar Audi modellərindən xeyli ucuz qalırdı. Məsələn, Audi S6 Sportback e-tron-un Almaniyada başlanğıc qiyməti 99 500 avrodur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR