Onlayn ictimai-siyasi qəzet
Son 24 saat ərzində Səudiyyə Ərəbistanının hava və quru qüvvələri Yəmənin müxtəlif ərazilərinə 100-dən çox hava və raket zərbəsi endirib.
Musavat.com xəbər verir ki, bu məlumatla Husi hərbi komandanlığının sözçüsü Yəhya Sari çıxış edib: “Son 24 saat ərzində Səudiyyə Ərəbistanı paytaxt Sənada, eləcə də Dəmər, Taiz, Əmran, Ləhc, Əl-Cəvf, Mərib, Səada və Hodeyda əyalətlərində 104 hava hücumu və raket hücumu həyata keçirib.
Hücumlar Xamis Müşayt və Taif hava bazalarından F-15 və Tayfun təyyarələri, eləcə də Nəcrandan raket hücumları ilə həyata keçirilib”.
Onun sözlərinə görə, bu hücumlarla münaqişənin son eskalasiyasından bəri Səudiyyə Ərəbistanı tərəfindən həyata keçirilən hava hücumlarının və raket hücumlarının ümumi sayı 2281-ə çatıb.
Bu arada, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda iki raketin qalıqları dörd nəfərin yaralanmasına və 15 yaşayış binasına ziyan vurulmasına səbəb olub. Məlumatı Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti yayıb.
Musavat.com
14 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ