Onlayn ictimai-siyasi qəzet
Ötən həftə dünya miqyasında ən diqqətçəkən hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən ABŞ-Rusiya-Ukrayna üçtərəfli danışıqları oldu. “Reuters” agentliyinin məlumatına görə, ABŞ, Rusiya və Ukrayna nümayəndələrinin iştirakı ilə növbəti danışıqlar raundu fevralın 1-də yenə Əbu-Dabidə olacaq. Bu səbəbdən bu paytaxt şəhəri haqda bəzi bilgilər, zənnimizcə, oxucular üçün maraqlı olar. Kim bilir, bəlkə elə çoxdan gözlənilən sülh Abu-Dabidə imzalandı...

Əfsanədən gerçəkliyə: Əbu-Dabinin yaranması
Əbu-Dabinin tarixi təxminən 1761-ci ildən başlayır. Rəvayətə görə, Bəni Yas qəbiləsindən olan ovçular bir ceyranın ardınca gedərkən adada şirin su mənbəyi aşkar ediblər. Bu kəşf səhralıq şəraitində həyati əhəmiyyət daşıyırdı və yeni yaşayış məntəqəsinin əsasını qoydu. Məhz buna görə ərazi “Əbu-Dabi” - “ceyranın atası” adlandırıldı. Şəhər Fars körfəzinin cənub-şərq hissəsində, materikdən dörddə bir kilometr aralıda yerləşən bir adada yerləşir. Ada materiklə üç avtomobil körpüsü ilə birləşir.
İlk dövrlərdə bu, xurma yarpaqlarından tikilmiş balıqçı daxmalarından ibarət kiçik kənd idi. Əhalinin əsas dolanışıq mənbəyi balıqçılıq və dənizlə bağlı fəaliyyətlər idi.
XVIII əsrin sonlarında Əl-Nəhyən nəslindən olan hakim öz iqamətgahını Əbu-Dabiyə köçürdü. Bu addım şəhərin siyasi statusunu möhkəmləndirdi və onu qəbilə ittifaqının mərkəzinə çevirdi. Su mənbəyini qorumaq üçün Qasr əl-Hosn qalası inşa edildi ki, bu gün də Əbu-Dabinin ən qədim memarlıq abidələrindən biridir. XIX və XX əsrin əvvəllərində şəhərin iqtisadiyyatı mirvari ovuna əsaslanırdı. Əbu-Dabi regionun əsas mirvari mərkəzlərindən biri kimi tacirləri cəlb edir, beynəlxalq ticarət əlaqələri qururdu. Bu dövr neft erası başlamazdan əvvəlki son ənənəvi mərhələ idi.
Neftin kəşfi və sürətli modernləşmə
1958-ci ildə Umm-Şayf dəniz yatağında neftin kəşfi Əbu-Dabinin taleyini kökündən dəyişdi. 1962-ci ildə ilk neft ixracı həyata keçirildi və bu, iqtisadi yüksəlişin başlanğıcı oldu. 1966-cı ildə hakimiyyətə gələn Şeyx Zayed bu gəlirləri sürətli modernləşməyə yönəltdi.
1971-ci ildə BƏƏ-nin yaradılması ilə Əbu-Dabi federasiyanın siyasi mərkəzinə çevrildi, 1996-cı ildə isə rəsmi olaraq daimi paytaxt statusu aldı. Bu dövrdən etibarən şəhər regionun əsas qərarvermə mərkəzlərindən biri oldu.
Səhradan qlobal mədəni və texnoloji mərkəzə
Cəmi yarım əsr ərzində Əbu-Dabi heyrətamiz bir transformasiya yaşayıb. Bir vaxtlar bədəvilərin xurma yarpaqlarından tikilmiş daxmalarda yaşadığı, dəvələrlə hərəkət etdiyi səhralıq ərazi bu gün yüksək texnologiyalı infrastrukturu, müasir memarlığı və yüksək rifah səviyyəsi ilə seçilən qlobal şəhərə çevrilib. Bu sıçrayışın əsas səbəbi, şübhəsiz ki, neft ehtiyatlarının kəşfi oldu. Lakin Əbu-Dabinin uğuru təkcə təbii sərvətlərin mövcudluğu ilə deyil, onlardan strateji və uzaqgörən şəkildə istifadə olunması ilə izah edilir.
Bu baxımdan Birləşmiş Ərəb Əmirlikləri, xüsusən də Əbu-Dabi, Fars körfəzinin digər neft ölkələrindən fərqlənir. Neft gəlirləri yalnız istehlaka deyil, uzunmüddətli inkişaf modelinin qurulmasına yönəldildi. Nəticədə Əmirliklər Avropa turistləri və qlobal investorlar üçün ən cəlbedici məkanlardan birinə çevrildi.

Şeyx Zayed amili: dövlət quruculuğunun təməli
Müasir Əbu-Dabinin formalaşmasında həlledici rol ölkənin banisi və ilk prezidenti Şeyx Zayed ibn Sultan Əl Nəhyana məxsusdur. Onun adı paytaxtın simvoluna çevrilib: şəhərin əsas dini abidəsi - Şeyx Zayed Məscidi - onun şərəfinə adlandırılıb, portretləri isə ictimai məkanlarda geniş yayılıb. Bu, sadəcə, formal hörmət deyil, konkret siyasi nəticələrə əsaslanan “millətin atası” anlayışının təzahürüdür.
Şeyx Zayed neftdən əldə olunan gəlirləri yolların, xəstəxanaların, məktəblərin tikintisinə, su və enerji təminatının yaradılmasına yönəldərək dövlətin sosial əsaslarını formalaşdırdı. Onun siyasəti Əbu-Dabini təkcə zəngin deyil, eyni zamanda yaşamaq üçün komfortlu şəhərə çevirdi.
Mədəniyyətə yönəlmiş inkişaf modeli
Mövcud stereotiplərin əksinə olaraq, Əbu-Dabi yalnız lüks hotellər və çimərliklər şəhəri deyil. Dubaydan fərqli olaraq, paytaxt mədəniyyətə strateji sərmayə yatırdı. Şəhərdə Luvr Əbu-Dabi muzeyi inşa edildi, dünya muzeylərindən klassik incəsənət əsərləri alındı, müasir incəsənət sərgi-yarmarkaları təşkil olundu.
Memarlıq və şəhərsalma: kimlik axtarışından futurizmə
Əbu-Dabinin memarlıq siması onun inkişaf mərhələlərini açıq şəkildə əks etdirir. 1960-1980-ci illərdə şəhər funksional modernizm üslubunda, sürətlə və planlı şəkildə inşa olunurdu. 1990-cı illərdən etibarən milli kimlik axtarışı başlayaraq neoislam və postmodern elementlər memarlığa daxil edildi.
2000-ci illərdən sonra isə Əbu-Dabi “starxitektura” mərhələsinə qədəm qoydu. Jan Nuvellin layihələndirdiyi Luvr Əbu-Dabi, Capital Gate-in 18 dərəcəlik maili qülləsi, Aldar-ın dairəvi göydələni və Al Bahar Towers-in hərəkətli fasadları şəhərin futuristik siluetini formalaşdırdı.

Neftdən sonrakı dövrə hazırlıq
Bu gün Əbu-Dabi yalnız neft gəlirlərinə arxalanmır. Masdar Siti kimi layihələr vasitəsilə bərpa olunan enerji, yüksək texnologiyalar və innovasiya sahələrinə sərmayələr yatırılır. Məqsəd neftdən sonrakı dövrdə də iqtisadi və siyasi çəkisini qoruyub saxlamaqdır.
Nəticə etibarilə, Əbu-Dabi nümunəsi göstərir ki, təbii sərvətlər uğurun yalnız başlanğıcıdır. Əsas məsələ onları strateji düşüncə, mədəni vizyon və institusional quruculuqla birləşdirə bilməkdir.
Dünyanın ən isti şəhərlərindən biri
Əbu-Dabi dünyanın ən isti şəhərlərindən biridir. Yağıntı miqdarı çox azdır (ildə təxminən 50 mm) və yayda temperaturu 50°C-yə çata bilər. Şəhərdə Ali Texnologiya Kolleci və Şeyx Zayed Universiteti də daxil olmaqla bir neçə böyük təhsil müəssisəsi yerləşir. BƏƏ İctimai Kitabxanası da Əbu-Dabidə yerləşir.
Bakıdan iki dəfə kiçik
Bakı Əbu-Dabidən təxminən iki dəfə böyükdür. İki şəhər arasında heç bir zaman fərqi yoxdur, çünki onlar eyni saat qurşağında yerləşir. Bakıdan Əbu-Dabiyə qədər olan avtomobil yolu 3038 km-dir. Təyyarə ilə isə məsafə 1824 km-dir.
“Yeni Müsavat”
06 Iyun 2026
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ