Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Kinematoqrafçılar İttifaqında bu gün saat 15:00-da keçiriləcək İdarə Heyətinin iclasını boykot edən üzvlərə qurum tərəfindən yeni xəbərdarlıq edilib.
Musavat.com xəbər verir ki, yayılan xəbərdarlıqda boykot qərarı verən üzvlərin İttifaqdan xaric oluna biləcəyi ilə bağlı nizamnamədən çıxarış paylaşılıb.
Çıxarışda qeyd olunur:
"5.9. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
5.9.2. Mütəmadi olaraq Birliyin işində iştirak etməkdən boyun qaçırdıqda;
5.9.3. Nizamnamənin məqsədlərinə zidd hərəkət etdikdə".
Xatırladaq ki, iyulun 27-də Əli İsa Cabbarov və Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri Həmidə Ömərova, Oleq Səfərəliyev, Tahir Tahiroviç, Nadir Bədəlov və Türkan Hüseyn iyulun 30-na İdarə Heyətinin iclasını təyin ediblər. Onların açıqlamasına görə, iclasda İttifaqın düşdüyü böhran müzakirə olunmalı, həmçinin yeni sədrin seçilməsi üçün keçiriləcək konfransın tarixi müəyyənləşdirilməlidir.
Lakin İdarə Heyətinin digər üzvləri, o cümlədən qurumun katibi Baba Vəziroğlu və bir sıra tanınmış kino xadimləri bu iclası boykot etdiklərini açıqlayıblar. Baba Vəziroğlu Musavat.com-a açıqlamasında boykot edənlərin üzvlükdən çıxarıla biləcəyi və İttifaqın ləğv olunacağı ilə bağlı səslənən fikirlərə sərt reaksiya verib:
"Necə yəni, kim iştirak etməsə, kim qarşı çıxsa, üzvlükdən və ya İdarə Heyətindən çıxarılacaq? Bu nə sözlərdir? Bunlar nizamnaməyə tam zidd fikirlərdir. Açığı, bunlar çayxana söhbətləridir. Bir də ki, İdarə Heyətini kim yığır? Birinci katibin xəbəri yoxdur, mən katibəm, mənim də xəbərim yoxdur. Biz deməmişik ki, İdarə Heyəti yığışsın. Bəs bu iclası kim keçirir? Kino İttifaqı necə buraxıla bilər? Kino İttifaqını yalnız Qurultay özü ləğv edə bilər, özü-özünü buraxa bilər. Bu, ictimai təşkilatdır, qeyri-hökumət təşkilatıdır. Bunu nə hökumət ləğv edə bilər, nə də başqa bir qurum".
Baba Vəziroğlunun məhz bu açıqlamasından sonra qurum yeni xəbərdarlığını yaydı.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında sədr postu artıq üç aydan çoxdur boşdur. Qurumun sədri, Xalq artisti Rasim Balayev bu il martın 29-da vəfat edib. Hazırda İttifaqın birinci katibi Şəfiqə Məmmədova sədrin səlahiyyətlərini müvəqqəti olaraq həyata keçirir.
Xalidə Gəray
Musavat.com
20 Avqust 2026
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ