Onlayn ictimai-siyasi qəzet
BMT Təhlükəsizlik Şurasının islahatı ilə bağlı müzakirələr uzun illərdir davam edir. Dünyanın siyasi və iqtisadi güc balansı dəyişsə də, Şuranın daimi üzvlərinin tərkibi hələ də XX əsrin ortalarındakı reallıqları əks etdirir. Əsas mübahisə isə yeni daimi yerlərin kimə verilməsi məsələsidir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin təklifi xüsusi diqqət çəkir.
Yada salaq ki, İlham Əliyev Təhlükəsizlik Şurasında əlavə daimi yerlərin ayrı-ayrı dövlətlərə deyil, beynəlxalq təşkilatlara verilməsini təklif edib. Onun modelinə görə, Qoşulmama Hərəkatına daimi yer ayrıla və bu kresloda təşkilata sədrlik edən ölkə rotasiya prinsipi ilə təmsil oluna bilər. Təklifdə həmin nümayəndəyə veto hüququnun verilməsi də nəzərdə tutulur. Eyni prinsipin İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqına tətbiqi də təklif olunur.
Bu yanaşma BMT islahatı ilə bağlı mövcud iki əsas modeldən fərqlənir. Hindistan, Braziliya, Almaniya və Yaponiyanın daxil olduğu G4 yeni daimi üzvlərin yaradılmasını istəyir. Lakin onların qarşısında regional müqavimət var: Hindistana Pakistan, Yaponiyaya Cənubi Koreya, Almaniyaya İtaliya, Braziliyaya isə regiondakı bəzi dövlətlər qarşı çıxır.
Digər tərəfdə Türkiyə, Pakistan, İtaliya, Cənubi Koreya, Argentina və Meksika kimi ölkələrin daxil olduğu "Uniting for Consensus" qrupu yeni daimi üzvlərin yaradılmasına qarşıdır və seçkili yerlərin artırılmasını müdafiə edir.
Beləliklə, problem ondadır ki, hamı Təhlükəsizlik Şurasının dəyişməli olduğunu qəbul edir, amma heç kim regional rəqibinin əlavə beynəlxalq üstünlük qazanmasını istəmir. İlham Əliyevin təklifi məhz bu ziddiyyəti fərqli mexanizmlə həll etməyə çalışır. Burada daimi yer konkret dövlətin üstünlüyünə deyil, daha geniş beynəlxalq birliyə aid olur və ölkələr həmin yeri növbəli şəkildə tutur.
Azərbaycanın yanaşmasının ikinci mühüm tərəfi isə qəbul edilən qərarların icrasıdır. Azərbaycanın təcrübəsində bu məsələ xüsusi əhəmiyyət daşıyır. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri uzun illər icra olunmayıb. İlham Əliyev sentyabrın 1-də Bişkekdə keçirilən “ŞƏT plyus” görüşündə də Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icrasını təmin edən mexanizmlərin yaradılmasının vacibliyini vurğulayıb.
Bununla da Bakı iki problemi paralel şəkildə gündəmə gətirir: Təhlükəsizlik Şurası daha geniş təmsilçilik əsasında yenilənməli, eyni zamanda onun qərarlarının icrası üçün effektiv mexanizm yaradılmalıdır. Çünki yeni dövlətlərin əlavə edilməsi təkbaşına BMT-ni daha effektiv etməyəcək. Əsas məsələ yalnız “kimə yeni kreslo veriləcək?” deyil, həm də həmin kresloların dünya birliyinin daha geniş təmsilçiliyinə necə xidmət edəcəyidir.
Elnarə Akimova
Milli Məclisin deputatı Elnarə Akimova “Yeni Müsavat”da vurğuladı ki, BMT Təhlükəsizlik Şurasının islahatı gecikmiş reallıqdır: “Dünya dəyişib, qlobal güc mərkəzləri yenilənib, Qlobal Cənubun siyasi çəkisi artıb, amma Təhlükəsizlik Şurasının əsas strukturu hələ də 1945-ci ilin geosiyasi mənzərəsini əks etdirir. Bu səbəbdən məsələ təkcə şuraya yeni üzvlərin əlavə olunması deyil, onun necə daha ədalətli və işlək qurulmasıdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin təklifi ənənəvi yanaşmalardan fərqlənir. Azərbaycan yeni daimi yerlərin ayrı-ayrı dövlətlərə verilməsi əvəzinə, beynəlxalq təşkilatların təmsilçiliyinə açılmasını təklif edir. Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqı kimi platformalara daimi yer ayrılması, həmin yerlərin təşkilata sədrlik edən ölkələr tərəfindən rotasiya əsasında tutulması dövlətlərarası rəqabəti azaltmaqla yanaşı, daha geniş coğrafiyaların səsini Təhlükəsizlik Şurasına gətirə bilər”.
Deputat hesab edir ki, bu yanaşmanın siyasi üstünlüyü aydındır: “G4 ölkələrinin daimi üzvlük iddiaları müxtəlif regionlarda rəqiblərin müqaviməti ilə qarşılaşır. "Uniting for Consensus" isə yeni daimi yerlərin yaradılmasına ümumiyyətlə qarşıdır. Nəticədə islahat müzakirəsi illərdir eyni dilemma ətrafında fırlanır: kimə kreslo verilsin? Azərbaycan isə sualı dəyişir: niyə kreslo mütləq bir dövlətin daimi üstünlüyünə çevrilməlidir? Bakının mövqeyinin digər mühüm tərəfi qərarların icrası məsələsidir. Azərbaycan bunun nə demək olduğunu öz təcrübəsindən bilir. 1993-cü ildə qəbul edilən 822, 853, 874 və 884 saylı Təhlükəsizlik Şurası qətnamələri uzun illər icrasız qaldı. Deməli, problem yalnız qərar qəbul etməkdə deyil, həmin qərarın həyata keçirilməsini təmin etməkdədir. Əgər BMT Təhlükəsizlik Şurası yenilənəcək, amma onun qərarları yenə də siyasi maraqlardan asılı olaraq icrasız qalacaqsa, yeni kreslolar köhnə problemin həlli olmayacaq. Ona görə Azərbaycan iki məsələni birlikdə gündəmə gətirir: daha geniş və ədalətli təmsilçilik və qərarların icrasına real təminat. Əslində bu, BMT islahatına texniki deyil, siyasi yanaşmadır. Dünyanın dəyişdiyi bir vaxtda köhnə düzəni sadəcə genişləndirmək kifayət etmir. Təhlükəsizlik Şurası ayrı-ayrı güclərin klubundan daha geniş beynəlxalq təmsilçilik platformasına çevrilməlidir. İlham Əliyevin təklifinin əsas məntiqi də budur: yeni kreslolar uğrunda mübarizəni deyil, daha ədalətli beynəlxalq təmsilçilik modelini qurmaq”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
10 Oktyabr 2026
09 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ