İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının kritik noyabr seçkisi gözləntisi

Konqresdə qüvvələr nisbəti dəyişərsə, “907-ci düzəliş”in aqibəti necə olacaq?

Vaşinqtonun Azərbaycanın 1992-ci ildən qüvvədə olan “907-ci düzəliş” üzrə məhdudiyyətlərdən azadolma müddətini yenidən uzatmaq niyyəti ABŞ-Azərbaycan münasibətlərində mühüm siyasi siqnal kimi qiymətləndirilə bilər. Dövlət Departamentinin bu barədə Konqresə məlumat göndərməsi göstərir ki, Vaşinqton Bakıya münasibətdə yalnız təzyiq alətlərindən istifadə edən xəttə qayıtmaq niyyətində deyil. 2026-cı ilin iyununda Prezident İlham Əliyev də Donald Trampın "907-ci düzəliş" üzrə azadolmanın uzadılması ilə bağlı memorandumunu açıqlamış və qərarın əhəmiyyətini vurğulamışdı.

Lakin burada daha maraqlı məqam ABŞ daxilindəki ziddiyyətli yanaşmadır. Bir tərəfdən administrasiya "907-ci düzəliş"in tətbiqini dayandırır və Azərbaycanla təhlükəsizlik, enerji, nəqliyyat və regional sabitlik istiqamətlərində əməkdaşlığı davam etdirir. Digər tərəfdən isə Konqresdə Azərbaycana qarşı daha sərt mövqe tutan qüvvələr və qanunvericilik təşəbbüsləri qalmaqdadır. Bu, Vaşinqtonun Bakı siyasətinin tam yekdil olmadığını göstərir. 907-ci düzəlişin özündə prezidentə milli maraqlar əsasında məhdudiyyətləri dayandırmaq səlahiyyəti verilməsi də məhz bu siyasi balansın hüquqi əsasını yaradır.

Deməli, məsələ sadəcə növbəti illik azadolma proseduru deyil. Vaşinqtonun bir qanadı Azərbaycanla əməkdaşlığın regional geosiyasi reallıqlara uyğunlaşdırılmasının tərəfdarıdırsa, Konqresdəki bəzi dairələr köhnə siyasi yanaşmaların qorunmasına çalışır. Bu fərq qarşıdakı dövrdə ABŞ-Azərbaycan münasibətlərinin əsas mübarizə xətlərindən birinə çevrilə bilər. Xüsusilə Cənubi Qafqazda yeni təhlükəsizlik və nəqliyyat arxitekturasının formalaşdığı bir vaxtda Azərbaycanın Vaşinqton üçün strateji əhəmiyyəti artır.
ABŞ-də 2026-cı il aralıq seçkiləri 3 noyabr 2026-cı ildə keçiriləcək. Bu seçkilərdə Nümayəndələr Palatasının bütün 435 yeri, Senatın isə təxminən üçdə biri yenidən seçiləcək. Seçkilərin əsas nəticəsi ondan ibarət olacaq ki, növbəti iki il ərzində Konqresin hər iki palatasında hansı partiyanın çoxluğa sahib olacağı müəyyənləşəcək. Bu isə Bakını maraqlandıran “907-ci düzəliş” mövzusunda xüsusilə maraqlı məqamdır. Noyabr seçkilərindən sonra Konqresdə qüvvələr nisbəti dəyişərsə, “907-ci düzəliş” məsələsinə münasibətdə siyasi balans da dəyişə bilər.

Yeri gəlmişkən, bir neçə ay əvvəl ABŞ-nin “Henry Public Relations” şirkətinin baş direktoru, “RedPresswire”ın həmtəsisçisi və “Newsmax TV”nin şərhçisi Brayan E.Leyb “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişini ləğv etməyə və Azərbaycana ABŞ istehsalı olan qırıcı təyyarələrin satışına çağırmışdı. Onu da deyək ki, 2013-cü ildən etibarən Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə ABŞ şirkətləri arasında imzalanan müqavilələrə əsasən, ölkəmizdə istehsal olunan əl qumbaraatanları, minaatanlar, döyüş sursatları və bəzi optik cihazlar ABŞ-yə ixrac edilir.

Deputat seçilən Elşad Musayevdən iddialı AÇIQLAMA | Modern.az

Deputat Elşad Musayevin bildirdiyinə görə, Tramp və respublikaçılar üçün həqiqətən də həlledici dövr gəlir: “Burada Ağ Ev rəhbəri və partiyası üçün çətinlik yaradan İranla müharibənin hazırkı nəticələridir. Demokratlar da hakimiyyətin və xüsusən Trampın siyasətini sərt tənqid edirlər. Bu baxımdan, aralıq seçkilərinin nəticələrinə ciddi təsir göstərə bilər. Digər vacib detal isə amerikalıların sosial rifahıdır. Səsvermədə bu amil böyük rol oynayacaq. Üçüncü faktor isə Ukraynadır. Amma Tramp burada müdafiə xərclərini azaltdı, silahı NATO ölkələrinə satmağa başladı və bu da amerikalı seçiciyə təsir edən haldır. Bax, bu üç amil seçkilərdə rol oynayacaq. Əsasən də əhalinin rifahı əhəmiyyətlidir. Əgər respublikaçılar qalib gələrsə, qarşıdakı dövrdə bədnam aktın da həmişəlik ləğvi istisna deyil. Hərçənd yenə də demokratlar, ermənipərəst konqresmenlər təzyiq göstərəcəklər. Amma biz maraqlıyıq ki, respublikaçılar qalib gəlsin”.

Deputatın fikrincə, aralıq seçkilərində məğlubiyyət Azərbaycan-ABŞ əlaqələrinə mənfi təsir göstərə bilər: “Təbii ki, Konqresdə və Senatda demokratların üstünlüyü ”907-ci düzəliş"in ləğvini ertələyəcək. Hər halda, Tramp administrasiyası öz cəhdlərini davam etdirəcək, amma aralıq seçkilərini uduzmaqla bizim də gözləntilərimizə zərbə vurulacaq. Məncə, respublikaçılar çətinliklə də olsa qalib gələcək. Trampın siyasəti mürəkkəb görünsə də, hazırda amerikalılar üçün daha yaxşısı görünmür. Sadəcə, Hörmüz böhranı enerji bazarında qiymətləri qaldırır və bu da amerikalıların həyatına təsir edir. Hər halda, nəticələri gözləməliyik ki, sözügedən aktla bağlı aydın fikir yürütmək mümkün olsun. Əslində demokratlar da anlamalıdır ki, bu qadağa Azərbaycanın əl-qolunu bağlamır. Biz hərbi qüdrətimizi artırırıq, o cümlədən də sülh gündəliyini inkişaf etdiririk. Azərbaycanın Türkiyə və Pakistan kmi hərbi müttəfiqləri var. Bu mənada sözügedən mürtəce qanun yalnız siyasi məqsəd daşıyır".

Xatırladaq ki, ABŞ Konqresində təqdim olunmuş və Azərbaycanla bağlı məhdudiyyətləri nəzərdə tutan “907-ci düzəliş”in ləğvini hədəfləyən qanun layihəsinin həmmüəlliflərindən biri, respublikaçı konqresmen Abraham Hamade Bakıda olub. “907-ci düzəliş” 1992-ci ildə Azərbaycan hökumətinə birbaşa ABŞ-nin yardımını məhdudlaşdırmaq məqsədilə tətbiq olunub. Rəsmi səbəb kimi Qarabağ münaqişəsi fonunda humanitar narahatlıqlar göstərilsə də, reallıqda bu qərar regiondakı siyasi balansı birtərəfli şəkildə təsir altına salıb. “907-ci düzəliş” postsovet xaosunun və münaqişənin ən qızğın dövründə qəbul edilib.

Qanun layihəsi ilk dəfə konqresmen Anna Paulina Luna tərəfindən təqdim edilib və onun məqsədi 1992-ci ildən qüvvədə olan 907-ci maddəni tamamilə ləğv etməkdir. Son aylarda bir sıra digər respublikaçı qanunvericilərin də təşəbbüsə qoşulması Konqresdə Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə marağın artdığını göstərən siqnal kimi qiymətləndirilir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR