Onlayn ictimai-siyasi qəzet
Ötən həftəsonu Ukraynanın müstəqilliyinin 35-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin Volodimir Zelenskiyə ünvanladığı təbrik məktubu Bakı-Kiyev münasibətlərinin gələcək istiqamətləri baxımından diqqətçəkən mesajlarla zəngindir. Məktubun məzmunu göstərir ki, Azərbaycan Ukrayna ilə münasibətlərə yalnız bugünkü siyasi proseslərin prizmasından deyil, uzunmüddətli perspektivdən yanaşır. Sənəddə siyasi dialoq, yüksək səviyyəli qarşılıqlı səfərlər, iqtisadi və humanitar əməkdaşlıq, enerji, kənd təsərrüfatı və investisiya sahələri gələcək tərəfdaşlığın əsas istiqamətləri kimi önə çıxarılır.
Prezident məktubunda Azərbaycan-Ukrayna əlaqələrini “strateji tərəfdaşlıq” səviyyəsində qiymətləndirib. Siyasi dialoq və qarşılıqlı səfərlərlə yanaşı, enerji sahəsində uzunmüddətli əməkdaşlığın xüsusi vurğulanması diqqət çəkir. Zelenskinin 2026-cı ilin aprelində Azərbaycana səfərinin nəticələrinin yüksək qiymətləndirilməsi də Bakı-Kiyev əlaqələrinin intensivliyini göstərir.
Məktubun mühüm məqamlarından biri Azərbaycan və Ukraynanın ərazi bütövlüyü və suverenliyi məsələsində qarşılıqlı dəstəyin xüsusi qeyd edilməsidir. Bakı bununla yanaşı, ticarət, kənd təsərrüfatı, investisiya və humanitar sahələrdə əməkdaşlığın genişləndiriləcəyini bildirir. Azərbaycan Ukrayna xalqına humanitar dəstəyin də davam etdiriləcəyini açıqlayır.
Burada əsas məsələ məktubun, sadəcə, təbrik xarakteri daşımamasıdır. İlham Əliyev Azərbaycan-Ukrayna münasibətlərini birbaşa “strateji tərəfdaşlıq” adlandırır, enerji əməkdaşlığını xüsusi vurğulayır və iki ölkənin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı dəstəyini münasibətlərin möhkəmlənməsinin əsas amillərindən biri kimi göstərir. Daha diqqətçəkən məqam isə Bakı-Kiyev əməkdaşlığının ticarət, kənd təsərrüfatı, investisiya və humanitar sahələrdə bundan sonra da genişləndiriləcəyinin bildirilməsidir.
Son dövrdə Azərbaycan-Rusiya münasibətlərində yaranmış gərgin fonu nəzərə alsaq, bu məktub Moskva
üçün siyasi mesaj kimi də oxuna bilərmi?
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elnarə Akimova “Yeni Müsavat”a bildirib ki, məktubu adi diplomatik təbrik kimi qiymətləndirmək doğru deyil.

Onun sözlərinə görə, sənəddəki mesajlar Azərbaycanın son dövrdə formalaşan xarici siyasət xətti ilə uzlaşır və Bakı-Kiyev münasibətlərinin müharibədən sonrakı dövrə də hesablandığını göstərir.
“Bakı Kiyevlə münasibətlərini yalnız müharibə kontekstində qurmur. Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini prinsipial mövqe kimi ortaya qoyur, eyni zamanda münasibətləri iqtisadi, enerji, kənd təsərrüfatı, investisiya və humanitar əməkdaşlıqla zənginləşdirir. Burada məqsəd yalnız siyasi dəstək deyil, gələcəkdə konkret əməkdaşlıq imkanlarını genişləndirməkdir”, - deyə Akimova bildirib.
Ekspert hesab edir ki, məktubun Moskva tərəfindən diqqətlə izlənilməsi mümkündür. Lakin bunu birbaşa Rusiyaya qarşı siyasi mesaj kimi qiymətləndirmək düzgün olmaz. Əsas məqam Azərbaycanın müstəqil qərarvermə xəttini və çoxvektorlu siyasətini nümayiş etdirməsidir. Bakı Rusiya ilə münasibətləri normallaşdırmaqla yanaşı, Kiyevlə strateji tərəfdaşlığını da zəiflətmək niyyətində deyil. Akimovanın fikrincə, Azərbaycan üçün Rusiya ilə əməkdaşlıq Ukrayna ilə əlaqələrin, Ukrayna ilə tərəfdaşlıq isə Rusiya ilə dialoqun alternativi kimi təqdim edilmir.
Siyasi təhlilçi Sona Əliyeva da məktubun yalnız protokol xarakterli olmadığını düşünür.

Onun sözlərinə görə, Bakı-Kiyev münasibətlərinin müharibədən sonrakı mərhələsi üçün artıq iqtisadi və strateji zəmin hazırlanır. O, hesab edir ki, Bakının indidən konkret sahələri önə çıxarması Ukraynada gələcək bərpa prosesində iştirak imkanlarına da hesablanıb.
“Azərbaycan Rusiya ilə münasibətləri saxlaya, eyni zamanda Ukrayna ilə strateji tərəfdaşlığını inkişaf etdirə bilər. Bakı tərəf seçməkdən daha çox, özünə manevr sahəsi yaratmağa çalışır. Moskva üçün əsas mesaj da budur: Azərbaycan Rusiyaya qarşı cəbhə yaratmır, amma Rusiya ilə münasibətlərinin Ukrayna ilə əlaqələrinin sərhədinə çevrilməsinə də razı deyil. Bu, Azərbaycanın xarici siyasətində müstəqil qərarvermənin qorunduğunu göstərir”, - deyə Əliyeva qeyd edib.
Ekspertin fikrincə, Ukraynada müharibə başa çatdıqdan sonra ölkənin bərpası enerji, nəqliyyat, kənd təsərrüfatı və infrastruktur sahələrində böyük imkanlar yaradacaq.
Azərbaycanın indidən Kiyevlə əlaqələri genişləndirməsi Bakının yalnız bugünkü siyasi münasibətləri deyil, müharibədən sonrakı iqtisadi perspektivləri də nəzərə aldığını göstərir. Bu baxımdan enerji və nəqliyyat əməkdaşlığı xüsusilə əhəmiyyətlidir. Azərbaycan Ukraynaya yalnız humanitar yardım göstərən ölkə mövqeyində qalmaq istəmir, gələcəkdə iqtisadi və investisiya layihələrində də rolunu artırmağa çalışır.
Bu xətt son aylardakı təmaslarda da görünür. Zelenskinin apreldə Azərbaycana səfəri, avqustun əvvəlində xarici işlər naziri Ceyhun Bayramovun Kiyevdə Ukrayna rəhbərliyi ilə görüşləri və indi Prezidentin məktubunda əməkdaşlığın konkret sahələrinin sadalanması münasibətlərin ardıcıl şəkildə inkişaf etdirildiyini göstərir. Bakı-Kiyev əlaqələri bununla yalnız siyasi bəyanatlar səviyyəsində qalmır, enerji, nəqliyyat, humanitar və iqtisadi istiqamətlər üzrə xarakter alır.
Eyni zamanda, Azərbaycanın Rusiya ilə münasibətlərində son illərdə yaranmış mürəkkəblik də bu siyasətə xüsusi çalar verir. Bakı-Moskva münasibətlərinin normallaşdırılması istiqamətində dialoq davam etsə də, Azərbaycan öz xarici siyasətinin başqa paytaxtların mövqeyindən asılı olmadığını nümayiş etdirir. Bu səbəbdən məktubun Moskvada diqqətlə oxunacağı gözləniləndir. Lakin onun mahiyyətini yalnız Rusiyaya ünvanlanan mesaj kimi təqdim etmək doğru olmaz. Burada daha geniş məqsəd - Azərbaycanın çoxvektorlu siyasətinin və müstəqil qərarvermə xəttinin nümayişi önə çıxır.
Azərbaycanın yanaşmasının əsas xüsusiyyəti münasibətləri bir-birini istisna edən bloklar kimi qurmamasıdır. Bakı Rusiya ilə əməkdaşlığı qoruyarkən Ukrayna ilə strateji tərəfdaşlığını inkişaf etdirə, Türkiyə ilə müttəfiqlik münasibətlərini davam etdirə, Avropa ilə enerji və nəqliyyat layihələrini genişləndirə bilər. Bu siyasət Azərbaycanın özünə daha geniş manevr imkanları yaratmasına xidmət edir. Eyni zamanda böyük güclər arasında rəqabətin dərinləşməsi belə balanslı siyasəti daha mürəkkəb və riskli edir.
Sona Əliyevanın fikrincə, Azərbaycanın əsas sınağı müxtəlif tərəfdaşlarla əlaqələri genişləndirərkən heç bir qarşıdurmanın birbaşa iştirakçısına çevrilməməkdir. “Bakı bundan sonra da Rusiya ilə münasibətləri qorumağa çalışacaq, amma Ukrayna ilə əlaqələrindən geri çəkilməyəcək. Ukraynanın bərpasında iqtisadi imkanlarını artıracaq, enerji əməkdaşlığını genişləndirəcək, eyni zamanda Moskva ilə açıq qarşıdurmadan mümkün qədər uzaq duracaq. Görünən odur ki, Azərbaycan artıq böyük güclərlə münasibətlərinin hər birində öz maraqlarını ayrıca hesablayan regional aktor kimi davranır”, - deyə ekspert bildirib.
Beləliklə, İlham Əliyevin Zelenskiyə məktubunun əsas mesajı Moskva və Kiyev arasında seçim etməkdən daha çox, Azərbaycanın öz xarici siyasət kursunu müstəqil müəyyənləşdirməsidir. Bakı müxtəlif güc mərkəzləri ilə münasibətlərini milli maraqlar əsasında qurmaq və heç bir tərəfin digər tərəflə əlaqələrinə veto qoymasına imkan verməmək niyyətində olduğunu göstərir. Ukraynanın müstəqilliyinin 35-ci ildönümündə verilən mesajın siyasi mahiyyəti də məhz budur: Azərbaycan tərəf seçmək məcburiyyətində olmadığını, öz tərəfdaşlıqlarını və prioritetlərini özü müəyyənləşdirdiyini nümayiş etdirir.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ