Onlayn ictimai-siyasi qəzet
Ermənistanda daxili siyasi qarşıdurma getdikcə daha da kəskinləşir. Baş nazir Nikol Paşinyan hakimiyyətinə qarşı çıxan qüvvələrə münasibətdə sərt mövqeyini davam etdirərkən, ölkənin sabiq prezidenti, müxalifətin əsas liderlərindən biri Robert Köçəryanın saxlanılması siyasi gündəmin əsas mövzularından birinə çevrilib.
Köçəryanın saxlanılması fonunda diqqətlər təbii olaraq Moskvaya da yönəlib. Çünki Ermənistanın sabiq prezidenti uzun illər Rusiya ilə yaxın münasibətləri ilə seçilib və hazırda rəhbərlik etdiyi “Ermənistan” alyansı parlamentdəki əsas müxalifət qüvvələrindən biridir. Köçəryan Paşinyanın Qərbə yaxınlaşma siyasətini dəfələrlə tənqid edib.
Lakin Kreml bu məsələyə hələlik açıq siyasi qiymət verməkdən çəkinir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanılması və ölkədə müxalifətə qarşı irəli sürülən ittihamlarla bağlı açıqlama verib.Peskov bildirib ki, Kreml hazırda Ermənistanda baş verən daxili siyasi prosesləri şərh etmək istəmir: “Mən indi Ermənistandakı daxili siyasi hadisələri şərh etmək istəməzdim, orada çox mürəkkəb proseslər gedir”.

Bununla belə, Moskva prosesin hüquqi çərçivədə aparılmasına ümid etdiyini bildirib. Kremlin Robert Köçəryanın saxlanılmasına münasibət bildirməkdən çəkinməsi nə ilə bağlıdır? Paşinyan hakimiyyəti Rusiyaya yaxın müxalifət qüvvələrini siyasi səhnədən sıxışdırmağa çalışır?
“Ermənistanda daxili siyasi qarşıdurma yeni və daha həssas mərhələyə keçir. Köçəryanın saxlanılması ilk baxışdan hüquqi proses kimi təqdim olunsa da, hadisənin siyasi tərəfi daha geniş mənzərə yaradır. Çünki söhbət sadəcə keçmiş prezidentdən deyil, Paşinyan hakimiyyətinin əsas siyasi rəqiblərindən və Rusiyaya yaxınlığı ilə seçilən mühüm fiqurlardan birindən gedir”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Deputat bildirib ki, məsələnin diqqətçəkən tərəflərindən biri də Kremlin reaksiyasıdır: “Robert Köçəryan uzun illər Ermənistan-Rusiya münasibətlərində Moskvanın etibar etdiyi siyasi fiqurlardan biri olub. Onun rəhbərlik etdiyi siyasi qüvvə də Paşinyanın Rusiyadan uzaqlaşma və Qərblə yaxınlaşma siyasətini açıq şəkildə tənqid edir. Belə bir şəxsin saxlanılmasından sonra Moskvanın daha sərt mövqe ortaya qoyacağını gözləmək mümkün idi. Lakin Kremlin seçdiyi ritorika tamamilə fərqlidir. Dmitri Peskov prosesə siyasi qiymət verməkdən yayınır və Ermənistanda mürəkkəb daxili proseslərin getdiyini bildirir”.
Deputatən sözlərinə görə, Moskvanın bu mövqeyini sadəcə susqunluq kimi qiymətləndirmək düzgün olmaz: “Əslində Peskovun açıqlamasında iki fərqli mesaj var. Bir tərəfdən Kreml Ermənistanın daxili siyasi proseslərinə birbaşa müdaxilə görüntüsü yaratmaq istəmir. Digər tərəfdən isə proseslərin qanun çərçivəsində aparılmasına və bütün siyasi iştirakçıların hüquqlarına hörmət edilməsinə çağırış edir. Yəni Moskva həm məsafə saxlayır, həm də hadisələri diqqətlə izlədiyini göstərir. Burada daha böyük siyasi sual ortaya çıxır: Moskva niyə Köçəryanı müdafiə etməkdə tələsmir? Çünki Ermənistan-Rusiya münasibətlərinin əvvəlki mərhələsi artıq mövcud deyil. Paşinyan hakimiyyəti son illərdə Moskva ilə münasibətlərdə ciddi siyasi məsafə yaradıb. Bunun fonunda Kreml üçün əsas məsələ artıq ayrı-ayrı erməni siyasətçilərinin müdafiəsindən daha çox, Ermənistanın hansı istiqamətdə hərəkət etməsidir. Ona görə də Moskva bu dəfə hadisəyə emosional deyil, daha praqmatik yanaşır. Paşinyan hakimiyyəti üçün Köçəryan məsələsi təkcə hüquqi proses deyil, həm də daxili siyasi balans baxımından əhəmiyyətlidir. Paşinyanın qarşısında növbəti parlament seçkiləri və siyasi gələcəyi ilə bağlı ciddi məsələ dayanır. Hakimiyyət üçün ən təhlükəli ssenarilərdən biri müxtəlif müxalifət qüvvələrinin bir platformada birləşməsidir. Köçəryan isə belə bir siyasi konsolidasiyanın əsas mərkəzlərindən biri ola bilər. Bu baxımdan onun saxlanılması Ermənistanda siyasi mübarizənin yalnız hüquqi müstəvidə deyil, hakimiyyət uğrunda mübarizə kontekstində də qiymətləndirilməsinə səbəb olur”.
Deputatın fikrincə, prosesin başqa bir mühüm tərəfi də Ermənistanın siyasi sistemində baş verən transformasiyadır: “Paşinyan hakimiyyəti öz siyasi rəqiblərinə qarşı sərt mövqe nümayiş etdirir. Bu, təkcə Köçəryanla bağlı deyil. Ermənistan daxilində kilsə, müxalifət, keçmiş hakimiyyət nümayəndələri və Rusiyaya daha yaxın mövqedə dayanan siyasi qüvvələrlə münasibətlərdə gərginliyin artması daha böyük siyasi mənzərənin hissəsidir. Hakimiyyət bir tərəfdən Qərblə inteqrasiyanı sürətləndirməyə çalışır, digər tərəfdən daxildə bu kursa alternativ ola biləcək siyasi mərkəzləri zəiflətməyə çalışır. Burada diqqət çəkən daha bir məqam Paşinyanın siyasi rəqibləri ilə mübarizəni hansı həddə qədər davam etdirə biləcəyidir. Əgər proseslər yalnız hüquqi müstəvidə aparılırsa, bu, normal hüquqi prosedur kimi qiymətləndirilə bilər. Amma hüquqi mexanizmlər siyasi rəqiblərin sıradan çıxarılması vasitəsinə çevrilərsə, bu artıq Ermənistanın daxili siyasi sabitliyi üçün yeni risklər yarada bilər. Çünki Köçəryanın tərəfdarları hadisəni siyasi təqib kimi təqdim edir və bu da cəmiyyətdə yeni qarşıdurma dalğası yarada bilər”.

Müsahibimiz onu da diqqətə çatdırdı ki, Moskvanın hazırkı mövqeyi də Paşinyan üçün müəyyən mesaj daşıyır: “Rusiya açıq şəkildə Paşinyana qarşı çıxmır, amma eyni zamanda baş verənləri də tamamilə görməzdən gəlmir. Mən bunu daha çox “prosesə qarışmıram, amma prosesin necə getdiyini görürəm” yanaşması kimi qiymətləndirərdim. Bu, Moskvanın Ermənistan daxilindəki siyasi proseslərə münasibətdə yeni taktikasının göstəricisi ola bilər. Köçəryanın saxlanılması Ermənistanın xarici siyasətinə də müəyyən təsir göstərəcək. Ermənistanda Rusiyaya yaxın siyasi qüvvələrin zəiflədilməsi Paşinyanın Qərblə inteqrasiya xəttinin daxildə daha az müqavimətlə həyata keçirilməsinə imkan yarada bilər. Lakin bunun əks tərəfi də var. Cəmiyyətdə “hakimiyyət bütün alternativ siyasi mərkəzləri sıradan çıxarır” düşüncəsi güclənərsə, bu, əksinə, siyasi gərginliyi daha da artıra bilər. Hazırda əsas məsələ Köçəryanın saxlanılmasının hüquqi nəticəsindən daha çox, bu prosesin Ermənistanın siyasi sisteminə necə təsir göstərəcəyi ilə bağlıdır. Ermənistanda siyasi mübarizənin yeni mərhələsinə şahidlik edirik. Burada söhbət artıq yalnız Paşinyan və Köçəryan qarşıdurmasından getmir. Söhbət Ermənistanın gələcək siyasi istiqamətindən gedir. Bir tərəfdə hakimiyyətin Qərbə inteqrasiya xətti, digər tərəfdə isə bu kursa alternativ mövqelər var. Moskvanın hazırkı ehtiyatlı davranışı da göstərir ki, Rusiya bu mübarizədə hansı siyasi qüvvənin qalib gələcəyini əvvəlcədən müəyyənləşdirməkdənsə, prosesin inkişafını izləməyi üstün tutur”.
V.İskəndərovun sözlərinə görə, qarşıdakı dövrdə Ermənistan siyasətində ən maraqlı sual Köçəryanın taleyindən daha geniş olacaq: “Tarix göstərir ki, siyasi rəqibi zəiflətmək həmişə onun siyasi təsirini tamamilə aradan qaldırmaq demək deyil. Bəzən əksinə, həmin rəqibin ətrafında yeni siyasi müqavimət formalaşdırır. Moskvanın susqunluğu da uzunmüddətli strategiyanın göstəricisi kimi qiymətləndirilə bilər. Rusiya bu dəfə Köçəryanı müdafiə etməklə Paşinyana əlavə siyasi arqument vermək istəmir. Çünki belə bir müdaxilə Ermənistan hakimiyyətinin “Moskva daxili siyasətimizə qarışır” tezisini gücləndirə bilər. Ona görə də Kreml daha ehtiyatlı davranır. Amma bu, Rusiyanın Ermənistanda baş verənlərə marağını itirməsi anlamına gəlmir. Əksinə, Moskva üçün Ermənistanın gələcək siyasi kursu hələ də mühüm geosiyasi məsələ olaraq qalır. Beləliklə, Köçəryanın saxlanılması bir şəxsin hüquqi taleyindən daha böyük siyasi prosesin göstəricisinə çevrilir. Paşinyan hakimiyyəti öz siyasi rəqiblərinə qarşı daha sərt xətt götürür, Moskva isə əvvəlki dövrlərdən fərqli olaraq dərhal siyasi müdaxilə etmək əvəzinə məsafəli müşahidə mövqeyi tutur. İndi Ermənistan siyasətində əsas sual təkcə Köçəryanın azad ediləcəyi, yaxud onunla bağlı hüquqi prosesin necə nəticələnəcəyi deyil. Əsas sual budur ki, Paşinyan bu proseslərdən sonra daha güclü hakimiyyət quracaq, yoxsa Ermənistanda indiyədək ayrı-ayrı görünən müxalif qüvvələr onun qarşısında daha böyük siyasi cəbhəyə çevriləcək? Çünki Ermənistanın siyasi gələcəyini müəyyən edəcək əsas qarşıdurma məhz bundan sonra başlayır”.
Cavanşir Abbaslı
Musavat.com
27 Avqust 2026
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ