İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda qumarı hansı təbəqə oynayır?

Azərbaycanda qumar oyunlarında təkrar iştirak edən şəxslər üçün daha sərt inzibati məsuliyyət müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qumar oyunlarında iştiraka görə əvvəllər inzibati məsuliyyətə cəlb edilmiş şəxs bir il ərzində yenidən eyni əməli törədərsə, 5 min manat məbləğində cərimə edilə bilər. İşin hallarından və şəxsin şəxsiyyətindən asılı olaraq, ona 15 sutkayadək inzibati həbs də tətbiq oluna bilər.
Bununla yanaşı, qumar avadanlıqları, oyuna qoyulan pul və digər əmlak, eləcə də əldə edilmiş uduş və ya digər gəlirlər müsadirə ediləcək.
Yeni dəyişikliklər qumarla bağlı daha bir mühüm sualı gündəmə gətirir: Azərbaycanda qumarı əsasən hansı sosial təbəqə oynayır?
Söhbət yalnız imkanlı şəxslərdən və böyük məbləğlərə oynayan insanlardan getmir. Son illərdə onlayn platformaların, mərc oyunlarının və müxtəlif qumar mexanizmlərinin geniş yayılması qumara çıxışı xeyli asanlaşdırıb. Əvvəllər qumar oynamaq üçün müəyyən məkana getmək lazım gəlirdisə, indi smartfon və bank kartı kifayət edə bilər.
Qumar oyunlarına görə 5 min manatdan 50 min manatadək cərimə müəyyənləşib

Bu baxımdan qumarın sosial bazasını yalnız bir təbəqə ilə məhdudlaşdırmaq düzgün olmaz. Müxtəlif gəlir qruplarından olan insanların – gənclərin, orta gəlirli vətəndaşların, yüksək gəlirli şəxslərin, eləcə də maddi vəziyyəti zəif olan insanların qumara müxtəlif formalarda maraq göstərməsi mümkündür.
Məlumatlara görə, Azərbaycanda qumar bazarında əsas kütləni gənc və orta yaşlı insanlar təşkil edir. 25–34 yaş qrupu ən böyük kateqoriyalardan biri hesab olunur, 35 yaşadək şəxslər isə ümumi oyunçu bazasının təxminən üçdə ikisini təşkil edir.
Bəs məsuliyyətin sərtləşdirilməsi qumarın qarşısını nə dərəcədə ala bilər? Azərbaycanda qumara ən çox pul xərcləyən sosial qrup hansıdır?
Tanınmış hüquqşünas Əkrəm Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, cərimələrin və məsuliyyətin artırılması qumar oyunlarında iştirak edən şəxslərin sayını azalda bilər, lakin problemin tamamilə qarşısını almaq mümkün olmayacaq. Hüquqşünas qumara meylli insanları iki əsas qrupa ayırır:
“Bütövlükdə, qumara meylli olan insanları mən iki hissəyə bölərdim. Birincisi, o kəslərdir ki, “xəstədirlər”. Qumar onlar üçün bir xəstəlikdir. Alkoqolik kimi, siqaret çəkən kimi, narkotikə aludə olan insan kimi... Bu insanlar xəstədir. Bunlar artıq bunsuz dura bilmirlər. Bu, yalnız pul məsələsi deyil.
Belə adamlar çox deyil, əlbəttə. Biz bilirik ki, tarixdə çox tanınmış insanlar belə bu xəstəliyə tutulublar. Və yalnız 25–35 yaş arası deyil, yaşlı insanlar da zaman-zaman bu xəstəliyin aludəçisi olublar”.

Ə.Həsənovun sözlərinə görə, qumar oynayanların əksəriyyəti isə qumar asılılığından əziyyət çəkən insanlar deyil: “Əksər insanlar sadəcə asan qazanc dalınca qaçanlardır. Prinsipcə, insanın təbiəti budur: az işləyim, az səy göstərim, amma çox qazanım. Bu xüsusiyyət hamımızda var. Əksəriyyətin işləri adi işlərdir. İnsanlar sadəcə işləmək istəmirlər, istəyirlər ki, asan yolla pul qazansınlar, varlansınlar. Və buna görə də hesab edirəm ki, bu insanların sayı azala bilər. Yəni o kəslər ki, xəstədir, onlar üçün cəriməni artırmağın bir xeyri yoxdur. Amma pulu asan yolla qazanmaq istəyən insanlar cərimə və məsuliyyət artanda itirə biləcəklərini düşünüb geri çəkilə bilərlər. Məncə, bir qisim insan bundan sonra qumarla məşğul olmayacaq”.
Hüquqşünas hesab edir ki, qumarın sosial bazasını konkret bir təbəqə ilə məhdudlaşdırmaq mümkün deyil. “Gənc olsun, orta gəlirli, yüksək gəlirli insan, maddi vəziyyəti zəif olan vətəndaş belə meyl göstərir. Təbəqəsi, zümrəsi yoxdur burada. Kasıb insan istəyir ki, pulu çox olsun. Varlı insan da deyir ki, daha çox olsun. İnsanın gözü doymur axı. Ən varlı insanlarımız onsuz da Azərbaycanda qumar oynamırlar. Onlar gedirlər xaricə – harada ki, qumar oyunlarına icazə var, məsələn, Gürcüstana. Azərbaycanda oynayanların çoxu isə varlı insanlar deyil, daha çox kasıblardır. Çünki onlar heç xaricə gedə bilmirlər. Qumar probleminin sosial portreti kifayət qədər mürəkkəbdir. Bir tərəfdən, qumar asılılığı psixoloji və davranış xarakterli ciddi problemə çevrilən şəxslər var. Digər tərəfdən isə daha çox sürətli və asan qazanc ümidi ilə qumara üz tutan insanlar mövcuddur. Qanunvericiliyin sərtləşdirilməsi xüsusilə ikinci qrup üçün çəkindirici amil ola bilər. Lakin qumar asılılığının qarşısının alınması yalnız inzibati cəzalarla deyil, maarifləndirmə, profilaktika və asılılıqdan əziyyət çəkən şəxslərə peşəkar yardım mexanizmləri ilə də əlaqələndirilir" deyə, ekspert bildirib.  

Şahanə Rəhimli
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR