İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan xalçaları səhnə geyimlərinə çevrildi – “Tarixə toxunuş” sərgisi

Oktyabrın 7-də Azərbaycan Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb.

Musavat.com bildirir ki, sərgi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimi üçün xüsusi olaraq hazırlanmış geyimlərə həsr olunub. İncəsənət nümayəndələri və sənətsevərlərin iştirak etdiyi sərgidə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələrindən ilhamlanaraq dizayner-modelyer Ləman Süleymanovanın hazırladığı səkkiz səhnə geyimi təqdim olunub.

Ekspozisiyada, həmçinin geyimlərin hazırlanması zamanı ilham mənbəyi kimi istifadə olunan Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından XIX–XX əsrlərə aid xalçalar nümayiş etdirilib. Xalçaların zəngin naxışları və rəng çalarları dizaynerin yaradıcı təfsirində müasir səhnə geyimlərində yeni bədii ifadə qazanaraq ənənə ilə müasirliyin vəhdətini əks etdirib.

Açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülkər Abbasova, “Azərxalça” ASC-nin kreativ direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, sərginin kuratoru Əsmər Abdullayeva, Azərbaycan Milli Xalça Muzeyinin elmi katibi Xədicə Əsədova və dizayner-modelyer Ləman Süleymanova çıxış ediblər.

Xədicə Əsədova çıxışında qeyd edib ki, cüdo və xalçaçılıq sənəti ilk baxışdan fərqli sahələr olsa da, onları səbir, mükəmməlliyə can atmaq, iradə, çeviklik və fədakarlıq kimi keyfiyyətlər birləşdirir:

“Təqdim olunan geyimlərdə günümüzədək qorunub saxlanılan qədim Azərbaycan xalçalarının elementlərini və motivlərini görmək mümkündür. Onların hər biri xoş mənalar daşıyır və xoş niyyətləri simvolizə edir.

Komanda layihə üzərində təxminən üç ay işləyib və bütün art-obyektlər əl ilə hazırlanıb. İş zamanı ənənəvi xalça motivlərindən ilhamlanan fərdi çap nümunələrindən və naxışlardan istifadə olunub".

Dizayner-modelyer Ləman Süleymanova isə bildirib ki, art-obyektləri hazırlayarkən Azərbaycan mədəniyyətinin zənginliyini qadın obrazları vasitəsilə göstərməyə çalışıb:
“Biz elə bir sintez yaratdıq ki, xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir. Məni xüsusilə də zəngin naxışları və detalları ilə Qarabağ xalçaları ilhamlandırdı. Azərbaycanın hər bir bölgəsi öz mədəniyyətini daşıyır və xalçaçılıq sənətini öyrəndikcə nə qədər zəngin olduğumuzu anlamaq olur”.

Ekspozisiyanı cüdo üzrə dünya çempionatının açılış mərasimindən foto və videomateriallar tamamlayır.

Qeyd edək ki, “Tarixə toxunuş” sərgisi oktyabrın 11-dək davam edəcək.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2026

14 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR