Onlayn ictimai-siyasi qəzet
Avropanın ən möhtəşəm klub turnirində bu axşam Azərbaycan futbolu üçün həlledici gecələrdən biri yaşanacaq. “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarka çempionu “Orhus”u “Bank Respublika Arena”da qəbul edəcək. Saat 20:00-da başlayacaq qarşılaşmaya Bakı təmsilçisi 1:2 hesablı məğlubiyyətin ardından çıxacaq və qarşısında yalnız bir məqsəd olacaq, Danimarkada itirilən üstünlüyü doğma meydanda geri qaytarmaq...
Valdas Dambrauskasın komandası üçün bu, sadəcə növbəti avrokubok oyunu deyil. “Sabah” qalib gəldiyi halda Çempionlar Liqasında pley-off mərhələsinə bir addım da yaxınlaşacaq. Cütün qalibi növbəti raundda “Srvena Zvezda” - “Hapoel” (Ber-Şeva) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək. Məğlub komandanı isə Avropa Liqasının pley-offunda “Benfika” - “Harts” cütünün qalibi gözləyir. Bu qarşılaşmanı fransalı hakimlər briqadası idarə edəcək. Baş hakim Villi Delayo, VAR hakimi isə Bastien Deşepi olacaq.
“Sabah” Danimarkadakı 1:2 hesablı məğlubiyyətin əvəzini Bakıda çıxa biləcəkmi? Doğma meydanın dəstəyi Azərbaycan çempionunun gücünə güc qatacaqmı? “Sabah” Çempionlar Liqasında yoluna davam edəcək, yoxsa “Orhus” Bakıda da Azərbaycan təmsilçisinin qarşısını kəsəcək?

Futbol mütəxəssisi Kənan Məstəliyev Musavat.com-a açıqlamasında bildirib ki, “Sabah” üçün növbəti sınaq günüdür:
“Danimarkadakı ilk oyunda “Sabah” rəqibindən daha yaxşı oynadı və ən azı heç-heçəyə layiq idi. Ona görə də bu gün komanda doğma meydanda həmin ədalətsiz nəticəni düzəltməyə çalışacaq. Dambrauskas və yetirmələri növbəti tarixi uğurun astanasındadırlar. İlk oyundan bu yana taktiki və texniki baxımdan ciddi nəsə dəyişməyib. Məncə, “Orhus” Bakıda daha çox müdafiədən oynayacaq. Minimal üstünlüyünü qorumağa çalışacaq və əsasən əks-hücumlarda şans axtaracaq. Özlərinin də dediyi kimi, zədəliləri sağalıb və hamısı oyuna hazırdır. Üstəlik, daxili çempionatdakı oyunlarını da təxirə salıblar. Yəni həm dincəlmək, həm də bərpa olunmaq üçün imkanları olub. Yerli mətbuatın da komandalarından tur gözlədiyi görünür. “Sabah”da isə əhval-ruhiyyə yaxşıdır. Dambrauskas qələbəyə inamını ifadə edib, futbolçular da həvəsli və istəklidirlər. Masazır təmsilçisi doğma divarlar arasında mərhələni keçməyə hazırdır. Komandamızın oyunu yenə hücum üzərində quracağını düşünürəm. Danimarkada boşa verdiyimiz qol epizodlarının əvəzini burada çıxmağa çalışacağıq. Çempionun buna həm gücü, həm də bacarığı çatır”.
Müsahibimizin fikrincə, bizi maraqlı və gərgin mübarizənin gedəcəyi qarşılaşma gözləyir:
“Hətta deyərdim ki, bilet almamısınızsa, alın, gəlin və çempiona dəstək olun. Çünki belə məqamlarda komandanın azarkeş dəstəyinə ehtiyacı var. Tunelin sonundakı Çempionlar Liqasının əsas mərhələsinin işığı artıq daha yaxın görünməyə başlayıb. Niyə də olmasın? “Sabah” bunu bacara bilər”.
Cavanşir Abbaslı
Musavat.com
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ