İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali məktəblərə QƏBUL azaldılacaq? – Bu gənclər OXUSUN!

Türkiyə Ali Təhsil Şurasının (YÖK) rəhbəri Ərol Özvar bəzi ixtisaslar üzrə dövlət və özəl universitetlərə qəbulun azaldılacağını açıqlayıb. O, xüsusilə hüquqşünaslıq, stomatologiya, əczaçılıq və memarlıq kimi sahələrdə plan yerlərinin ixtisar olunacağını vurğulayıb.

Ərol Özvarın sözlərinə görə, hüquqşünaslıq ixtisası üzrə özəl universitetlərə abituriyent qəbulu təxminən 45 faiz azaldılacaq:

“Biz ölkənin ən çox ehtiyac duyduğu sahələrdə mütəxəssislərin hazırlanmasına diqqət yetiririk. Eyni zamanda, çox sayda məzun verən fakültələrdə qəbulu azaldırıq”.

Azərbaycanda da belə məhdudiyyətlərə ehtiyac varmı? Məlumdur ki, bir çox gənclər ali təhsil aldıqdan sonra əmək bazarında peşələrinə uyğun iş tapa bilmir və fərqli sahələrə, o cümlədən biznesə yönəlirlər. Çıxış yolu nədir?

Ekspertlər hesab edir ki, qəbul planlarının əmək bazarının real tələbatına uyğunlaşdırılması, tələb olunan ixtisasların sayının artırılması və gənclərin iş bacarıqlarının inkişaf etdirilməsi vacibdir. Bu yanaşma həm məşğulluğu artırar, həm də ixtisas sahiblərinin cəmiyyətə verdiyi töhfəni maksimum dərəcədə təmin edə bilər.

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, hazırda informasiya texnologiyalarının sürətlə inkişafı və süni zəkanın dinamik irəliləyişi yeni tətbiq və platformaların yaradılmasına gətirib çıxarır:

“Bu inkişaf bir çox ixtisas sahələrinin yaxın gələcəkdə yenilənməsi və ya tamamilə əvəzlənməsi ilə nəticələnəcək. Həmin ixtisaslar siyahısında, təbii ki, Türkiyə Ali Təhsil Şurasının da qeyd etdiyi kimi, müəyyən sahələr mövcuddur. Doğrudur, mən bura stomatologiyanı daxil etmirəm, çünki stomatologiyanın süni zəka tərəfindən tam əvəzlənməsi hələlik real görünmür.

Amma hüquqşünaslıq, əczaçılıq və digər bəzi ixtisas sahələrində süni zəkanın tətbiqi və texnologiyaların inkişafının plan yerlərinin azalmasına gətirib çıxarması mümkündür və düşünürəm ki, bu tendensiya ölkəmizdə də müşahidə oluna bilər. Əgər gələcəyə baxsaq, süni zəkanın inkişafı nəticəsində istehsalat sahələrinin bir çoxunda, eyni zamanda, vətəndaşlara xidmət sahəsində artıq süni əsaslı robotlar və avtomatlaşdırılmış sistemlərdən istifadə olunacaq. Həmçinin, bir çox proseslər birbaşa süni zəka tətbiqləri vasitəsilə idarə ediləcək. Bu, təbii ki, bəzi ixtisasların sıradan çıxması və plan yerlərinin azaldılması ilə nəticələnəcək".

Mütəxəssisin fikrincə, ölkəmizdə də növbəti tədris ilindən etibarən qəbul planında əmək bazarında tələbat olan ixtisaslara üstünlük verilməsi və plan yerlərinin artırılması vacibdir:

“Buraya əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter elmləri, kompüter mühəndisliyi, data analitikası və bu qəbildən olan digər ixtisaslar daxildir. Məhz bu sahələr üzrə daha çox məzun yetişməsi gələcək üçün bir təminat rolunu oynayacaq. Bu, həm siyasi, həm sosial, həm də digər sahələrdə ixtisas sahiblərinin töhfəsini artıracaq.

Hazırkı vəziyyətə nəzər salsaq görürük ki, hüquq ixtisasını bitirən bəzi şəxslər fərqli sahələrdə çalışır və iş tapmaqda çətinliklərlə üzləşirlər. Sosial iş ixtisasını bitirənlər əmək bazarında uyğun iş tapa bilmir, kitabxanaçılıq ixtisasını bitirənlər isə məşğulluq baxımından çətinlik çəkirlər. Bu baxımdan düşünürəm ki, bu kimi ixtisaslarda plan yerlərinin müəyyən qədər azaldılması qaçılmaz olacaq. Eyni zamanda, qəbul prosesində əmək bazarının real tələbatı əsas meyar kimi götürülməli və gələcəkdə tələb olunan ixtisasların yetişdirilməsinə prioritet verilməlidir”.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR