Onlayn ictimai-siyasi qəzet
Ermənistanda data-mərkəzin yaradılması ilə bağlı yayılan məlumatlar layihənin iqtisadi, enerji və geosiyasi tərəfləri ətrafında yeni müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələni şərh edərək bildirib ki, Ermənistanda yaradılması planlaşdırılan data-mərkəz sadəcə yerli informasiya texnologiyaları obyekti kimi qiymətləndirilməməlidir.
Onun sözlərinə görə, data-mərkəz böyük həcmdə informasiyanın saxlanması, emalı və ötürülməsi üçün güclü server və şəbəkə avadanlığının yerləşdirildiyi, xüsusi mühafizə və fasiləsiz enerji sistemi ilə təmin olunan kompleksdir. Belə mərkəzlər internet saytlarının, mobil tətbiqlərin, bulud xidmətlərinin və süni intellekt sistemlərinin işləməsində mühüm rol oynayır.
Sabiq nazir hesab edir ki, Ermənistan ərazisində yaradılacaq mərkəz qlobal süni intellekt şəbəkəsinin və ABŞ şirkətlərinə məxsus digər rəqəmsal proqramların regional “hüceyrəsi” funksiyasını yerinə yetirə bilər:
“Bu proqramların idarə olunması əvvəlki kimi ABŞ-dən həyata keçiriləcək. Ermənistan isə avadanlığın yerləşdirilməsi, enerji ilə təminatı və digər texniki şəraitin yaradılması ilə bağlı öhdəlikləri öz üzərinə götürəcək”.

Tofiq Zülfüqarovun fikrincə, ABŞ investisiyalarının iki əsas istiqamətə yönəldilməsi nəzərdə tutula bilər. Birinci istiqamət server və hesablama avadanlığının Ermənistanda yerləşdirilməsi, həmin sistemlərin təhlükəsiz və fasiləsiz işləməsinin təmin edilməsidir. İkinci istiqamət isə böyük enerji tələbatını ödəmək üçün modul tipli kiçik atom elektrik stansiyalarının inşasıdır.
Sabiq xarici işlər naziri qeyd edib ki, layihənin ilk mərhələsində data-mərkəzin elektrik enerjisi ilə təminatında sovet dövründə tikilmiş Ermənistan Atom Elektrik Stansiyasının imkanlarından istifadə oluna bilər. Sonrakı mərhələdə isə ABŞ texnologiyalarına əsaslanan modul atom reaktorlarının gündəmə gəlməsi mümkündür.
Zülfüqarovun qənaətinə görə, bu layihə vasitəsilə ABŞ Ermənistanın atom energetikası bazarında Rusiya və Fransanı qabaqlaya bilər. Çünki həm Moskva, həm də Paris Ermənistana yeni atom elektrik stansiyası layihələri təklif edirdi:
“Beləliklə, Ermənistan öz vəsaiti və cəlb edilən investisiyalar hesabına enerji infrastrukturunu yeniləyəcək, istehsal etdiyi elektrik enerjisini isə ABŞ-nin İT şirkətlərinə satacaq”.
Sabiq nazir Ermənistanda data-mərkəzin yaradılmasının avtomatik olaraq ölkənin yüksək texnologiyalar sahəsində sıçrayışına səbəb olacağı barədə fikirlərə də ehtiyatla yanaşıb. Onun sözlərinə görə, serverlərin müəyyən ölkədə yerləşdirilməsi həmin ölkənin dərhal süni intellekt və qabaqcıl texnologiyalar istehsalçısına çevrilməsi demək deyil.
“Data-mərkəzin yaradılmasının müasir İT texnologiyalarının inkişafına təkan verəcəyini söyləmək həddindən artıq nikbin yanaşmadır. Bu məntiqlə Elmlər Akademiyasının qonşuluğunda yaşayan hər kəs elmi dərəcə almalıdır”, – deyə Zülfüqarov vurğulayıb.
O bildirib ki, data-mərkəzlərin yaradılması üçün əsas şərtlərdən biri böyük həcmdə, fasiləsiz və mümkün qədər ucuz elektrik enerjisinin mövcudluğudur. Buna görə də belə layihələrin reallaşdırılması üçün enerji artıqlığı olan və ya enerji istehsalını sürətlə artıra bilən ölkələr seçilir.
Zülfüqarovun sözlərinə görə, oxşar təkliflər yalnız Ermənistana deyil, Azərbaycan və Qazaxıstan da daxil olmaqla, enerji resursları ilə zəngin bir sıra dövlətlərə edilir.
Sabiq nazir hesab edir ki, Azərbaycan və Qazaxıstan üçün data-mərkəzlərin yaradılması enerji resurslarının “rəqəmsal ixracı”nın yeni forması ola bilər. Bu modeldə neftin, qazın və ya elektrik enerjisinin fiziki şəkildə uzaq bazarlara daşınmasına ehtiyac qalmır. Enerji ölkə daxilində istehlak edilir, onun hesabına məlumat emalı və hesablama xidmətləri göstərilir, əldə edilən rəqəmsal məhsul isə qlobal bazara çıxarılır.
Başqa sözlə, enerji daşıyıcısı sərhədi keçmir, lakin onun yaratdığı iqtisadi dəyər xidmət və hesablama gücü formasında ixrac olunur.
Tofiq Zülfüqarovun yanaşmasına görə, Ermənistanda data-mərkəz layihəsi təkcə informasiya texnologiyaları və investisiya məsələsi deyil. Bu təşəbbüs eyni zamanda ABŞ-nin Cənubi Qafqazda texnoloji mövcudluğunun genişlənməsi, Ermənistanın enerji sisteminin gələcək istiqaməti və regionda Rusiya–ABŞ–Fransa rəqabətinin yeni mərhələsi kimi qiymətləndirilməlidir.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ