İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan İsraili təşvişə saldı: Netanyahunun ofisi özündən çıxdı - SƏBƏBİ...

Türkiyənin İsrailin Baş naziri Benyamin Netanyahunun beynəlxalq axtarışa verilməsi istiqamətində rəsmi prosedura başlaması Təl-Əvivdə ciddi təşviş və aqressiya yaradıb. Netanyahunun ofisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ünvanına diplomatik çərçivələri aşan ağır ittihamlar səsləndirib.

Musavat.com xəbər verir ki, Türkiyənin ədliyyə naziri Akın Gürlek Netanyahunun İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi üçün “qırmızı bildiriş” prosedurunun başladıldığını açıqlayıb. Türkiyə Ədliyyə Nazirliyi bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət edib, müvafiq sənədlər isə Xarici İşlər Nazirliyinə göndərilib.

Adalet Bakanı Akın Gürlek: "Terörsüz Türkiye millî bir devlet  politikasıdır" - Yeni AnkaraAkın Gürlek 

Beləliklə, məsələ hüquqi baxımdan Netanyahunun artıq İnterpol tərəfindən axtarışa verilməsi deyil, onun barəsində “qırmızı bildiriş” çıxarılması üçün Türkiyənin rəsmi prosedura başlamasıdır.

Proses İstanbul 11-ci Ağır Cinayətlər Məhkəməsinin iyulun 14-də çıxardığı həbs qərarlarına əsaslanır. Netanyahu və İsrailin daha 34 yüksək vəzifəli rəsmisi Qəzzaya humanitar yardım aparan “Qlobal Sumud” donanmasına müdaxilə işi üzrə soyqırımı, insanlıq əleyhinə cinayətlər, işgəncə, qanunsuz azadlıqdan məhrumetmə və digər ağır əməllərdə ittiham olunur.

İsrail Qlobal Sumud Donanmasının bütün qayıqlarını ələ keçirib

Ankaranın bu addımı Netanyahunun ofisini sözün həqiqi mənasında özündən çıxarıb. İsrail Baş nazirinin ofisinin yaydığı açıqlamada Ərdoğan “antisemit diktator” adlandırılıb, Türkiyə rəhbərinin kürdləri “qətliama məruz qoyduğu”, HƏMAS üzvlərinə sığınacaq verdiyi, Kiprin yarısını “işğal etdiyi”, çoxsaylı jurnalist və siyasətçiləri həbs etdirdiyi iddia olunub.

Açıqlamada daha sonra bildirilib:

“İndi o, İsrailə qarşı təcavüzünü Suriyaya da yaymağa çalışır. İsrail buna dözməyəcək. Ərdoğanın İsrail liderlərini və əsgərlərini qorxutmaq cəhdi heç bir nəticə verməyəcək”.

Lakin Netanyahunun ofisinin bu ritorikası Türkiyənin irəli sürdüyü hüquqi ittihamlara cavab verməkdən daha çox, diqqəti Qəzzada baş verənlərdən yayındırmaq cəhdi təsiri bağışlayır. Çünki Ərdoğanı “qətliam” törətməkdə ittiham edən tərəf Qəzzanı yerlə-yeksan edən, on minlərlə fələstinlinin, o cümlədən çoxsaylı qadın və uşağın ölümünə səbəb olan hərbi əməliyyatlara rəhbərlik edən Netanyahunun öz ofisidir.

İsrail ordusu Qəzza zolağının cənubunda əməliyyatlara başlayıb - Azərbaycan

İsrail hakimiyyətinin Türkiyəyə qarşı “antisemitizm” ittihamını siyasi qalxana çevirməsi də Ankaranın qaldırdığı əsas məsələyə cavab vermir: Qəzzada mülki əhalinin kütləvi şəkildə öldürülməsinə, yaşayış məntəqələrinin dağıdılmasına və humanitar yardım missiyalarına müdaxiləyə görə kim məsuliyyət daşıyacaq?

Üstəlik, İsrailin Suriyanın suveren ərazisinə endirdiyi son zərbələr, o cümlədən Hələb yaxınlığındakı Əbu əl-Zuhur aviabazasının bombalanması Türkiyə tərəfindən bölgədə sabitliyi pozan təcavüz aktı kimi qiymətləndirilib. Bu hücumlar Ankaranın Suriyanın ərazi bütövlüyünü müdafiə edən mövqeyi ilə Təl-Əvivin hərbi ekspansiya siyasəti arasındakı qarşıdurmanı daha da dərinləşdirib. (İstinad: Reuters⁠)

Musavat.com-un mövqeyi aydındır: Türkiyə ilə İsrail arasında bu məsələdə bərabərlik işarəsi qoymaq mümkün deyil. Qardaş Türkiyə Qəzzada törədilən ağır cinayətlərin araşdırılmasını, humanitar missiyalara hücum edənlərin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edir. Netanyahu hökuməti isə bu tələblərə hüquqi arqumentlərlə deyil, Türkiyəyə və onun Prezidentinə qarşı təhqir və hədələrlə cavab verir.

Türkiyə–İsrail qarşıdurması bu məcrada davam edəcəyi təqdirdə Musavat.com-un mövqeyi hər zaman olduğu kimi yenə Türkiyədən yana olacaq. Çünki bu mübahisədə söhbət yalnız iki dövlət arasındakı siyasi rəqabətdən getmir. Söhbət Qəzzada öldürülən insanların haqqından, beynəlxalq hüququn taleyindən və cəzasızlığın dayandırılmasından gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR