Onlayn ictimai-siyasi qəzet
21 avqust 1957-ci ildə SSRİ R-7 qitələrarası ballistik raketinin ilk uçuşunu həyata keçirdi.
Musavat.com xəbər verir ki, bu raket sonradan təkcə hərbi texnologiyanın deyil, kosmik proqramın inkişafında da mühüm rol oynadı.
R-7 raketinin yaradılması tarixi 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərinə gedib çıxır. Raketin layihələndirilməsi 1954-cü ilin iyulunda başa çatdırılıb, həmin ilin noyabrında isə layihə SSRİ Nazirlər Soveti tərəfindən təsdiqlənib.
İlk R-7 raketləri Moskva vilayətinin Kalininqrad şəhərində — indiki Korolyov şəhərində yerləşən 88 nömrəli zavodda istehsal olunub.
21 avqust 1957-ci ildə həyata keçirilən uğurlu buraxılış zamanı raket nəzərdə tutulan hədəfə çatıb. Onun döyüş başlığı Kamçatka yarımadasında müəyyən edilmiş əraziyə düşüb.
Yanacaqla tam doldurulmuş R-7 raketinin çəkisi 279 ton təşkil edirdi. Uçuş məsafəsi 8 min kilometrə çatırdı, trayektoriyanın maksimal hündürlüyü isə 1130 kilometr idi.
R-7 və onun sonrakı modifikasiyaları bəşəriyyət üçün kosmik eranın başlanmasına böyük töhfə verdi. Bu raketin bazasında “Sputnik”, “Soyuz”, “Vostok”, “Vosxod” və “Molniya” kimi daşıyıcı raket ailələri yaradıldı. Onlardan süni peyklərin orbitə çıxarılması və insanın kosmosa uçuşlarının həyata keçirilməsi üçün istifadə olundu.
Musavat.com
22 Avqust 2026
21 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ