Onlayn ictimai-siyasi qəzet
İtaliyanın Komo şəhərinin meri Alessandro Rapineze elektrikli velosiped vurulduqdan sonra velosipedçilərin divarla əhatə olunmuş tarixi mərkəzdə velosiped sürməsini qadağan edib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, qadağan sentyabr ayında qüvvəyə minəcək və təxminən 30 küçəyə təsir edəcək. Velosipedçilər bu küçələrdə “at”larından düşüb piyada gəzməli olacaqlar.
Qərar yerli sakinlər və siyasətçilər arasında qəzəbə səbəb olub və onlar meri şəxsi qisas almaqda günahlandırıblar. Fəallar qadağanın qaldırılması üçün imza toplamağa başlayıblar. Velosipedçilər sentyabrın ortalarında etiraz olaraq velosipedlərini təyin olunmuş küçələrdə sürməyi planlaşdırırlar.
Mer iyun ayında administrasiya binasının yaxınlığında naməlum velosipedçi tərəfindən vurulduqdan sonra belə bir qadağanı tətbiq etmək qərarına gəldiyini inkar etməyib.
"İnsanlar öz təcrübələrinə əsaslanaraq hərəkət edirlər və mən bu canavarlardan biri tərəfindən vurulmağın necə olduğunu bilirəm", - deyə Rapineze bildirib. O, qadağanın ictimai təhlükəsizlik üçün, xüsusən də turistlərin sıx olduğu ərazidə zəruri olduğunu iddia edib.
Bu tədbir bütün növ velosipedlərə şamil olunur, çünki İtaliya yol hərəkəti qaydaları elektrikli və adi velosipedlər arasında heç bir fərq qoymur. Komonun mərkəzində elektrikli skuterlərin icarəsi 2022-ci ildə qadağan edilib.
Tənqidçilər qadağan olunmuş küçələrin bəzilərinin geniş olduğunu və Komo gölünə rahat giriş təmin etdiyini bildiririrlər. Onlar qeyd edirlər ki, qadağan sakinləri ekoloji cəhətdən təmiz və əlverişli nəqliyyat növündən məhrum edir. Çatdırılma kuryerləri və onlardan asılı olan mağaza sahibləri xüsusilə ağır zərbə alacaqlar.
Komo tarixi mərkəzində velosiped hərəkətini məhdudlaşdıran ilk İtaliya şəhəri deyil. Palermoda 2023-cü ildən bəri bəzi mərkəzi küçələrin bəzi yerlərində velosipedlər qadağan edilib.
Fransanın paytaxtı Parisdə elektrikli skuterlərin icarəsi 2023-cü ildən bəri qadağan edilib. Şəhər hakimiyyəti həmçinin skuter sahibləri üçün təhlükəsizlik tələblərini sərtləşdirib.
Musavat.com
23 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ